...

Lənkəranda Türkiyənin fəxri konsulluğu açıldı (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 8 Sentyabr 2012 19:21 (UTC +04:00)
Bu gün Lənkəranda Türkiyənin fəxri konsulluğu açılıb.
Lənkəranda Türkiyənin fəxri konsulluğu açıldı (ƏLAVƏ OLUNUB) (FOTO)

Əlavə olunub (ilk xəbər saat 18:33-də verilib)

Azərbaycan, Lənkəran, 8 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün Lənkəranda Türkiyənin fəxri konsulluğu açılıb.

Trend-in məlumatına görə, açılış mərasimində Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam hacı Allahşükür Paşazadə, Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, azərbaycanlı iş adamı Mübariz Mənsimov, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, Lənkəran icra başçısı Taleh Qaraşov, azərbaycanlı və türkiyəli millət vəkilləri, iş adamları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Taleh Qaraşov fəxri konsulluğunun açılmasının mühüm bir hadisə olduğunu qeyd edərək konsulluğun Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcəyini vurğulayıb.

Daha sonra tədbirdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin üzvü Ahmed Arslan fəxri konsulluğun açılmasından məmnun olduğunu bildirərək konsulluğun iki ölkə arasında qardaşlıq əlaqələrini inkişaf etdirəcəyinə ümid etdiyini bildirib.

Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam hacı Allahşükür Paşazadə qeyd edib ki, konsulluğun açılması böyük önəm təşkil edir. O bildirib ki, bu çox böyük bir hadisədir və Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq rəmzidir.

Tədbirdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin digər üzvü Adnan Yılmaz da konsulluğun açılmasının əhəmiyyətindən danışıb və onun fəaliyyətinə uğurlar arzulayıb.

Tədbirin sonunda çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bu günün tarixi bir gün olduğunu qeyd edeib. O bildirib ki, Azərbaycan ilə Türkiyə arasında qardaşlığın dünyada nümunəsi yoxdur. Səfir bildirib ki, konsulluğun açılması iki ölkə arasında əlaqələri daha da dərinləşdirəcək.

Türkiyənin Lənkaran şəhərindəki fəxri konsulu Mayis Mənsimov bildirib ki, fəxri konsul kimi iki qardaş ölkə arasındakı münasibətlərin daha da inkişafı, konsulluq xidmətlərinin operativ və keyfiyyətli verilməsi üçün əlində gələni əsirgəməyəcək.

Qeyd edək ki, konsulluq Azərbaycanın cənub bölgəsinin 7 rayonunu əhatə edəcək.

Xəbər lenti

Xəbər lenti