...

Azərbaycanda müxalifət partiyalarının birləşməsi təklifi artıq qüvvədən düşüb

Siyasət Materials 10 May 2012 16:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri müxalifət partiyalarına birliklə bağlı göndərdiyi təklifin artıq qüvvədən düşdüyünü bildirib.

ADP sədri Sərdar Cəlaloğlu cümə axşamı Trend-ə açıqlamasında bildirib ki, Musavat və AXCP demək olar ki, birdəfəlik bu təklifi rədd ediblər.

Qeyd edək ki, bir müddət əvvəl müxalif ADP və Ümid partiyalarının birləşdiyi "Qarabağ" siyasi bloku müxalifət partiyalarına birliklə bağlı məktub ünvanlamışdı. Məktubda müxalifətin birləşməsinin vacibliyi vurğulanmışdı.

"Mən artıq o məsələni gündəmdən çıxartmışam. Əgər tərəflərdən biri "yox" deyirsə, digər tərəflərin artıq "hə" deməsinin mənası yoxdur. Yəni yenə müxalifətin yarımçıq bir mərkəzinin yaradılması məsələsi ortalığa çıxır. Ona görə də indiki vəziyyətin saxlanması daha məqsədəuyğundur", - partiya sədri qeyd edib.

Müxalifətin yeni "beşlik" formatı çərçivəsində görüşlərin keçirilməsinə toxunan Cəlaloğlu o qədər də aktivliyin olmadığını deyib.

"Bizim əvvəlki razılığımız olub ki, vacib məsələlər olanda bu beş partiyanın birinin təşəbbüsü ilə görüş keçirək. Hələlik heç bir partiyadan təşəbbüs gəlməyib. Mən özüm də ortalıqda müzakirə olunmalı aktual məsələ görmədiyimdən hələlik belə bir təşəbbüs ilə çıxış etməmişəm", - partiya sədri bildirib.

"Beşliy"ə hər hansı bir formatın veriləcəyini düşünməyən Cəlaloğlu qeyd edib ki, əslində, bu beşlik bu gün müxalifətə və cəmiyyətə lazım olan ideyanı ifadə etmir.

Qeyd edək ki, müxalifət partiyaları yeni formatda görüşlərə başlayıb. "Beşlik" formatında keçirilən görüşdə ADP sədri Sərdar Cəlaloğlu, Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, KXCP sədri Mirmahmud Mirəlioğlu və AMİP sədri Yusif Bağırzadə təmsil olunur. Bu cür görüşlərin ayda ən azı iki dəfə keçirilməsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti