...

Ramil Səfərov və Breyvik “humanizmi”

Siyasət Materials 3 Sentyabr 2012 10:37 (UTC +04:00)
Macarıstanda həbsdə olan Azərbaycan Ordusunun zabiti Ramil Səfərov 31 avqust 2012-ci ildə Azərbaycana gətirildi və ölkə başçısının sərəncamı ilə əfv olundu
Ramil Səfərov və Breyvik “humanizmi”

Arzu Nağıyev, Trend-in icmalçısı

Macarıstanda həbsdə olan Azərbaycan Ordusunun zabiti Ramil Səfərov 31 avqust 2012-ci ildə Azərbaycana gətirildi və ölkə başçısının sərəncamı ilə əfv olundu.

Bu, Azərbaycan xalqı üçün önəmli hadisədir və bu problemin həllinə səy göstərənlərin hər biri alqışa layiqdir.

2004-cü ilin yanvar ayında Müdafiə Nazirliyinin sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunmuş, fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini qətlə yetirmiş və həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunan, Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilən, emosional vəziyyətinin nəzərə alınmaması ucbatından öz əməlinə görə kifayət qədər ciddi şəkildə cəzalanan zabitimiz həbsdə olduğu 8 il müddətində də özünü çox yaxşı aparıb, macar dilini öyrənib, kitablar tərcümə edib. Yəni, onun azad olunması tamamilə normal haldır. Bir adamın ölümünə görə təkadamlıq kamerada məhbus həyatı yaşayan və daima erməni diasporu tərəfindən ölüm təhdidinə məruz qalan cavan bir zabitin keçirdiyi hislərin nədən ibarət olduğunu ancaq özü yaxşı bilər.

Ramil Səfərovun Azərbaycana ekstradisiyası ilə bağlı erməni tərəfinin qaldırdığı hay-küyün heç bir əsası yoxdur. Macarıstan konvensiyaya qoşulan ölkələrdən biri kimi məhbusu öz ölkəsində cəza çəkmək üçün ekstradisiya edə bilər və məhbusu qəbul edən tərəf də cəzanın çəkilməsini təmin edə, yaxud cəzanı həmin ölkənin daxili hüquqi prosedurları çərçivəsində dəyişdirə bilər.

Necə olur ki, günahsız, siyasət və hərblə heç bir əlaqəsi olmayan 77 nəfəri soyuqqanlı şəkildə qətlə yetirən, özünü İslam dünyasının düşməni elan edən və bəlkə də bir müddətdən sonar əfv edilərək azad olunacaq norveçli cəllad Anders Breyvikə 21 il cəza verilərək, sanki kurorta yola salınır, 3 otaqlı apartament, internet, televizor və s. ilə təmin edilir.

Yəni, Breyvikə verilən cəzanın yüngüllüyünə bütün dünya susur, Ramil Səfərovun əfvi isə hətta super dövlətlərin belə həyəcanına səbəb olur.

Onun ekstradisiyası 2000-ci ildə Azərbaycanın da qoşulduğu "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" Avropa Konvensiyası əsasında həyata keçirilib.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Macarıstanın Dövlət İdarəetmə və Ədliyyə Nazirliyinə Ramil Səfərovun ölkəmizə verilməsinin şərtlərini əks etdirən rəsmi sorğu göndərilmiş, Macarıstandan bu sorğuya müsbət cavab alınmışdı.
Bu gün Ermənistanın işğalçılıq siyasəti nəticəsində milyonlarla azərbaycanlı öz evindən didərgin salınıb, Azərbaycan şəhidlər verib, qırğınlara, soyqırımlara məruz qalıb. Həmin qətlə yetirilmiş Qurqen Markaryan da məramı, məqsədi və əqidəsi ilə düşmən olan, dəfələrlə əli əsgərlərimizin qanına batmış, işğalçılıq siyasətini həyata keçirən ordunun zabiti idi.

Prezident tərəfindən əvf olunması münasibətilə Ramil Səfərovu təbrik edən müdafiə naziri onu mayor rütbəsi ilə təltif etdi və gələcək hərbi fəaliyyətində uğurlar arzuladı. Yəqin ki, cənab mayor özünü bir zabit kimi hələ göstərərcəkdir.

Xalqımız bu günlərdə Ramil Səfərovun ailəsinə, yaxınlarına, onu sevənlərə gözaydınlığı verir və Azərbaycanın dövlət olaraq hər bir vətəndaşının rifahı naminə çalışdığını səmimi qəlbdən hiss edir və duyur.

Xəbər lenti

Xəbər lenti