...

Prezident İlham Əliyev: Dağlıq Qarabağ problermi ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər (FOTO)

Siyasət Materials 11 Sentyabr 2012 00:30 (UTC +04:00)
Sentyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəkiyə səfəri çərçivəsində bu rayonda 423 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbənin istifadəyə verilməsi münasibətilə təşkil olunan mərasimdə iştirak etmişdir
Prezident İlham Əliyev: Dağlıq Qarabağ problermi ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər (FOTO)

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Sentyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəkiyə səfəri çərçivəsində bu rayonda 423 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbənin istifadəyə verilməsi münasibətilə təşkil olunan mərasimdə iştirak etmişdir.

Dövlətimizin başçısı qəsəbədə tikilən 360 şagird yerlik Ağdam 29 nömrəli məcburi köçkün tam orta məktəbinə gəldi.

Burada qəsəbə sakinləri dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev Ağdam mədəniyyət evinin kollektivinin çıxışını dinlədi.

Sonra dövlətimizin başçısı məcburi köçkünlərlə və Şəki şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Mərasim iştirakçılarını salamlayan Prezident İlham Əliyev deyib.

"Bu gözəl məktəbin və qəsəbənin açılışı münasibətilə sizi təbrik edirəm. 423 evdən ibarət gözəl qəsəbə demək olar ki, bir neçə ay ərzində tikilmişdir. İndi burada yaşayan vətəndaşlarımız əvvəllər fin tipli evlərdə yaşamışlar, böyük əziyyət çəkmişlər. Onların vəziyyətini, yaşayış şəraitini yaxşılaşdırmaq üçün biz gözəl qəsəbə saldıq. Bu, doğrudan da böyük işdir, böyük tarixi hadisədir. Bu, onu göstərir ki, Azərbaycan dövləti öz vətəndaşlarına, xüsusilə ehtiyacı olan vətəndaşlara böyük qayğı ilə yanaşır.

Bildiyiniz kimi, bu il Azərbaycan Dövlət Neft Fondundan 300 milyon manat vəsait ayrılmışdır. Əvvəlki illərə nisbətən bu, daha da böyük məbləğdir. Gələn il çox güman, biz bu məbləği daha da artıracağıq ki, məcburi köçkünlərin problemlərini tezliklə həll edək.

Bu qəsəbə vaxtilə qəbul edilmiş "Məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması və məşğulluğun artırılması" Dövlət Proqramı əsasında tikilmişdir. Bu Proqramın icrası bizə imkan verdi ki, birinci mərhələdə bütövlükdə bütün çadır şəhərciklərini ləğv edək və onların yerində yeni qəsəbələr salaq. İndiki mərhələdə fin tipli evlərdə, məktəblərdə, hərbi hissələrin ərazilərində məskunlaşmış soydaşlarımızı da biz gözəl şəraitlə təmin edirik. Bu qəsəbənin tikilməsi bu il görülən işlərin sadəcə olaraq bir hissəsidir. Bu il bir neçə qəsəbə tikilib, tikilməkdədir. İlin sonuna qədər hələ bir neçə yerdə yeni qəsəbələr vətəndaşların sərəncamına veriləcəkdir. Gözəl məktəb, gözəl evlər, rahat şərait, infrastruktur, bütün kommunal məsələlər öz həllini tapıbdır. İşıq, su, qaz xətləri çəkilmişdir, yollar salınmışdır. Bir sözlə, bu qəsəbədə rahat yaşamaq mümkün olacaqdır. Azərbaycan dövləti öz sosial siyasətini bir daha bu qəsəbənin yaradılmasında göstərir".

Prezidentin sözlərinə görə, Neft Fondunun fəaliyyətinə gəldikdə, demək olar ki, bütün məcburi köçkünlər üçün nəzərdə tutulmuş, tikilmiş və tikiləcək qəsəbələr Neft Fondunun hesabına inşa olunacaqdır.

"Bu ənənəni ulu öndər Heydər Əliyev qoymuşdur. Məhz onun göstərişi və Fərmanı ilə Neft Fondundan birinci ödəmələr məcburi köçkünlərin problemlərinin həlli üçün yönəldilmişdi. Biz də hər bir sahədə olduğu kimi, bu sahədə də ulu öndərin siyasətinə sadiqik. Bu siyasət davam etdirilir və Neft Fondu hazırda bu istiqamətdə çox böyük işlər görür. Bu qəsəbə və digər qəsəbələr, Neft Fondunun xətti ilə tikilmiş binalar bir daha, onu göstərir ki, neft Azərbaycan xalqına məxsusdur, bizim milli sərvətimizdir. Biz bu sərvətdən səmərəli şəkildə istifadə edərək həm ölkə iqtisadiyyatını gücləndiririk, infrastruktur layihələrini icra edirik, eyni zamanda, məcburi köçkünlərin problemlərini də həll edirik.

Mən əminəm ki, gələcək illərdə də yeni qəsəbələr tikiləcəkdir. Hazırda 120 min məcburi köçkün belə gözəl, buna bənzər evlərlə təmin edilibdir. Ancaq hələ o qədər də yararlı olmayan şəraitdə yaşayan köçkünlərimizin sayı kifayət qədər çoxdur. Biz onların problemlərinin həlli üçün çalışırıq, çalışacağıq və bayaq qeyd etdiyim kimi, yataqxanalardan, məktəblərdən, uşaq bağçalarından, hərbi hissələrin ərazilərindən məcburi köçkünlər yeni, gözəl evlərə, binalara köçürüləcəkdir. Biz bu sosial yükü azaldırıq. Eyni zamanda, köçkünlərin məşğulluğu ilə bağlı olan problemləri həll edirik" dövlət başçısı deyib.

İlham Əliyev qeyd edib ki, ancaq əsas problem torpaqlarımızın hələ də işğal altında qalmasıdır.

"Bunun səbəbini siz yaxşı bilirsiniz. Ermənistanın Azərbaycana qarşı təcavüzü, işğalçı siyasəti nəticəsində torpaqlarımız işğal altındadır. Ermənilərin dünyadakı havadarlarının onlara verdikləri dəstəyin nəticəsində bu məsələ hələ ki, öz həllini tapa bilmir. Baxmayaraq ki, məsələnin həlli üçün bütün imkanlar, bütün hüquqi baza vardır. Beynəlxalq təşkilatlar qərarlar, qətnamələr qəbul etmişlər. Dünyanın aparıcı ölkələrinin liderləri bəyanatlar vermişlər ki, indiki vəziyyət dözülməzdir və vəziyyət dəyişdirilməlidir, status-kvo dəyişdirilməlidir. Ancaq əfsuslar olsun ki, Ermənistan bu çağırışlara biganə qalır və beynəlxalq ictimaiyyət də onlara kifayət qədər güclü təzyiq və təsir göstərmir. Məsələnin həll olunmamasının səbəbi də məhz bundan ibarətdir.

Biz bundan sonra da ölkəmizi, beynəlxalq mövqelərimizi gücləndirəcəyik. Məsələnin həlli üçün hüquqi əsaslar kifayət qədər çoxdur və bu əsaslar Azərbaycanın mövqeyini müdafiə edir, dəstəkləyir. BMT, onun Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, digər beynəlxalq təşkilatlar qərarlar qəbul ediblər ki, bu qərarlar məsələnin həlli üçün yeganə yoldur" Prezident çıxışında bildirib.

Dövlət başçısının sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü bütün ölkələr tərəfindən tanınır və bu məsələ ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər.

"Məsələnin həlli ilə bağlı Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur və biz tutduğumuz yoldan dönməyəcəyik. Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir. İşğal edilmiş bütün torpaqlardan işğalçılar çıxarılmalıdır və çıxarılacaqdır, Azərbaycan vətəndaşları öz doğma torpağına qayıtmalıdırlar və qayıdacaqlar. Hazırda keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudlarından kənarda yerləşən bölgələrə və Dağlıq Qarabağa, Xankəndiyə, Şuşaya bizim soydaşlarımız qayıdacaqlar.

Mən buna əminəm, buna inanıram və mənim inamımı gücləndirən kifayət qədər çox amillər vardır: Beynəlxalq hüquq, Azərbaycanın iqtisadi qüdrəti, bizim hərbi potensialımız və siyasi müstəvidə Azərbaycanın artan çəkisi. Təkcə bir ilin tarixçəsinə nəzər salmaqla biz Azərbaycanın uğurlarını görə bilərik. Biz dünyanın ən mötəbər beynəlxalq təşkilatının - BMT Təhlükəsizlik Şurasınız üzvüyük. Bir neçə ay bundan əvvəl bu təşkilata sədrlik etmişik. Bu təşkilata 155 ölkənin dəstəyi ilə daxil olmuşuq.

Bu yaxınlarda 120 ölkə - Qoşulmama Hərəkatının üzvləri Dağlıq Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair qətnaməni dəstəkləmişlər. 120 ölkə dünya birliyinin əksəriyyətidir. Biz bir çox hallarda beynəlxalq aləm anlayışını eşidirik və bəzi təşkilatlar, bəzi qurumlar beynəlxalq aləm dedikdə özlərini nəzərdə tuturlar. Beynəlxalq aləm 20, yaxud da ki, 30 ölkəni birləşdirən məsələ deyildir. Beynəlxalq aləm BMT-dir və BMT-də 155 ölkə bizi dəstəklədi. Beynəlxalq aləm Qoşulmama Hərəkatıdır. Orada 120 ölkə fəaliyyət göstərir. Onlar da bizi dəstəklədi. Yəni, beynəlxalq aləm bizim mövqeyimizi dəstəkləyir və əlbəttə ki, bu, bizə əlavə imkanlar verir, inamımızı artırır.

Ancaq bununla bərabər və xüsusi olaraq 20 ildir Minsk qrupu yaradılıb ki, bu məsələni həll etsin və məsələni həll edə bilmir, Ermənistana lazımi təzyiqi göstərə bilmir. Biz görürük ki, bu məsələ Azərbaycanın gücü hesabına öz həllini tapa bilər və tapmalıdır. Ona görə biz daha da güclü olmalıyıq. Biz ordumuzu daha da gücləndirməliyik və gücləndiririk. Hazırda Azərbaycan Ordusu nəinki bölgədə, dünya miqyasında qüdrətli orduların sırasındadır. Biz iqtisadi potensialımızı gücləndirməklə ölkəmizi irəliyə aparırıq. Bu, bizə imkan verir ki, bütün məsələlərlə bağlı müstəqil siyasət aparaq. Biz xarici və daxili siyasətlə bağlı milli maraqlara söykənən qərarları qəbul edirik. Güclü Azərbaycan güclü regional amildir. Həm sabitləşdirici amildir, eyni zamanda, Azərbaycan ilə artıq regional məsələlərdə hesablaşmamaq mümkün deyildir. Azərbaycan ilə hesablaşmamaq cəhdləri heç bir nəticə verməmişdir və yaxın tarix bunu göstərir. Ona görə, nə qədər güclü olsaq Azərbaycan öz ərazi bütövlüyünü bir o qədər tez bərpa edəcəkdir.

Məsələnin həlli ilə bağlı bizim birmənalı mövqeyimiz vardır. Bu barədə mən dəfələrlə fikirlərimi bildirmişəm. İşğal edilmiş bütün torpaqlardan işğalçı qüvvələr çıxarılmalıdır, ondan sonra bölgədə sülh, əməkdaşlıq yarana və təhlükə mənbəyi aradan götürülə bilər. Hələ ki, torpaqlarımız işğal altındadır, bizim bir nömrəli hədəfimiz Ermənistandır.

Biz bundan sonra da Ermənistanı bütün beynəlxalq və regional layihələrdən təcrid edəcəyik. Bu siyasət öz səmərəsini verir və Ermənistanın ağır iqtisadi vəziyyətinin səbəbkarı Azərbaycandır. Bu, birmənalıdır. Ermənistandan onların rəsmi statistikasının göstəricilərinə görə, ilin birinci yarısında 80 min adam köçmüşdür. İlin sonuna qədər bu, yəqin ki, ikiqat rəqəmə çatacaqdır. Azərbaycan əhalisi artır və 5-10 ildən sonra ümumiyyətlə, bu faizlər nisbəti birə on olacaqdır, bəlkə də ondan da az. Yəni, bu amillər onları düşündürməlidir. Onların ağır iqtisadi vəziyyəti, demoqrafik vəziyyət, bütün beynəlxalq məsələlərdən təcrid edilməsi onları narahat etməlidir.

Azərbaycan isə irəliyə gedir. Baxmayaraq ki, torpaqlarımız işğal altındadır, biz böyük uğurlara imza atırıq və bu uğurları artırırıq. Bir neçə gün bundan əvvəl mötəbər beynəlxalq iqtisadi qurum - Davos İqtisadi Forumu ölkələrin iqtisadiyyatlarının rəqabət qabiliyyətliyinə görə Azərbaycanı 46-cı yerə layiq görübdür, MDB məkanında birinci yerdə. Yəni, bizim işimiz haqq işidir. Biz ədalətin bərpasını istəyirik və buna nail olacağıq.

Bizim üçün, həm xarici siyasətimiz üçün, həm ümumiyyətlə, bizim gündəliyimizdə duran bir nömrəli məsələ torpaqlarımızın işğalçılardan azad edilməsidir. Gecə-gündüz çalışırıq və bu fəaliyyəti davam etdirəcəyik.

Siz, əziz soydaşlarımız, əziz dostlar, uzun illərdir ki, Şəki rayonunun ərazisində yaşayırsınız. Şəkililər sizə qucaq açıblar. Siz burada özünüzü evdəki kimi hiss edirsiniz. Ancaq, əlbəttə bilirəm ki, siz Qarabağ torpağına qayıdacağınız günləri gözləyirsiniz. Bu günlər də gələcəkdir. Amma Şəki şəhərində də sizin üçün bütün şərait yaradılıb. Şəkililər çox qonaqpərvər, mehriban insanlardır. Siz də bunu yaxşı hiss edirsiniz, görürsünüz.

Şəki şəhərinin və rayonunun inkişafı ilə bağlı çox böyük tədbirlər görülür. Mən dəfələrlə Şəkidə olmuşam, keçən il, bu il, ondan əvvəlki dövrdə. Böyük quruculuq, abadlıq işləri görülür. Bu gün Heydər Əliyev Mərkəzinin təməl daşını qoyduq. Şəkidə mədəniyyət, səhiyyə, təhsil sahəsində böyük işlər görülür, infrastruktur layihələri icra edilir. Şəki böyük mədəniyyət mərkəzidir, zəngin tarixə, mədəniyyətə malik olan bir diyardır. Şəkinin tarixi abidələri, mədəniyyət ocaqları lazımi səviyyədə qorunur, bərpa edilir. Çünki bu, bizim hamımızın milli sərvətimizdir.

Rayonun və şəhərin kommunal infrastrukturunun yeniləşdirilməsi məsələləri də öz həllini tapır. Bir sözlə, Şəki çox dinamik inkişaf edir. Şəkinin Azərbaycan dövlətinin tərkibində xüsusi yeri vardır. Yenə də deyirəm, mədəniyyət, incəsənət, elm ocağıdır. Gözəl təbiəti, gözəl insanları var və çox şadam ki, Şəkidə işlər yüksək sürətlə və keyfiyyətlə görülür. Mən keçən dəfə Şəkidə ötən ilin payızında olmuşam. Heç bir il keçməyib, amma gördüyüm dəyişikliklər məni çox sevindirir.

Şəkinin inkişafına dair mənim tərəfimdən bir neçə Sərəncam imzalanmışdır. Xüsusi əhəmiyyətə malik olan böyük Sərəncamda həm Şəkinin tarixi, həm də gələcək inkişaf haqqında məsələlər əksini tapıbdır. Bu yaxınlarda kənd yollarının tikintisinə dair əlavə Sərəncam imzalanmışdır. Böyük vəsait ayrılır, gələcəkdə də ayrılacaqdır ki, Şəki və bütün başqa şəhərlərimiz, kəndlərimiz abadlaşsın, gözəlləşsin. Bütövlükdə Azərbaycanın şimal-qərb zonası Azərbaycanın turizm mərkəzinə çevrilibdir. Mən çox istəyirəm ki, bu, nəinki Azərbaycanın, beynəlxalq turizm mərkəzinə çevrilsin. Bunu etmək üçün də konkret fikirlərimiz, planlarımız vardır.

Mən sizi bir daha ürəkdən salamlayıram, sizə xoşbəxtlik arzulayıram. Arzu edirəm ki, burada sizin həyatınız rahat keçsin, yaxşı keçsin, uşaqlar yaxşı oxusunlar və gözəl gənc nəsil yetişsin" Prezident çıxşında bildirib.

Prezident İlham Əliyev çıxışında daha sonra deyib:

"Biz Şəkinin gələcək inkişafı ilə bağlı Yaqub müəllimlə, digər deputatlarla birgə fikir mübadiləsi aparırıq. Doğrudan da Şəkinin çox füsunkar, özünəməxsus gözəlliyi vardır. Gözəl, qədim şəhərdir. Heç bir başqa şəhərə bənzəmir. Ona görə burada bütün quruculuq, abadlıq işləri bax bu ənənəvi üslubda aparılmalıdır. İndi təmir edilən binalar, onların fasadlarını, dam örtüklərini, döşəmələrini, hasarları, nə varsa hamısını görürəm ki, qədim Şəki üslubundadır. Azərbaycan dövləti güclü dövlətdir və biz öz gücümüzü göstəririk. Biz doğrudan da böyük uğurlara imza atırıq. Olimpiya Oyunları, baxın, idmançılarımız 10 dəfə Azərbaycanın milli bayrağını göylərə qaldırdılar, iki dəfə himnimiz səsləndi. Paralimpiya Oyunlarında artıq medalların sayı 12-yə çatdı. "Eurovision"u biz keçirdik, ən yüksək səviyyədə. BMT Təhlükəsizlik Şurasına seçildik, böyük, gərgin mübarizə şəraitində, 16 turdan sonra. Yəni, BMT-nin tarixində bəlkə nadir hallarda belə bir hadisəyə rast gəlmək olar ki, 16 turdan sonra. Bu, nəyi göstərir? Yəni, bizə qarşı olan müqavimət həddindən artıq çox idi. Amma biz bildiyimizi etdik və seçildik. May ayında Azərbaycan dünya siyasətinin mərkəzində idi. Bir ay ərzində biz Təhlükəsizlik Şurasına sədrlik etdik.

Mübariz İbrahimovun və Fərid Əhmədovun cəsədlərini Vətənə qaytarmaq çox böyük və ağır məsələ idi. Çünki biz onları ermənilərin əlindən çıxarıb gətirdik və ləyaqətlə son mənzilə yola saldıq, Milli Qəhrəman adı verildi.

Ramil Səfərovun Vətənə qaytarılması üçün bu barədə əvvəllər ümumiyyətlə, mən hesab etmirdim ki, biz nə isə deməli idik. Çünki əsas məsələ onu Vətənə qaytarmaq idi. NATO-nun baş katibi bir neçə gün bundan əvvəl Bakıda idi və mətbuat konfransında mən məsələnin hüquqi tərəfinə toxundum. Bunu siz bilirsiniz. Azərbaycan dövləti götürdüyü beynəlxalq öhdəliklərə sadiqdir. Biz Ramil Səfərovu Avropa Konvensiyası əsasında Azərbaycana gətirdik və o, Azərbaycan Konstitusiyası əsasında əfv edildi. Mən orada bir sözü də dedim: Əsas məsələ ondadır ki, Azərbaycan öz zabitini Vətənə qaytardı.

Baxın, bundan sonra bizə qarşı nə qədər təzyiqlər və ittihamlar başladı. Ermənilər, dünyanın erməni lobbisi hay-küy qaldırdılar. Mən bir neçə ay bundan əvvəl təsadüfən deməmişdim ki, bizim əsas düşmənimiz erməni lobbisidir. Bunlar indi Azərbaycana qarşı nə qədər çirkin kampaniya aparırlar. Onların himayəsində olan rüşvətxor, riyakar, satılmış senatorlar, bəzi beynəlxalq qurumların rəhbərləri, bəzi siyasətçilər indi Azərbaycana əsassız ittihamlar irəli sürürlər. Axı bu ittihamların əsası yoxdur. Hər şey qanun çərçivəsində, Avropanın qəbul etdiyi konvensiyalar çərçivəsində edilib. Amma görün, Avropa Şurasının baş katibi nə deyib? Bu adam ki, bunun vəzifəsi humanizmi təcəssüm etdirməkdir, bunun vəzifəsi insan hüquqlarının qorunmasıdır. Avropa Şurası dəfələrlə Azərbaycana qarşı əsassız ittihamlar irəli sürmüşdür. Mən bunu yaxşı bilirəm. Çünki üç il Avropa Şurasındakı nümayəndə heyətinə başçılıq etmişəm. Təkidlə təzyiq edirdilər ki, biz cinayətkarları azadlığa buraxaq. Mən xatırlayıram, onların arasında bir cinayətkar var idi ki, Avropa Şurasının təkidi ilə azadlığa buraxıldı. Ondan bir neçə ay sonra yenə cinayət törətdi, bütöv bir ailəni qətlə yetirdi. Deməli, ata, ana və kiçikyaşlı qız uşağını qətlə yetirdi. Həmin bu Avropa Şurası ki, bunun azadlığa çıxmasını tələb edirdi, indi də məni ittiham edir ki, Ramil Səfərovu niyə əfv etmişəm.

Həmin o adamın vətənindən olan Breyviq 80-ə yaxın adamı qətlə yetirdi, 21 il iş verdilər. Hər bir ölənə elə bil ki, 3 ay cəza düşür. Elə şey olarmı? Ona görə niyə səsini çıxarmır? Yaxud da bir ermənipərəst senator var Menendez. Qatı antiazərbaycan, islamafob, ermənipərəst bir adamdır. Onun son əməli ondan ibarətdir ki, Amerikanın Azərbaycandakı əvvəlki səfirinin vaxtının uzadılmasına yol vermədi, onun namizədliyinin qarşısını aldı. İki səbəbə görə. Birinci səbəb, Amerika səfiri qondarma "erməni soyqırımı"nı tanımır. O, heç tanımamalıdır. Çünki Amerika dövləti bunu tanımır. İkinci səbəb ondan ibarət idi ki, bu səfirin xanımı türk mənşəlidir. Axı bu, rasizmdir, bu, islamofobiyadır. Yenə də deyirəm, biz bunları bilməliyik. Amma onu demək istəyirəm ki, bunların heç biri mənim iradəmə, fikirlərimə, hərəkətlərimə təsir edə bilməz və heç vaxt təsir etməyəcəkdir".

Xəbər lenti

Xəbər lenti