...

Prezident İlham Əliyev Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsində yeni salınmış parkın açılışında iştirak edib (FOTO)

Siyasət Materials 11 May 2012 20:01 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsində yeni salınmış parkın açılışında iştirak edib.
Prezident İlham Əliyev Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsində yeni salınmış parkın açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 11 may /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsində yeni salınmış parkın açılışında iştirak edib. Dövlətimizin başçısı ərazinin əvvəlki və hazırkı görkəmini əks etdirən fotolara baxdı.

Parkın ərazisi əvvəllər ekoloji cəhətdən yararsız vəziyyətdə olub. Burada qrunt sularının səthə çıxması nəticəsində bataqlıq əmələ gəlmişdi. 2006-cı ildə Prezident İlham Əliyev həmin əraziyə gələrək gölün qurudulması barədə tapşırıq vermişdi. Göl qurudulduqdan sonra dövlətimizin başçısının tapşırıqlarına əsasən, bu ərazidə park salınıb. İndi bu ərazi nəinki Suraxanı rayonunun, eləcə də paytaxtımızın ən gözəl parklarından biridir. Bülbülə qəsəbəsi ərazisində salınmış bu istirahət guşəsində sakinlərin və qonaqların istirahəti üçün bütün lazımi şərait yaradılıb.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Prezidentinə məlumat verdi ki, parkın salınmasına 2011-ci ilin sonunda başlanılıb. Bu, Suraxanı rayonu ərazisində sayca beşinci parkdır. Bülbülə qəsəbəsinin sakinləri bu parkda mənalı istirahət edə biləcəklər. Parkın ümumi sahəsi 17 min 538 kvadratmetrdir. Burada geniş abadlıq-quruculuq işləri yüksək zövqlə həyata keçirilib, yaşıllıq sahələri salınıb. Yerli şəraitə uyğun 500-dən artıq müxtəlif ağac və gül kolları əkilib. Parkda uşaqlar üçün 568 kvadratmetrlik əyləncə meydançası yaradılıb, müxtəlif attraksionlar quraşdırılıb. Parkın işıqlandırma sistemi də müasirliyi ilə diqqəti cəlb edir.

Prezident İlham Əliyevin imzaladığı "Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası nəticəsində bu gün paytaxtımızın görkəmi dəyişir və bütün işlər yüksək keyfiyyətlə aparılır. Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsində salınmış yeni park Bakının simasını daha da gözəlləşdirməklə bərabər əhalinin istirahəti üçün sevimli məkanlardan biri olacaq.

Xəbər lenti

Xəbər lenti