...

Prezident İlham Əliyev: Əminəm ki, London Yay Olimpiya Oyunları Azərbaycan idmanının növbəti təntənəsi olacaq

Siyasət Materials 3 İyul 2012 16:01 (UTC +04:00)
Bu gün bu siyasət davam etdirilir. İdman cəmiyyətimizin ayrılmaz hissəsidir, cəmiyyətimizdə idmançılarımıza olan hörmət yüksək səviyyədədir, idmançıların məişət problemləri yüksək səviyyədə həll edilir və bütün bu amillər hər bir idman növünün inkişafına böyük təkan verir
Prezident İlham Əliyev: Əminəm ki, London Yay Olimpiya Oyunları Azərbaycan idmanının növbəti təntənəsi olacaq

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir M.Əliyev/

Bu gün biz London Yay Olimpiya və Paralimpiya oyunlarında iştirak edəcək Olimpiya və Paralimpiya komandalarımızı rəsmi qaydada yola salırıq. Bu ayın sonunda Olimpiya və Paralmpiya oyunları keçiriləcək və mən bütün idmançılarımıza uğurlar arzulayıram. Bu gün Azərbaycanda idman sürətlə və uğurla inkişaf edir. İdmanın inkişafı Azərbaycanda dövlət siyasətidir və Azərbaycan dövləti Azərbaycan idmanının inkişafı üçün konkret addımlar atır. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev çərşənbə axşamı Heydər Əliyev Mərkəzində 2012-ci il XXX London Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin yola salınması mərasimində çıxışı zamanı deyib.

"Bu gün bu siyasət davam etdirilir. İdman cəmiyyətimizin ayrılmaz hissəsidir, cəmiyyətimizdə idmançılarımıza olan hörmət yüksək səviyyədədir, idmançıların məişət problemləri yüksək səviyyədə həll edilir və bütün bu amillər hər bir idman növünün inkişafına böyük təkan verir. Eyni zamanda, gənclərdə, yeniyetmələrdə, uşaqlarda idmana olan marağı artırır. Və mən çox şadam ki, idman bölmələrinə axın kütləvi xarakter alıb. İndi idmanla məşğul olmaq üçün bütün şərait var və biz idmanın inkişafı ilə bir neçə vacib məqsədi təmin edirik. İlk növbədə, ölkəmizin idman şöhrətini yüksəklərə qaldırırıq, eyni zamanda, idmanın kütləviliyini təmin edirik. İdman infrastrukturunun tikilməsi ilə bu kütləvilik daha da geniş vüsət almışdır və idman hər bir insanın sağlamlığı üçün çox mühüm olan amildir", - İlham Əliyev deyib.

Prezident qeyd edib ki, idman insanları həm fiziki cəhətdən sağlam edir, həm də gözəl milli-mənəvi dəyərlərimizi idmançılara aşılayır.

"Bir sözlə, Azərbaycanda idmanın inkişafına dair siyasət çox uğurludur və deyə bilərəm ki, bəzi ölkələrdə bizdə olan təcrübə öyrənilir və tətbiq edilir. İdmanın inkişafını müəyyən edən bütün amillər Azərbaycanda var. İdmançılarımız beynəlxalq arenalarda ölkəmizi ləyaqətlə təmsil edirlər, hər il yüzlərlə medal qazanırlar və həm dünya, həm Avropa çempionatlarında Azərbaycanın milli bayrağı dalğalanır, Azərbaycan milli himni səslənir. Əlbəttə, hər bir Azərbaycan vətəndaşı üçün bu, böyük sevincdir, böyük fərəh hissi yaradır və mən əminəm ki, bundan sonrakı dövrdə də idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edəcəklər", - dövlət başçısı çıxışında bildirib.

İlham Əliyevin sözlərinə görə, idmanın kütləviliyinin təmin edilməsi üçün Azərbaycanda geniş tikinti-quruculuq işləri aparılır.

"Hazırda 34 regional Olimpiya mərkəzi tikilib, 8 mərkəzdə tikinti davam edir və əminəm ki, yaxın zamanlarda hər bir rayon mərkəzində müasir Olimpiya idman kompleksi açılacaq. Bu siyasəti biz 2000-ci ildən başlamışıq və son 12 il ərzində, demək olar ki, bölgələrimizin əksəriyyətində müasir Olimpiya mərkəzləri tikilib. Gənc idmançılar, uşaqlar bu imkanlardan səmərəli şəkildə istifadə edir və bizim Milli Olimpiya komandamızın tərkibində olan idmançıların bəziləri də məhz son illər ərzində tikilmiş Olimpiya komplekslərində öz idman fəaliyyətini başlamışlar. Yenə də qeyd etmək istəyirəm ki, bu, həm idmanın kütləviliyini təmin edir, eyni zamanda gənc idmançılarımızın yetişdirilməsində də çox mühüm bir vasitədir", - Prezident deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda idmanın inkişaf dinamikası da çox müsbətdir, yeni gənc nəsil yetişir və Olimpiya komandamızın tərkibində olan idmançıların böyük əksəriyyəti ilk dəfə olaraq Olimpiya Oyunlarında iştirak edəcəklər.

"Bu, onu göstərir ki, idman ardıcıllıqla inkişaf edir, idmanda nəsillər dəyişir və gənclər də çempionların yerlərini tuturlar. Gənclərin idmana olan marağı xüsusilə böyük əhəmiyyətə malikdir. Və bu maraq eyni zamanda beynəlxalq yarışların nəticələrində də özünü göstərir. Gənclər arasında keçirilən Olimpiya Oyunlarında Azərbaycanın gənc idmançıları böyük uğurlar qazanmışlar və komanda hesabında 32-ci yeri tutmuşlar. Bu, onu göstərir ki, idman Azərbaycanda ardıcıl şəkildə inkişaf edir, gənclər idmana böyük maraq göstərir və beləliklə, bundan sonra da gənc, istedadlı idman nəsli yetişdikcə biz uğurlarımızı davamlı edəcəyik", - Prezident bildirib.

İlham Əliyev deyib ki, idman hər bir insan üçün gündəlik həyat tərzi olmalıdır.

"Hər bir vətəndaşa idmanla məşğul olmağı tövsiyə edirəm. İdmanın çox böyük xeyri var - idman insanı fiziki cəhətdən möhkəm edir, idmançılar, xüsusilə də Azərbaycan idmançıları böyük mənəvi dəyərlərə malikdirlər və təsadüfi deyil ki, Azərbaycan cəmiyyətində idmançılara çox böyük hörmət var. bizim idmançılarımız bu hörməti həm öz qələbələri ilə, həm də cəmiyyətdə olan fəaliyyətləri ilə qazanıblar. Azərbaycan nisbətən gənc müstəqil dövlətdir, bizim müstəqilliyimizin cəmi 20 yaşı var. Ancaq bütün sahələrdə olduğu kimi, idman sahəsində də böyük uğurlar qazana bilib və bu gün dünyada Azərbaycan idman dövləti kimi tanınır, beynəlxalq idman ailəsində layiqli yer tuta bilmişik və bu gün Azərbaycan idmançıları hər bir rəqib üçün çox ciddi sınaqdır", - dövlət başçısı bildirib.

Prezidentin sözlərinə görə, idman ölkəsi adını qazanmaq asan məsələ deyil.

"Biz öz əməyimizlə, idmançılarımızın zəhməti ilə, məşqçilərin əməyi ilə bu adı qazanmışıq. Və eyni zamanda, Azərbaycanda idmanda idarəçilik sistemi də mükəmməldir. Mən şəxsən onun şahidiyəm ki, bir çox ölkələrdə Azərbaycandakı təcrübə öyrənilib. Çünki bəzi hallarda idman federasiyaları arasında, cəmiyyətdə və klublar arasında, Milli Olimpiya Komitəsi və nazirliklər arasında ziddiyyətlər olur. Azərbaycanda isə bütün idman qurumları vahid komanda şəklində fəaliyyət göstərir - Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri və klublar. Çünki bizim məqsədimiz ondan ibarətdir ki, ölkədə idmanı inkişaf etdirək və Azərbaycanın uğurlarını təmin edək. Bu idarəçilik sistemi bugünkü nəticələrə gətirib çıxarıb", - dövlət başçısı qeyd edib.

İlham Əliyevin sözlərinə görə, düşünülmüş, məqsədyönlü proqramlar əsasında qurulan fəaliyyət öz gözəl nəticələrini verməkdədir.

"Əgər biz öz idmançılarımızın beynəlxalq yarışlarda və olimpiya oyunlarında çıxışlarının dinamikasına nəzər salsaq, görərik ki, ildən-ilə uğurlarımızın sayı artır. Hər il idmançılarımız həm olimpiya idman növləri üzrə, həm də qeyri-olimpiya idman növləri üzrə yüzlərlə medal qazanırlar. Onu da qeyd etmək istəyirəm ki, biz bəzi başqa ölkələrdə olduğu kimi, burada da heç bir fərq qoymuruq, ayrı-seçkilik etmirik. Mənim üçün həm ölkə Prezidenti, həm də Milli Olimpiya Komitəsinin prezidenti kimi, olimpiya və qeyri-olimpiya idman növləri arasında heç bir fərq yoxdur. Bütün idmançılarımız Azərbaycan idmançılarıdır və onlar bütün yarışlarda Azərbaycanı təmsil edirlər və çalışırlar ki, qələbə qazansınlar. Ona görə də Azərbaycanda həm olimpiya, həm də qeyri-olimpiya idman növlərinin inkişafı üçün çox gözəl şərait var. Federasiyalar möhkəmlənir, federasiyalara gələn rəhbər işçilər öz vəzifə borclarını yerinə yetirirlər və beləliklə, hər bir federasiya konkret plan əsasında fəaliyyət göstərir. Hər bir federasiya nəticə verməlidir, o federasiyada cəmləşmiş idmançılar nəticə göstərməlidir, qələbə qazanmalıdırlar və Azərbaycanda idman belə çox şaxəli şəkildə inkişaf edir və etməlidir", - İlham Əliyev bildirib.

Prezident qeyd edib ki, dünya idman olimpiya ailəsi də Azərbaycanda gedən prosesləri çox böyük maraqla izləyir.

"Bizim beynəlxalq əlaqələrimiz də yüksək səviyyədədir və bunun nəticəsidir ki, Azərbaycanda artıq beynəlxalq yarışların, dünya və Avropa çempionatlarının keçirilməsi bir ənənəyə çevrilib. Elə ay olmur ki, Azərbaycanda hansısa mötəbər tədbir, yarış keçirilməsin. Bəzi hallarda bir həftə ərzində bir neçə idman növü üzrə yarışlar keçirilir. Bu da onu göstərir ki, Azərbaycanda yaradılmış idman infrastrukturu, idmançılara olan diqqət və xalqımızın qonaqpərvərliyi bizim üçün bu imkanları yaradır. Regional olimpiya kompleksləri ilə bərabər, Bakı şəhərində böyük olimpiya infrastrukturu yaradılır. Son illər ərzində bir neçə böyük idman-konsert zalları tikilib, onların içərisində ən böyük və möhtəşəmi "Bakı Kristal Zalı"dır. Bu zalda "Eurovision 2012" mahnı müsabiqəsi keçirilib və istənilən idman yarışları keçirilə bilər. Tofiq Bəhramov adına Respublika stadionunda aparılmış yenidənqurma və bərpa işlərindən sonra bu stadion bütün dünya standartlarına cavab verir. Yaxın günlərdə stadionun təmirdən sonra açılışını qeyd edəcəyik. Keçən il Bakıda yeni olimpiya stadionunun təməl daşı qoyulmuşdu, hazırda texniki-iqtisadi əsaslandırılma işləri aparılır, mühəndislik layihəsi hazırlanır və ümid edirəm ki, bu il olimpiya stadionunun tikintisinə başlanılacaq və bu, bölgənin ən böyük və ən müasir olimpiya stadionu olacaqdır", - dövlət başçısı deyib.

İlham Əliyev bildirib ki, yaxın zamanlarda Bakıda yeni, müasir, bütün dünya standartlarına cavab verəcək üzgüçülük kompleksinin tikintisinə başlanılacaq.

"Buna da böyük ehtiyac var. İndi demək olar ki, bütün rayonlarda üzgüçülük hovuzları var, ancaq Bakıda bu sahədə geridə qalmışıq, idmançılarımız sovet dövründən qalan hovuzlardan istifadə edirlər. Əlbəttə, bu, yaxşı hal deyil. Ona görə də yeni su saray və üzgüçülük olimpiya mərkəzinin tikintisinə böyük ehtiyac var. Gimnastika olimpiya idman zalının tikintisi başlanıb. Yəni Bakıda istənilən ən mötəbər beynəlxalq idman yarışı keçirmək üçün infrastruktur yaradılır və gələcək illərdə bu işləri daha da sürətlə aparacağıq. Bir sözlə, bütün bu amillər Azərbaycanı dünya idman xəritəsində xüsusi yerə qoyur və bizim yerimiz möhkəmdir və əminəm ki, biz bundan sonra da olimpiya hərəkatında fəal iştirak edəcəyik", - Prezident çıxışında söyləyib.

"O ki qaldı bizim müstəqillik dövründə olimpiya oyunlarında iştirakımıza, burada da müsbət dinamikanı görürük. Hər bir sahədə olduğu kimi, bu sahədə də ancaq və ancaq uğurlarımızı artırırıq. Biz 20 il ərzində böyük və uğurlu yol keçmişik. Beynəlxalq arenada möhkəm yer tutmuşuq, BMT Təhlükəsizlik Şurasında 155 ölkənin dəstəyi ilə seçilmişik, iqtisadi sahədə son illər ərzində Azərbaycandan daha uğurlu, daha sürətli inkişaf edən ikinci ölkə yoxdur. Sosial məsələlərin həllinə gəldikdə, bizim ənənəmiz nümunə kimi göstərilir, sosial ədalət prinsipləri Azərbaycanda bərqərar olub. İdman sahəsində də eyni mənzərəni görürük. Birinci dəfə müstəqil ölkə kimi Atlanta Olimpiya Oyunlarında bir, sonra Sidneydə üç, Afinada beş, Pekində yeddi medal qazanmışıq. Yəni bu dinamika öz-özlüyündə bir göstəricidir və bu rəqəmlər bizi bir məntiqi nəticəyə gətirib çıxarır ki, London Yay Olimpiya Oyunlarında da idmançılarımızdan daha gözəl nəticə, daha çox medal gözləyirik", - dövlət başçısı deyib.

Prezident qeyd edib ki, idmanda hər şey ola bilər: qələbə də, məğlubiyyət də.

"Ancaq mən əminəm və inanıram ki, bizim idmançılarımız ölkəni ləyaqətlə təmsil edəcəklər. Bir daha demək istəyirəm ki, bunu deməyə əsas verən idmançılarımızın dünya və Avropa çempionatlarında uğurlu çıxışlarıdır. Bizim doğrudan da güclü komandamız var, komanda böyük uğurlara nail ola bilər və bu dəfə tariximizdə ilk dəfə olaraq Azərbaycan Olimpiya Oyunlarında böyük say tərkibi ilə çıxış edəcək. Çünki olimpiya hərəkatında komandasında 50-dən çox idmançıya malik olan ölkə böyük idman ölkəsi kimi tanınır. Bu dəfə Olimpiya Oyunlarında iştirak edəcək idmançılarımızın sayı 53-dür və bu doğrudan da bizim idman potensialımızı bir daha göstərir. Və idmançılarımızın böyük şansları, imkanları var və bütün idmançılara yalnız uğurlar arzulayırıq və onların qələbələrini gözləyirik.

