Azərbaycan, Bakı, 29 may /Trend, müxbir E.Mehdiyev/
Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) yanvar ayından başlamış ölkə üzrə vahid seçicilər siyahısının yenidən tərtib edilməsi prosesinə yekun vurmaq üzrədir.
MSK-nın mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, ölkə üzrə seçici siyahılarının yenidən tərtib edilməsi prosesinə mayın 30-da MSK tərəfindən yekun vurulacaq.
Bundan sonra vahid seçicilər siyahısı rəsmi sənəd statusu alacaq və Komissiyanın rəsmi internet səhifəsində yerləşdirilərək ictimailəşdiriləcək.
Hər il olduğu kimi, seçicilərin daimi siyahısı yanvar ayından başlayaraq məntəqə seçki komissiyaları tərəfindən müvafiq seçki məntəqələri üzrə yenidən tərtib edilərək fevralın 5-dək dairə seçki komissiyalarına verilib.
DSK-lar isə martın 5-dək seçki dairələri üzrə seçici siyahılarını tərtib edərək aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təhvil veriblər. Aprelin 5-dən etibarən isə Azərbaycan Respublikası üzrə seçicilərin siyahısı Mərkəzi Seçki Komissiyası tərəfindən dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə yenidən tərtib edilib.
Mayın 30-da MSK-nın bu prosesin yekunlaşmasına həsr olunmuş iclası keçiriləcək. Kütləvi informasiya vasitələrinin nümayəndələri, beynəlxalq qurumların və xarici ölkələrin respublikamızdakı təmsilçiləri tədbirdə iştirak edəcəklər.