...

İlham Əliyev Uşaq Musiqi Məktəbinin açılışında iştirak edib, Culfa sərhəd komendantlığında və sərhəd zastavasında aparılan yenidənqurma işləri ilə tanış olub (FOTO)

Siyasət Materials 30 May 2012 19:02 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev mayın 30-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Culfa şəhərində Uşaq Musiqi Məktəbinin açılışında iştirak edib.
İlham Əliyev Uşaq Musiqi Məktəbinin açılışında iştirak edib, Culfa sərhəd komendantlığında və sərhəd zastavasında aparılan yenidənqurma işləri ilə tanış olub (FOTO)

Azərbaycan, Bakı, 30 may /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev mayın 30-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Culfa şəhərində Uşaq Musiqi Məktəbinin açılışında iştirak edib.

Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, son illərdə Azərbaycan mədəniyyəti dünya miqyasında yüksək səviyyədə təbliğ edilir. Bu gün paytaxt Bakı da daxil olmaqla, regionlarda müşahidə olunan inkişaf gənc nəslin də mənəvi tərəqqisinə geniş imkanlar açır. Hazırda ölkəmizdə bu istiqamətdə bir sıra tədbirlər reallaşdırılır. Culfada istifadəyə verilən Uşaq Musiqi Məktəbi də məhz bu məqsədə xidmət edir.

Bildirildi ki, 2010-2011-ci tədris ilində məktəbin 6 şagirdi ali və orta ixtisas musiqi məktəblərinə qəbul olunub. Onlardan ikisi hazırda Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsində, dördü isə Naxçıvan Musiqi Kollecində təhsil alır.

Məktəbin binası ilə tanışlıq zamanı diqqətə çatdırıldı ki, yeni inşa olunan dördmərtəbəli musiqi məktəbində 52 sinif otağı və 8 yardımçı otaq var. Məktəbin kitabxana fondu da zəngindir. Burada 1600 tədris vəsaiti və musiqi ədəbiyyatı toplanıb. Musiqi məktəbində 285 şagirdin təhsili ilə 64 müəllim məşğul olur. Məktəbdə üç şöbə - xalq çalğı alətləri, fortepiano və nəzəri fənlər şöbələri fəaliyyət göstərir. Burada doqquz ixtisas - tar, kamança, nağara, fortepiano, skripka, qarmon, klarnet, balaban, xanəndəlik üzrə dərslər keçilir. Müasir inventar və avadanlıqla təchiz edilmiş məktəbdə 20 pianino və bir royal var.

Prezident İlham Əliyev məktəb şagirdlərinin ifasını dinlədi.

Dövlətimizin başçısı Uşaq Musiqi Məktəbinə fortepiano hədiyyə etdi.

Məktəbin şagirdləri və müəllimləri Azərbaycan Prezidenti ilə xatirə şəkli çəkdirdilər.

Azərbaycan Prezidenti İlham Əliyev mayın 30-da Culfa sərhəd komendantlığında və sərhəd zastavasında aparılan yenidənqurma işləri ilə tanış olub.

Naxçıvan Sərhəd Diviziyasının rəisi, general-mayor Asəf Quliyev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı Culfa sərhəd komendantlığı və zastava kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, sərhəd komendantlığı dörd binadan - qərargah, yardımçı, texniki və yaşayış binalarından ibarətdir. İkimərtəbəli qərargah binasında komendantlığın fəaliyyəti üçün hər cür şərait var. Burada müxtəlif sinif otaqları yaradılmış, əyani vəsaitlərlə təchiz olunub.

Azərbaycan Prezidenti əsgər yataqxanasında yaradılmış şəraitlə tanış oldu. Bildirildi ki, şəxsi heyətin istirahətinin və asudə vaxtının yüksək səviyyədə təşkil olunması üçün yataqxanada bütün tələblər nəzərə alınıb. Bundan əlavə, ərazidə hamamxana, ərzaq məhsulları anbarı və xüsusi geyim əşyaları üçün otaq da yaradılıb. Şəxsi heyətin yeməkxanası da müasir tələblər səviyyəsində qurulub.

Qeyd edildi ki, Ali Baş Komandanın diqqət və qayğısı ilə əhatə olunan Dövlət Sərhəd Xidməti şəxsi heyətinin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı mütəmadi tədbirlər həyata keçirilir. Bu, Culfa sərhəd zastavasının da fəaliyyətində hiss olunur. Zastavanın ərazisində zabit ailələri üçün iki yaşayış binası tikilib. Binalardan biri üçmərtəbəlidir. Burada 18 mənzil vardır. Mebel və digər zəruri məişət avadanlığı ilə təchiz olunmuş mənzillərdən altısı üçotaqlı, altısı ikiotaqlı, altısı isə birotaqlıdır. Digər yaşayış binası isə ikimərtəbəli və səkkiz mənzillidir.

Ərazi ilə yaxından tanış olan dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, sərhəd komendantlığının və zastavanın maddi-texniki təchizatı yüksək səviyyədədir. Sərhəd komendantlığının ərazisində nizami keçid meydanı və idman şəhərciyi, uşaqlar üçün əyləncə meydançası da salınıb.

Komendantlığın və sərhəd zastavasının ərazisi abadlaşdırılıb, dekorativ güllər və ağaclar əkilib.

Prezident İlham Əliyev yaradılmış şəraiti yüksək qiymətləndirdi, şəxsi heyətə uğurlar arzuladı.

Xəbər lenti

Xəbər lenti