Azərbaycan, Bakı, 11 may /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Müslüm Maqomayevin 70 illik yubileyi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təklifləri nəzərə alınmaqla, Müslüm Maqomayevin 70 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
2012-ci ilin avqust ayında görkəmli müğənni və bəstəkar, SSRİ xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayevin anadan olmasının 70 illiyi tamam olur.
Müasir Azərbaycan musiqi mədəniyyətinin zənginləşməsində Müslüm Maqomayevin müstəsna xidmətləri var. Qeyri-adi istedada malik sənətkar vokal ifaçılığının qızıl fondunu təşkil edən misilsiz opera sənəti inciləri yaradıb. Müslüm Maqomayev ötən əsrin 70-ci illərində sovet estradasının yeni simasının formalaşmasında böyük rol oynayıb.