...

Meksikanın Tlakskoake meydanına “Xocalı” adı verilib (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 24 Avqust 2012 16:59 (UTC +04:00)
2012-ci il 22 avqust tarixində Mexiko şəhərində Tarixi Mərkəz adlandırılan ərazidə Tlakskoake–Xocalı Meydanının və burada ucaldılmış Xocalı soyqırımına həsr olunmuş abidənin açılış mərasimi keçirilmişdir.
Meksikanın Tlakskoake meydanına “Xocalı” adı verilib (ƏLAVƏ OLUNUB) (FOTO)

XİN-in mətbuat xidmətinin məlumatı əlavə olunub. İlk xəbər dünən saat 12:15-də yayılıb.

Azərbaycan, Bakı, 24 avqust /Trend/

2012-ci il 22 avqust tarixində Mexiko şəhərində Tarixi Mərkəz adlandırılan ərazidə Tlakskoake-Xocalı Meydanının və burada ucaldılmış Xocalı soyqırımına həsr olunmuş abidənin açılış mərasimi keçirilmişdir.

XİN-in məbuat xidmətindən Trend-ə verilən məlumata görə, təntənəli açılış mərasimində Meksikada rəsmi səfərdə olan Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.

Qeyd etmək lazımdır ki, Tlakskoake-Xocalı Meydanının yerləşdiyi Tarixi Mərkəz rayonu UNESKO-nun mühafizəsi altında olaraq Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. Tlakskoake-Xocalı Meydanında Azərbaycan Hökuməti tərəfindən təmir-bərpa işləri aparılmış, ərazidə əsaslı abadlaşdırılmışdır.

Açılış mərasimində giriş sözü ilə çıxış edən ölkəmizin Meksikadakı Səfiri İlqar Muxtarov iki il bundan öncə Mexiko şəhərinin Tarixi Mərkəz rayonunda Tlakskoake-Xocalı Meydanının təmir-bərpa işləri və burada Azərbaycan xalqının tarixində ən dəhşətli faciələrdən biri olan Xocalı soyqırımına həsr edilmiş abidənin ucaldılması üçün layihənin uğurla başa çatdığını bildirmişdir. Səfir, həmçinin Meydan ərazisində yerləşən orta əsrlərə məxsus tarixi kilsə binasının da təmir edilməsi və buraya iki Kilsə Zənginin hədiyyə edildiyini bildirmişdir.

Səfir İlqar Muxtarov qeyd etmişdir ki, Tlakskoake-Xocalı Meydanında aparılmış bütün abadlıq işləri, burada insanlar üçün istirahət məkanının yaradılması ilə yanaşı, həmçinin Azərbaycan xalqının ən ağrılı faciələrindən biri olan Xocalı soyqırımının Mexiko şəhərinin sakinləri və qonaqlarına yad etdirilməsi olmuşdur.

Səfir Xocalıda baş vermiş cinayətlər haqqında görüş iştirakçılarına məlumat verərək qeyd etmişdir ki, bu soyqırımın beynəlxalq miqyasda tanınması prosesində 2011-ci ildə Meksika Senatı və Deputatlar Palatasında Xocalı soyqırımı və Ermənistanın ölkəmizə qarşı təcavüzü məsələsi müzakirələrə qoyulmuş və müvafiq qətnamələr qəbul edilmişdir.

Açılış mərasimində, həmçinin Mexiko şəhərinin Şəhərsalma və İnkişaf Naziri Felipe Leal, Tarixi Mərkəz rayonun, habelə Meksika Katolik Kilsəsinin rəhbər nümayəndələri çıxış edərək, Azərbaycan Hökumətinə şəhər hökuməti və sakinləri adından öz minnətdarlıqlarını bildirərək, Xocalıda baş vermiş Soyqırım barədə iştirakçılara məlumat verərək, Azərbaycan torpaqlarının tezliklə işğaldan azad edilməsini və cinayətkarların öz cəzasına çatacaqlarına əminliklərini ifadə etmişlər.

Mexiko şəhərinin Şəhərsalma və İnkişaf Naziri Felipe Leal Meydanın və buradakı abidənin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan əhalisinə qarşı baş vermiş Xocalı soyqırımına həsr olunduğunu bildirərək, Mexiko şəhər hökumətinin bu addımının Azərbaycanla daha sıx əməkdaşlıq etmək niyyətlərinin göstəricisi olduğunu söyləmişdir.

