Azərbaycan, Bakı, 11 may /Trend, müxbir E.Mehdiyev/
Sudan Azərbaycanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı haqlı mövqeyinin dəstəkləyir. Bunu Azərbaycan xarici işlər Naziri Elmar Məmmədyarovla görüşündə Azərbaycanda rəsmi səfərdə olan Sudanın xarici işlər naziri Əli Əhməd Kartini deyib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Kartini ölkələrimiz arasında tarixi əlaqələrin mövcudluğundan söhbət açaraq, ikitərəfli əlaqələrin hazırkı durumundan məmnunluq ifadə edib və iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Sudanlı nazir, həmçinin Azərbaycan Respublikasının 2012-2013-cü illər üçün BMT TŞ-yə qeyri-daimi üzv seçilməsi münasibətilə Məmmədyarova səmimi təbriklərini çatdırıb.
Öz növbəsində, Məmmədyarov sudanlı həmkarına bu dəstəyə görə öz dərin təşəkkürünü bildirib, Azərbaycanın BMT TŞ-yə qeyri-daimi üzvlüyü ilə əlaqədar bu quruma sədrlik edəcəyi müddət ərzində ölkəmizin ədalət prinsipinə üstünlük verəcəyini qonağın diqqətinə çatdırıb.
Görüş zamanı nazirlər arasında regionda baş verən proseslər, ölkələr arasındakı ikitərəfli münasibətlər və müxtəlif sahələrdə əməkdaşlıq perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.