...

Dünya azərbaycanlıları İranın antiazərbaycan siyasətinə qarşı kütləvi aksiyalar keçirəcəklər

Siyasət Materials 18 May 2012 18:18 (UTC +04:00)
Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar İranın Azərbaycan Respublikasının daxili işlərinə qarışmasına etiraz əlaməti olaraq kütləvi aksiyalar keçirəcəklər.
Dünya azərbaycanlıları İranın antiazərbaycan siyasətinə qarşı kütləvi aksiyalar keçirəcəklər

Azərbaycan, Bakı, 18 may /Trend/

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar İranın Azərbaycan Respublikasının daxili işlərinə qarışmasına etiraz əlaməti olaraq kütləvi aksiyalar keçirəcəklər.

Mayın 19-da Almaniya və Danimarkada yaşayan soydaşlarımız İranın Berlin və Kopenhagendəki səfirliklərinin qarşısında kütləvi etiraz aksiyası keçirərək Tehranın antiazərbaycan siyasətinə, Bakıda keçiriləcək "Eurovision" beynəlxalq mahnı müsabiqəsi ilə bağlı Azərbaycanın Təbrizdəki Baş konsulluğu qarşısında təşkil olunan sifarişli piketə etirazlarını bildirəcəklər.

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Trend-ə bildiriblər ki, analoji xarakterli aksiyalar mayın 20-də Haaqada Niderland parlamentinin önündə, Stokholmda İranın İsveçdəki səfirliyi önündə, İtaliyanın Latsio şəhərinin mərkəzində, Fransanın paytaxtı Parisin mərkəzində, Böyük Britaniyanın paytaxtı Londonun mərkəzində, Vaşinqtonda Pakistanın ABŞ-dakı səfirliyi qarşısında (ABŞ-da İranın maraqlarını Pakistan səfirliyi təmsil edir) və Kanadanın Toronto şəhərində də keçiriləcək. Bu aksiyalarda soydaşlarımız İranın müxtəlif dairələrinin Azərbaycana qarşı çıxışlarının dayandırılmasını tələb etməklə yanaşı, həmçinin diqqəti həmin ölkədə yaşayan 35 milyon azərbaycanlının insan haqları və azadlıqlarının kobud surətdə pozulmasına yönəldəcəklər.

Mayın 27-də daha bir aksiya Böyük Britaniyanın Mançester şəhərinin mərkəzində keçiriləcək. Burada yaşayan yüzlərlə azərbaycanlı İranın antiazərbaycan siyasətini qınayacaq, Azərbaycanda keçirilən "Eurovision" mahnı müsabiqəsi ilə bağlı İranda təşkil olunan Azərbaycan əleyhinə aksiyaların və çıxışların, eləcə də Tehranın Azərbaycanın daxili işlərinə qarışmasının dayandırılmasını tələb edəcəklər.

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların keçirəcəkləri aksiyalarda məqsəd İranı antiazərbaycan siyasətindən çəkindirmək, bu ölkədə yaşayan 35 milyon azərbaycanlıya qarşı diskriminasiya siyasətinin dayandırılmasıdır.

Xəbər lenti

Xəbər lenti