...

"Şimal bölüşdürücü şəbəkəsi"nin mühüm əhəmiyyəti

Siyasət Materials 18 İyun 2012 15:15 (UTC +04:00)
ABŞ rəsmiləri 2014-cü ildə Əfqanıstandan qoşunların çıxarılması üçün "Şimal bölüşdürücü şəbəkəsi"nin (ŞBŞ) əks istiqamətdə bu marşrutdan istifadəsi üçün şəbəkəyə daxil olan iştirakçı dövlətlərin hökumət nümayəndələri ilə danışıqlar aparırlar.
"Şimal bölüşdürücü şəbəkəsi"nin mühüm əhəmiyyəti

Arzu Nağıyev - Trend-in icmalçısı

ABŞ rəsmiləri 2014-cü ildə Əfqanıstandan qoşunların çıxarılması üçün "Şimal bölüşdürücü şəbəkəsi"nin (ŞBŞ) əks istiqamətdə bu marşrutdan istifadəsi üçün şəbəkəyə daxil olan iştirakçı dövlətlərin hökumət nümayəndələri ilə danışıqlar aparırlar.

ŞBŞ bir neçə marşrutdan ibarətdir və Avropadan gələn hərbi yüklərin Mərkəzi Asiyadan keçərək Əfqanıstana çatdırılması üçün nəzərdə tutulub.

Şəbəkə ilkin mərhələdə Əfqanıstandakı ABŞ və NATO qoşunlarının təchizatı üçün yaradılmış və yalnız bir istiqamətdə fəaliyyət göstərəcəyi nəzərdə tutulmuşdu. Bu şəbəkəyə daxil olan bir neçə marşrutun yaradılması əsasən Pakistandakı qeyri-stabil vəziyyətlə bağlı idi.

İlk marşrut Cənubi Qafqaz və Mərkəzi Asiyadan keçən və əsasən dəmiryoldan istifadə ediləndir. Sonradan İraq və Türkiyədən gələn, Qafqaz və Mərkəzi Asiyadan keçərək Əfqanıstana gedən marşrut yaradıldı. Üçüncu marşrut isə Baltik dənizinin limanlarından başlayaraq (Tallin, Riqa, Klaypeda) Belarus, Rusiya və Mərkəzi Asiya vasitəsilə Əfqanıstana gedəndir. Didər bir marşrut da Vladivostokdan, Rusiyanın Sakit okean sahillərindən başlayır, Sibir və Qazaxıstan, Mərkəzi Asiyanın ərazilərindən keçərək Əfqanıstana gedir. Bundan əlavə, Almaniyadan Bişkekə yük maşınları vasitəsilə çatdırılan çoxsaylı yüklər sonradan Tacikistanın cənubundan Əfqanıstana aparılırdı.

ŞBŞ-ə NATO üzvü olan dövlətlərlə birgə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Rusiya, Tacikistan və Özbəkistan daxildir.

Şəbəkəyə üzv olan dövlətlərin imzaladığı razılaşmaya əsasən, bu ölkələrin ərazisindən silah və ya digər öldürücü avadanlıqların daşınması qadağan edilir, zirehli texnikanın daşınmasına isə yalnız bütün silahların sökülüb çıxarılması şərti ilə icazə verilir.

Hazırda NATO Əfqanıstandan hərbi texnikanın çıxarılması üçün Qazaxıstan, Özbəkistan və Qırğızıstan ilə onların ərazilərindən istifadə etməyə dair razılıq əldə edib.

Pakistanın öz ərazisindən istifadəyə icazə vermədiyi üçün ŞBŞ-dən istifadə etməklə hərbi texnikanın çıxarılmasına ABŞ ayda 100 milyon dollar vəsait itirir. Səbəb isə son vaxtlar "əl-Qaidə" ilə mübarizə məqsədilə NATO-nun pilotsuz təyyarələrinin istifadə edilməsi vaxtı dinc əhali arasında itkilərlə bağlı ABŞ və Pakistan arasında olan narazılıqdır. İslamabad keçən ilin noyabrında 20 sərhədçinin ölümü ilə bağlı Vaşinqtonun üzr istəməsini tələb edir. ABŞ isə öz növbəsində, tranzit yolunu açmazsa, Əfqanıstan və Pakistan ərazilərində fəaliyyət göstərən "Haqqani Şəbəkəsi" ("Haggani Network") adlanan terror qrupunu dəstəkləməkdə davam edərsə, Usama bin Ladenin yerinin müəyyənləşdirilməsində ABŞ kəşfiyyat orqanlarına kömək göstərmiş, xəyanət ittihamı ilə 33 il həbs cəzasına məhkum olunmuş pakistanlı həkim Şakeel Afridi azadlığa buraxılmazsa 2013-cü ildə Pakistana nəzərdə tutulmuş 1 milyard dollar yardımdan imtina etmək niyyətindədir.

Vaxt isə gedir və məlumdur ki, qoyulan şərtlərin həyata keçirilməsi çətin və ağrılı prosesdir. Deməli, vaxt daraldıqca "Şimal bölüşdürücü şəbəkəsi"nin əhəmiyyəti də artmaqda davam edir.

Xəbər lenti

Xəbər lenti