Tədbirdə Azərbaycan Respublikası Baş Nazirinin müavini cənab Əli Həsənov çıxış edərək Azərbaycan xalqının və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını mərasim iştirakçılarına çatdırmışdır.

Ə.Həsənov qeyd etmişdir ki, Azərbaycan və Meksika xalqları, son 200 ildə keçdikləri tarixi yol, müstəqilliyi əldə etmək üçün apardığı mübarizə, tarixi adət-ənənələri, mədəniyyət və bir çox digər aspektlərdə ümumi dəyərləri bölüşürlər və bu da öz növbəsində iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına zəmin yaradır.

Baş Nazirin müavini cənab Ə.Həsənov, ölkəmizin Ermənistan tərəfindən təcavüzə məruz qaldığını və Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu, bunun nəticəsi kimi, 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini söyləmişdir.

Xocalıda baş vermiş soyqırımı cinayətləri barədə mərasim iştirakçılarına danışan cənab Ə.Həsənov, yüzlərlə insanın, o cümlədən qoca, uşaq və qadınların amansızcasına qətlə yetirildiyini söyləmişdir. O, bildirmişdir ki, insanlığa qarşı bu cinayət Azərbaycan xalqı üçün yaddaşdan silinməz faciədir.
Daha sonra cənab Ə.Həsənov, Xocalı faciəsinin qurbanlarını yad etdirən abidənin Azərbaycandan çox uzaqlarda - Meksika torpağında ucaldılması, Mexiko şəhərinin tarixi mərkəzində yer ayrılmasının, öz növbəsində Meksika xalqının ədalətli, sülhsevər və demokratik bir cəmiyyət olmasının bariz nümunəsi olduğunu qeyd etmiş və buna görə Meksika şəhərinin meri cənab Ebrard Kasaubona və şəhər rəhbərliyinə öz təşəkkürünü bildirmişdir.
Daha sonra, tədbirdə Mexiko şəhərinin meri cənab Marselo Ebrard çıxış etmişdir.

M.Ebrard bildirmişdir ki, Tlakskoake-Xocalı Meydanının şəhərin Tarixi Mərkəz ərazisində, bir çox digər ölkə və beynəlxalq əhəmiyyətli tarixi abidələr və muzeylərlə bir arada yerləşməsi, buranın gələcəkdə şəhərin sakinləri və qonaqlarının sevimli gəzinti yerinə çevriləcəyinə zəmin yaradır.

Tlakskoake-Xocalı Meydanının Mexiko şəhərinin ən möhtəşəm istirahət məkanı olduğunu qeyd edən mer M.Ebrard, Mexiko şəhərində ilk dəfə olaraq proqramlaşdırılmış 20 metr hündürlüyündə musiqili və rəngli fontan qurğusu yaradılmışdır.

Marselo Ebrard bildirmişdir ki, bu Meydanın yaradılması ölkələrimiz arasında qarşılıqlı hörmət və gələcəkdə daha sıx və geniş əməkdaşlıq yaratmaq niyyətlərindən xəbər verir.
Təntənəli açılış mərasimindən sonra, Tlakskoake-Xocalı Meydanında Mexiko şəhərinin simfonik orkestri tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş konsert verilmişdir.

Tədbirdə Azərbaycanın Meksikadakı Səfiri İlqar Muxtarov, Milli Məclisin üzvü Ayaz Orucov, Meksikanın Deputatlar palatasının Sədri Oskar Arse, Meksikanın Hökumət və Konqres üzvləri, Meksikada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, o cümlədən Rusiya, Gürcüstan və Ukrayna səfirləri, Meksikada yaşayan həmyerlilərimiz, habelə türk, rus və ukrayna cəmiyyətlərinin üzvləri iştirak etmişlər.

Həmçinin, Ümummilli Lider Heydər Əliyevin 1982-ci ildə Meksikaya səfəri çərçivəsində onunla görüşmüş Meksikanın yüksək rütbəli diplomatları, keçmiş Hökumət və Konqres üzvləri açılış mərasimində yaxından iştirak edərək, mətbuat nümayəndələri və görüş iştirakçıları ilə öz təəssüratları ilə bölüşmüşlər.

Xəbər lenti

Xəbər lenti