Azərbaycan, Bakı, 30 may /Trend/
Mayın 30-da Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Kəngərli rayonuna gəlib.
Dövlətimizin başçısı rayonun mərkəzində ulu öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında ümummilli liderin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoydu.
Prezident İlham Əliyev burada Kəngərli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Kəngərli rayon sakinləri adından çıxış edən Qarabağlar kənd 2 nömrəli orta məktəbin müəlliməsi Minurə Bayramova dövlətimizin başçısına minnətdarlığını çatdırdı.
Sonra Azərbaycan Prezidenti parkın ərazisində inşa olunmuş Kəngərli rayon mədəniyyət evinin açılışını bildirən lenti kəsdi.
Bildirildi ki, mədəniyyət evinin binası müasir görkəmi ilə diqqəti cəlb edir. Sahəsi 1743 kvadratmetr olan ikimərtəbəli binanın inşası zamanı milli ornamentlərdən də geniş istifadə olunmuşdur. Son illərdə Azərbaycanda mədəniyyətin inkişafı və təbliği ilə bağlı həm ölkə rəhbərliyi, həm də Heydər Əliyev Fondu tərəfindən mühüm tədbirlər həyata keçirilir. Kəngərli rayon mədəniyyət evinin inşası da mədəni irsimizin inkişafı istiqamətində bölgələrdə də xeyli işin görülməsini təsdiq edir.
Dövlətimizin başçısı binada yaradılmış şəraitlə yaxından tanış oldu. İkimərtəbəli binanın foyesində Prezident İlham Əliyevin 2010-cu ilin oktyabrında Kəngərli rayonuna səfəri ilə bağlı fotoşəkillərdən ibarət guşə yaradılıb. Birinci mərtəbədə inzibati otaqlarla yanaşı, 286 yerlik tamaşa zalı var. Burada müasir işıqlandırma sistemi və işıq effektləri yaradan xüsusi sistem quraşdırılıb. Binanın ikinci mərtəbəsində 6 inzibati otaq fəaliyyət göstərir. Bundan əlavə, binada dekorasiya otağı və istirahət guşəsi yaradılıb. Mədəniyyət evinin binası müasir havalandırma sistemi ilə təchiz olunub.
Daha sonra Azərbaycan Prezidenti ulu öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında yaradılan şəraitlə tanış oldu. Məlumat verildi ki, 5 hektar ərazini əhatə edən parkda əhalinin mənalı istirahəti üçün hər cür şərait yaradılıb, yaşıllıqlar salınıb, dekorativ ağac və gül kolları əkilib. Burada fəvvarə, müasir dizaynda oturacaqlar quraşdırılmış və istirahət guşələri, uşaq oyun parkı inşa edilib. Maraqlı attraksionlar, əyləncəli oyunlar uşaqların istirahətinin ən yüksək səviyyədə təşkilinə imkan verir. Parkda müasir işıqlandırma və suvarma sistemləri yaradılıb. Rayonun mərkəzindəki parkın ətrafında əhaliyə xidmət edən bir sıra dövlət strukturlarının inzibati binaları və iaşə obyektləri də yerləşir.
Dövlətimizin başçısı Kəngərli rayon ictimaiyyətinin nümayəndələri ilə xatirə şəkli çəkdirdi.