...

Azərbaycan deputatı AŞPA-nın komitəsində məruzə ilə çıxış edəcək

Siyasət Materials 18 May 2012 18:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may /Trend/

Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü deputat Rafael Hüseynov qurumun Hüquqi işlər və insan haqları Komitəsinin iclasında iştirak etmək üçün mayın 20-dən 22-dək Fransanın paytaxtı Parisdə səfərdə olacaq.

Trend Milli Məclisin rəsmi saytına istinadən məlumat verir ki, Avropa Şurası Parlament Assambleyasının həmin komitəsində üzv ölkələrdə hüquq müdafiəçilərinin vəziyyəti, siyasi motivli cinayətə görə məsuliyyətin digər cinayətlərdən fərqləndirilməsi, insan haqları və ailə məhkəmələri mövzularında məruzələr dinləniləcək. İclasda siyasi məhbuslar məsələsinə yenidən baxılacaq.

Daha sonra Hüseynov AŞPA-nın Mədəniyyət, elm və təhsil Komitəsinin iclasına qatılmaq üçün mayın 28-də Rumıniyanın paytaxtı Buxarest şəhərinə səfər edəcək.

Milli Məclisin deputatı Rafael Hüseynov həmin iclasda "Avropada ali təhsil məkanının möhkəmlənməsi və beynəlxalq şəffaflıq" mövzusunda məruzə edəcək. Sonra məruzə ətrafında müzakirələr aparılacaq.

Mədəniyyət, elm və təhsil Komitəsinin iclasında Avropada ali təhsil müəssisələrinin idarəçiliyi, həmçinin Avropada mədəniyyət və mədəni irs məsələlərinə diqqət yetiriləcək. Mədəniyyət, media, təhsil, elm, gənclər və idmanla bağlı fikir mübadiləsi aparılacaq.

Deputatımız AŞPA-nın hər iki komitəsində müzakirəyə çıxarılan məsələlərə Azərbaycanın maraqları baxımından mövqe bildirəcək.

Bundan başqa, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, parlamentin AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva mayın 21-dən 23-dək Fransada səfərdə olacaq. Deputatımız AŞPA-nın Sosial işlər, sağlamlıq və davamlı inkişaf Komitəsinin Parisdə keçiriləcək iclasında iştirak edəcək.

Tədbirdə uşaqlara qarşı zorakılıqla mübarizə, dünyada baş verən maliyyə böhranının nəticələri, sağlamlığın təminatı üçün bərabər imkanların yaradılması, ətraf mühitin mühafizəsi və digər məsələlər müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti