...

İlham Əliyev "Tufan" dağ-xizək yay-qış istirahət kompleksində işlərin gedişi ilə tanış olub (FOTO)

Siyasət Materials 10 Sentyabr 2012 20:27 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 10-da Qəbələdə tikilən "Tufan" dağ-xizək yay-qış istirahət kompleksində işlərin gedişi ilə tanış olub.
İlham Əliyev "Tufan" dağ-xizək yay-qış istirahət kompleksində işlərin gedişi ilə tanış olub (FOTO)

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 10-da Qəbələdə tikilən "Tufan" dağ-xizək yay-qış istirahət kompleksində işlərin gedişi ilə tanış olub.

Məlumat verildi ki, dağlıq ərazidə istirahət üçün bütün əlverişli şəraitə malik olan bu sağlamlıq-turizm obyekti Qəbələ şəhərindən təxminən dörd kilometr aralıda yerləşir. Kompleksin inşa edilməsi turistlər üçün bütün fəsillərdə ekskursiya və digər istirahət imkanlarını təmin etməklə yanaşı, onların qış idman növləri ilə məşğul olmalarına şərait yaradacaq. Kompleksin trassa sistemi hər bir qonağın onun üçün məqbul enmə zolağını, maililiyini və çətinlik dərəcəsini seçmək üçün nəzərdə tutulub. Yamaclar "Everest" markalı xüsusi təyinatlı kipləşdirici qurğuların köməyi ilə möhkəmləndiriləcək. Dağ yamaclarının kənarı ilə və ya düzənlik sahələrdə enmə marşrutunun yaradılmasında bu texnikadan istifadə edilməsi səmərəli üsul olmaqla yanaşı, xizək sürənlərin təcrübə toplamasına xidmət edəcək. İnşası nəzərdə tutulan 10 enmə zolağının ümumi uzunluğu 18 min metrdir. Dağ-xizək liftləri hava şəraiti - küləyin sürəti və istiqaməti, yamacdan enmə imkanları, xizək sürənlərin digər trassalardan kənar hərəkət etmə imkanları nəzərə alınmaqla, qonaqların seçilən ərazinin əlçatan yerlərinə ən məqbul üsullarla çatdırılması üçün nəzərdə tutulub. Bütün dağ-xizək trassasının enmə zolaqlarının süni qaryaratma sistemi ilə təchiz edilməsi qərara alınıb. Kompleksin ərazisində xizəklə eniş zolaqlarının qar örtüyünün təmin edilməsi məqsədilə burada 223 süni qaryaratma qurğusunun yerləşdirilməsi planlaşdırılır. Bu istirahət mərkəzi gün ərzində üç min nəfərə xidmət göstərmək imkanına malik olacaq.

X X X

Daha sonra Prezident İlham Əliyevə Qəbələ rayonu ərazisində inşası planlaşdırılan "Aquapark" istirahət və əyləncə mərkəzi haqqında məlumat verildi.

Bildirildi ki, yeni mərkəz bir neçə funksional hissədən ibarət olacaq. Konstruktiv quruluşuna görə mərkəzin binası monolit dəmir-beton tikili olacaq. Dam örtüyü açılıb-yığılan alüminium konstruksiyadan qurulacaq.

Diqqətə çatdırıldı ki, yüksək komfortlu funksional zona kimi fəaliyyət göstərəcək mərkəzin su-əyləncə bölməsinin ümumi sahəsi 5 min kvadratmetr olacaq. Burada bütün su attraksionları yerləşdiriləcək. İlin isti aylarında dam örtüyünün açılması nəzərdə tutulur. Bütün su hövzəsi qonaqların yaşına uyğun olaraq zonalara bölünəcək. Su zonasının mərkəzində dalğalı hovuz yerləşəcək. Xüsusi avadanlığın köməyi ilə burada 1,2 metrə qədər hündürlükdə süni dalğaların yaradılması mümkündür. "Aquapark" çoxlu sayda müxtəlif texniki sistemlərdən istifadə edilməklə inşa olunacaq.

X X X

Prezident İlham Əliyev rayonda inşası nəzərdə tutulan "Golf Resort" idman və istirahət mərkəzinin layihəsi ilə də tanış oldu.

Məlumat verildi ki, Azərbaycanda qolfun populyarlaşdırılması və bu idman növünə marağın artırılması məqsədilə ölkənin ən dilbər guşələrindən birində - Qəbələ rayonunda qolf idman meydançasının, habelə Qolf Akademiyası və Klubunun yaradılması qərara alınıb. Layihəyə əsasən, Qəbələ rayonu ərazisindən keçən Dəmiraparan çayı ilə ətrafdakı dağ massivinin arasındakı 80 hektarlıq ərazidə qolf meydançasının, qolf klubun, otel binasının, villaların və müvafiq infrastruktur obyektlərinin inşası nəzərdə tutulur. Mövsümi yağıntıların və dağlarda qar örtüyünün əriməsi nəticəsində Dəmiraparan çayında baş verə biləcək daşqın hallarının qarşısını almaq, bununla da qolf meydançasının mühafizəsini təmin etmək məqsədilə çayın sahilində istinad divarları tikiləcək. Klassik forma və üslubda inşa ediləcək bu mərkəzdə klub üzvlərinin və qonaqların səmərəli istirahəti üçün hər cür şərait yaradılacaq.

Azərbaycan Prezidenti tikinti işlərinin yüksək keyfiyyətlə aparılması ilə bağlı tapşırıqlarını verdi.

Xəbər lenti

Xəbər lenti