...

İlham Əliyev Şəkidə 423 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbənin açılışında iştirak edib (FOTO)

Siyasət Materials 9 Sentyabr 2012 20:00 (UTC +04:00)
Sentyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəkiyə səfəri çərçivəsində bu rayonda 423 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbənin açılışında iştirak etmişdir.
İlham Əliyev Şəkidə 423 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbənin açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

Bazar günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəkiyə səfəri çərçivəsində bu rayonda 423 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbənin açılışında iştirak etmişdir.

Əvvəlcə dövlətimizin başçısı Şuşadan olan məcburi köçkün Vaqif Hüseynovun evində oldu.

Bu ailədən olan iki uşaq dövlətimizin başçısına Xalq Şairi Səməd Vurğunun "Azərbaycan" şerini söylədilər.

Azərbaycan Prezidenti evdə yaradılmış şəraitlə tanış oldu. Məlumat verildi ki, ailə üzvlərinin sayı altı nəfərdən ibarət olan Vaqif Hüseynovun evi dördotaqlıdır. Burada ailənin rahat yaşaması üçün hər cür şərait yaradılmışdır.

Sonra Prezident İlham Əliyev qəsəbədə tikilən 360 şagird yerlik Ağdam 29 nömrəli köçkün tam orta məktəbinə gəldi.

Burada qəsəbə sakinləri dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev bədii özfəaliyyət dərnəkləri üzvlərinin çıxışını dinlədi.

Sonra dövlətimizin başçısı məcburi köçkünlərlə görüşdü.

Məktəbin müəlliməsi Aysel Mustafayeva, Şəki şəhər 20 nömrəli məktəbin direktoru Mais Səlimov, Milli Məclisin deputatı Yaqub Mahmudov məcburi köçkün ailələrinə və Şəkinin inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə təşəkkür etdilər.

Daha sonra dövlətimizin başçısı 29 nömrəli tam orta məktəbində yaradılmış şəraitlə tanış oldu.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verdi ki, yüksək şəraiti ilə seçilən, müasir təlim-tədris avadanlığı ilə diqqəti cəlb edən bu məktəbdə müəllim və şagird kollektivi üçün hər cür şərait yaradılmışdır. Bu, bir daha təsdiqləyir ki, Azərbaycan zəngin təbii sərvətlərdən səmərəli istifadə yolu ilə insan kapitalının daha da inkişaf etdirilməsini prioritet istiqamət seçmişdir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu mühüm amil son dövrlərdə dövlət siyasətinin vacib prinsipləri sırasına daxil edilmişdir. Bu proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri də əhatə edir, doğma yurdlarından didərgin düşən soydaşlarımızın təhsilinin yüksək səviyyədə qurulmasına xidmət edir. Ölkəmizdə heç bir dövrdə olmayan qədər məktəb binası tikilmiş, bir çox məktəb üçün yeni korpuslar inşa olunmuşdur. Bu proses ən ucqar bölgələrimizi də əhatə etmişdir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülmüşdür. Bütün orta təhsil müəssisələrində kompyuter sinifləri yaradılmış, internetə qoşulmuşdur. Heydər Əliyev Fondunun dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına verdiyi dəstək isə öz nadir xüsusiyyəti ilə seçilir.

Diqqətə çatdırıldı ki, qəsəbədə 50 yerlik uşaq bağçası da inşa olunmuşdur. Bağçada balacaların təlim-tərbiyəsi üçün bütün tələblər nəzərə alınmışdır. Ərazidə klub-icma mərkəzi, inzibati bina, ambulatoriya və poçt binaları da inşa edilmişdir. Bu qəsəbə Şəki rayonunun Kiş bələdiyyəsinin ərazisində Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilən əlavələrin müvafiq bəndlərinə əsasən inşa olunmuşdur. Yeni qəsəbəyə Şəki rayonundakı fin tipli qəsəbədə məskunlaşan 372 ailə və ya 1551 nəfər, o cümlədən məktəb binasında yerləşən 51 ailə və ya 209 nəfər, ümumilikdə 423 ailə və ya 1760 nəfər köçürüləcəkdir.

Məcburi köçkün ailələrindən 149-u Ağdamdan, 168-i Laçından, 53-ü Kəlbəcərdən, 44-ü Şuşadan, 9-u isə Xocalıdandır. Qəsəbənin ərazisi 84 hektardır və buradakı evlərdən 17-si birotaqlı, 211-i ikiotaqlı, 175-i üçotaqlı, 20-si isə dördotaqlıdır. Yeni qəsəbə Dövlət Neft Fondundan ayrılan 33 milyon 227 min manat vəsait hesabına Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən tikilmişdir. Qəsəbənin elektrik, su və qaz təchizatı şəbəkələri Şəki rayonunun kommunikasiya sisteminə qoşulmuşdur.

Azərbaycan Prezidenti məktəbin idman zalında şagirdlərin nümunəvi çıxışlarına baxdı, onlarla xatirə şəkli çəkdirdi.

Məktəbin ikinci mərtəbəsində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin məcburi köçkünlərə diqqət və qayğısını əks etdirən stendlər yaradılmışdır.

Dövlətimizin başçısı məktəbin eyvanından ətrafı seyr etdi.

Prezident İlham Əliyev qəsəbədə yaradılmış şəraiti yüksək qiymətləndirdi.

Xəbər lenti

Xəbər lenti