...

Prezident İlham Əliyev Bakıda yeni inşa olunan orta məktəbin və uşaq bağçasının açılışlarında iştirak edib (FOTO)

Siyasət Materials 4 Sentyabr 2012 20:24 (UTC +04:00)
Bu gün Bakının Səbail rayonunun Badamdar qəsəbəsində yeni inşa olunan 329 nömrəli tam orta məktəbin və uşaq bağçasının binaları istifadəyə verilmişdir.
Prezident İlham Əliyev Bakıda yeni inşa olunan orta məktəbin və uşaq bağçasının açılışlarında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Bu gün Bakının Səbail rayonunun Badamdar qəsəbəsində yeni inşa olunan 329 nömrəli tam orta məktəbin və uşaq bağçasının binaları istifadəyə verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimlərində iştirak etmişdir.

Prezident İlham Əliyev 2011-ci ilin aprelində Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərlə tanışlıq məqsədilə Badamdarda olarkən keçirdiyi görüş zamanı sakinlər burada yeni məktəbə və uşaq bağçasına ehtiyac olduğunu bildirmişdilər. Dövlətimizin başçısı elə həmin gün Badamdar qəsəbəsində yeni 120 yerlik uşaq bağçasının və 880 şagird yerlik ümumtəhsil məktəbinin binalarının tikintisinə başlamaq haqqında Sərəncam imzalamışdı. Sərəncama uyğun olaraq dövlət büdcəsində Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına yeni məktəb və uşaq bağçası binalarının inşasına başlanılmışdı. Prezidentin tapşırıqlarına uyğun olaraq 329 nömrəli tam orta məktəbin yeni binası qısa vaxt ərzində yüksək standartlara uyğun tikilmişdir.
Prezident İlham Əliyev əvvəlcə 329 nömrəli tam orta məktəbin yeni binasının açılış mərasimində iştirak etdi.

Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi.

Görülən işlərlə bağlı Prezidentə məlumat verildi. Məktəbin birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən fotostend yaradılmışdır. Bildirildi ki, 3 əsas mərtəbədən və zirzəmidən ibarət binanın ümumi sahəsi 6 min 581 kvadratmetrdir. Məktəbdə 48 sinif, 4 kompyuter, 3 laboratoriya otağı, tarix, riyaziyyat və hərbi hazırlıq kabinetləri yaradılmışdır. Kompyuter otaqları internet şəbəkəsinə qoşulmuşdur. Binanın fasad və divarları üzlük daşla üzlənmiş, burada böyük kitabxana, yeməkxana və bufet, tibb otaqları, idman və kütləvi tədbirlərin keçirilməsi üçün 120 nəfərlik akt zalı yaradılmışdır.

Dövlətimizin başçısı ayrı-ayrı sinif otaqlarına baxdı, tədris şəraiti ilə tanış oldu. Məktəbin həyətində idman meydançasının qurulduğu da qeyd olundu. Məktəbin 8 min 800 kvadratmetr həyətyanı sahəsinin 5 min kvadratmetr hissəsinə asfalt örtük döşənmiş, abadlıq və yaşıllaşdırma işləri görülmüşdür. Məktəbin həyətində 1500 kvadratmetrlik istinad divarı tikilmiş və üzlənmişdir. Binanın ərazisi abadlaşdırılmış, məktəb istiqamətində uzanan küçə təmir olunaraq asfaltlaşdırılmışdır. Məktəb binasının qarşısındakı pilləkənlər qranitdən, daxili pilləkənlər isə mərmərdən qurulmuş, tutacaqlar quraşdırılmışdır. Təhsil müəssisəsi üçün yeni elektrik, qaz, su və kanalizasiya xətləri çəkilmiş, istilik sistemi qurulmuş, müasir qazanxana tikilmişdir. Həyətdə yeni elektrik transformatoru quraşdırılmış, nasosxana yaradılmışdır. Binanın bütün gün ərzində içməli su ilə tam təchizatı üçün müvafiq işlər görülmüşdür. Məktəbdə müşahidə kameraları, yanğından xəbərdarlıq qurğuları da quraşdırılmışdır. Tədris ocağı yeni mebel, avadanlıq, dərs ləvazimatları ilə tam təmin olunmuşdur.

Dövlətimizin başçısı məktəb binasında yaradılan şəraitlə tanışlıqdan sonra qəsəbədə inşa olunan 120 yerlik yeni uşaq bağçasının açılış mərasimində iştirak etdi.

Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi.
Uşaq bağçasında yaradılan şəraitlə bağlı Prezidentə məlumat verildi. Binanın foyesində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin uşaqlara qayğısından bəhs edən stendlər quraşdırılmışdır. İki mərtəbədən ibarət binada uşaqların təlim-tərbiyəsi üçün bütün lazımi şəraitin yaradıldığı qeyd olundu. Bildirildi ki, ümumi sahəsi 1620 kvadratmetr olan bağça binası qısa müddətdə tikilərək üzlük daşla üzlənmişdir. Bağçada 6 qrup fəaliyyət göstərəcəkdir. Uşaqlar üçün nəzərdə tutulan qrup və yataq otaqlarından başqa böyük və işıqlı yeməkxana, musiqi və idman zalları, tibb və oyun otaqları, mətbəx, yardımçı otaqlar da yaradılmışdır. Bağça binasında müasir istilik sistemi qurularaq qazanxanaya birləşdirilmişdir. Yeni kommunikasiya xətləri çəkilmiş binanın su ilə daimi təminatı üçün həyətdə 3 çən qurulmuş, nasosxana tikilmişdir. Binada yanğından xəbərdarlıq sistemi qurulmuşdur.

Dövlətimizin başçısı bağçada yaradılan şəraitlə yaxından tanış oldu. Binanın həyətində də abadlıq işləri görülmüş, 1000 kvadratmetr sahəyə asfalt döşənmiş, idman və əyləncə qurğuları quraşdırılmış, istirahət guşələri, həmçinin yol hərəkəti təhlükəsizliyi qaydalarının öyrədilməsi üçün meydança yaradılmışdır. Bağça binasının qarşısındakı pilləkənlər qranitdən, daxili pilləkənlər isə mərmərdən düzəldilmişdir.

Uşaq bağçasında yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

Xəbər lenti

Xəbər lenti