Bir məsələyə də toxunmaq istəyirəm. İdmançıların məişət problemlərinin həlli də daim diqqət mərkəzində olub, hər il 20-30 idmançıya dövlət və Milli Olimpiya Komitəsi tərəfindən mənzillər verilir. Bu praktika artıq 15 ildir ki tətbiq edilir. Biz 1997-ci ildən bu proqramı başlamışıq və istedadlı, böyük uğurlara malik olan idmançılarımızın məişət problemlərini həll edə bilmişik", - İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, bu proses bundan sonra da davam edəcək.

"İdmançıların maddi təminatı da, mükafat fondu da artmaqdadır. Bütün bunlar çox vacib amillərdir. Ancaq mən tam əminəm ki, bizim idmançılarımızın əsas təkanverici stimulu Vətən sevgisidir. Bütün başqa amillərlə yanaşı, birinci sırada dayanan Vətənə, xalqa olan bağlılıqdır. Və Azərbaycan idmançıları Olimpiya Oyunlarında, Avropa, dünya çempionatlarında medallar qazananda, Azərbaycanın dövlət himni səslənəndə hər bir vətənpərvər Azərbaycan vətəndaşı sevinir, hər bir insanın, vətənpərvər vətəndaşın ürəyi fərəhlə vurur. Və bu unudulmaz anları bizə idmançılar bəxş edir. Buna görə də biz onlara minnətdarıq, onları dəstəkləyirik və Azərbaycan idmançıları həm peşəkardır, həm də mənəvi dəyərlər baxımından nümunə ola bilərlər. Mən istəyirəm ki, gənc nəsil bu ruhda yetişsin", - Azərbaycan Prezidenti vurğulayıb.

İlham Əliyev qeyd edib ki, bizim idman qəhrəmanlarımız gənc idmançılar üçün həm idmanda, həm də həyatda nümunə olmalıdırlar.

"O ki qaldı Azərbaycan dövlətinə və mənim bu sahədəki fəaliyyətimə, mən 15 ildir ki Milli Olimpiya Komitəsinin prezidentiyəm. Ölkə Prezidenti kimi mənim çoxsaylı işlərim və çoxşaxəli funksiyalarımın olmasına baxmayaraq, Milli Olimpiya Komitəsinin prezidenti kimi də mən daima idmançılarla təmasdayam, onların problemləri ilə maraqlanıram, onların uğurlarına sevinirəm və hesab edirəm ki, bu, həm cəmiyyət üçün, həm də idmanın inkişafı üçün lazımdır. Onu da qeyd etmək istəyirəm ki, mən ölkə Prezidenti vəzifəsinə də idman aləmindən gəlmişəm - 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçilmişəm, 2003-cü ildə isə respublika Prezidenti. Yəni mən Azərbaycan rəhbərliyində, belə demək mümkündürsə, idmançıları təmsil edirəm, bundan sonra da hər bir sahəyə olduğu kimi, bu sahəyə də xüsusi diqqət göstərəcəyəm. Və təsadüfi deyil ki, 2012-ci il Azərbaycanda "İdman ili" elan edilib. Yəni bu, özlüyündə bir göstəricidir. Bu onu göstərir ki, idmana dövlət tərəfindən böyük dəstək var, idmançılara böyük qayğı var, idmançılar bizim milli sərvətimizdir və Azərbaycan idman arenalarında öz sözünü deyib, deyəcək və əminəm ki, London Yay Olimpiya Oyunları Azərbaycan idmanının növbəti təntənəsi olacaq.

Əziz dostlar, əziz idmançılar, olimpiyaçılar, paralimpiyaçılar! Sizi bu gün ürəkdən salamlayıram. Sizə uğurlar arzulayıram və bilin ki, hər bir Azərbaycan vətəndaşı kimi, mən də bu oyunları izləyəcəyəm, sizə azarkeşlik edəcəyəm və sizin qələbələrinizi gözləyəcəyəm", - Azərbaycan Prezidenti İlham Əliyev çıxışını tamamlayıb.

Xəbər lenti

Xəbər lenti