Azərbaycan, Bakı, 4 may /Trend, müxbir Y.Kosolapova/
Qazaxıstanın xarici siyasətinin vacib aspektlərindən biri Azərbaycan ilə hərbi əməkdaşlıqdır. Trend-in məlumatına görə, bu barədə cümə günü Qazaxıstanın Silahlı Qüvvələr Gününə həsr edilmiş tədbirdə bu ölkənin Bakıdakı səfirliyinin hərbi attaşesi Marat Batalov bildirib.
Onun sözlərinə görə, bu il Azərbaycanın Ali Hərbi Dənizçilik Məktəbində təhsil alan qazax kursantların ilk buraxılışı olacaq.
2012-ci il mayın 7-də müstəqil Qazaxıstanın Silahlı Qüvvələri 20 illik yubileyini qeyd edir.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev mayın 3-də hökumətə "Qazaxıstan Respublikasının bayramları haqqında" qanuna dəyişiklik etmək barədə tapşırıq verib. Tapşırığa əsasən, mayın 7-si dövlət bayramı - Vətənin Müdafiəsi Günü elan edilir.