Azərbaycan, Bakı, 12 sentyabr /Trend/
Biz bu gün Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasını keçirdik. Bildiyiniz kimi, birinci iclas keçən il İzmirdə çox uğurlu keçirilmişdir. Birinci iclasda qəbul edilmiş qərarlar uğurla icra edilir. Biz bu gün, ilk növbədə, görülmüş işlərə qiymət verdik, işləri təhlil etdik və eyni zamanda, gələcək əməkdaşlıq üçün əlavə addımların atılması haqqında fikir mübadiləsi apardıq. Bütövlükdə deyə bilərəm ki, Türkiyə-Azərbaycan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir, bütün sahələri əhatə edir. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezident İlham Əliyev sentyabrın 11-də Qəbələdə sənədlərin imzalanması mərasimi başa çatandan sonra Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransında səsləndirdiyi bəyanatında bildirib.
"Bugünkü toplantının gündəliyi də çox genişdir. Biz bir sıra önəmli məsələlər haqqında çox geniş müzakirə aparmışıq və bir daha demək istəyirəm ki, bizim aramızda fikir ayrılığı yoxdur - istər beynəlxalq məsələlərlə bağlı, istər ikitərəfli əlaqələrə dair bizim fikrimiz birdir.
Biz bu gün siyasi vəziyyətlə, dünyada gedən proseslərlə bağlı həm təkbətək görüşdə, həm geniş tərkibdəki görüşdə danışdıq, fikir mübadiləsi apardıq. Bizim ölkələr bütün sahələrdə və bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir. Bu gün görülmüş işlər haqqında nazirlər bizə məlumat verdilər və gələcəkdə birgə fəaliyyət haqqında yeni təşəbbüslər müzakirə edildi. Biz bütün beynəlxalq təşkilatlarda vahid mövqedən yanaşırıq, bir-birimizi dəstəkləyirik və bu dəstək bizim üçün, bölgə üçün, dünya üçün çox önəmlidir. Bu gün Türkiyə-Azərbaycan əlaqələri nəinki ikitərəfli münasibətlərin inkişafı üçün vacibdir, həmçinin bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin edilməsi üçün sabitləşdirici rol oynayır. Bizim dünyadakı rolumuz artır və bir-birimizə dəstək verməyimiz ölkələrimizin önəmini daha da artırır" İlham Əliyev deyib.
Prezidentin sözlərinə görə, beynəlxalq məsələlərə gəldikdə, əlbəttə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələrini və danışıqlarda göstərilən səyləri müzakirə edilib.
"Danışıqların son durumu haqqında mən əziz qardaşıma məlumat verdim. Bildiyiniz kimi, Azərbaycana qarşı ədalətsizlik və işğal siyasəti hələ də davam edir. Beynəlxalq birlik tərəfindən tanınmış Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən bölgələr iyirmi ildir ki, erməni işğalçıları tərəfindən işğal edilmişdir. Bütün beynəlxalq hüquq normaları, ədalət pozulmuşdur, tarixi ədalət pozulmuşdur. Biz çalışırıq ki, məsələnin sülh yolu ilə həllinə nail olaq. Ancaq Ermənistanın qeyri-konstruktiv və riyakar fəaliyyəti buna imkan vermir. Azərbaycanın mövqeyi birmənalıdır: beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və məsələ yalnız ərazi bütövlüyü prinsipi əsasında öz həllini tapa bilər. Fürsətdən istifadə edərək Türkiyə dövlətinə, hökumətinə bu məsələ ilə bağlı tutduğu mövqeyə görə bir daha Azərbaycan xalqı adından minnətdarlığımı bildirmək istəyirəm" dövlət başçısı qeyd edib.
İlham Əliyev, həmçinin, bu gün əlbəttə, iqtisadi əlaqələrin yeni perspektivləri haqqında da danışıldığını vurğulayıb.
"Ticarət dövriyyəsi yüksək templərlə artır. Baxmayaraq bizi bu ticarət dövriyyəsinin həcmi hələ ki, qane etmir, ancaq dinamika çox müsbətdir. Əgər biz bu templəri saxlaya və artıra bilsək yaxın gələcəkdə ticarət dövriyyəmiz daha da böyük rəqəmlərlə ölçüləcəkdir.
Enerji sahəsindəki əməkdaşlıq ənənəvi xarakter daşıyır. Deyə bilərəm ki, iqtisadi sahədə enerji sektorundakı əməkdaşlıq həmişə olduğu kimi prioritet məna daşıyır. İzmirdə keçirilən iclasdan sonra önəmli hadisələr baş vermişdir. Biz TANAP layihəsinə imza atdıq. Artıq TANAP layihəsi dünyada böyük səs salmışdır və dünyada enerji siyasətinin yenidən formalaşması istiqamətində atılan mühüm addımdır. Beynəlxalq aləmdə TANAP layihəsinə olan diqqət onu göstərir ki, Türkiyə və Azərbaycan həmişə olduğu kimi, lazım olan vaxtda birgə təşəbbüs göstərərək, bütün məsuliyyəti öz üzərinə götürərək bu böyük layihəyə start verdi. Ümid edirəm ki, danışdığımız kimi, yaxın 5 ildə biz TANAP layihəsinin icrasına nail olacağıq və beləliklə, Azərbaycan Türkiyə üçün önəmli qaz təminatçısı olacaqdır və eyni zamanda, Azərbaycan qazı Türkiyə vasitəsilə Avropaya nəql ediləcəkdir.
Digər mühüm layihə nəqliyyat sektoru ilə bağlıdır. Bu layihə də artıq böyük layihələr arasında özünə yer tapa bilmişdir - Bakı-Tbilisi-Qars dəmir yolu. Bu gün nazirlər məlumat verdilər və biz gələcək layihələr haqqında danışdıq. Bu layihə bizim birgə təşəbbüsümüzdür. Ancaq bu gün yenə də onu görürük ki, başqa ölkələr, tərəfdaş olan ölkələr bu layihəyə maraq göstərir və bu layihəyə qoşulmaq istəyirlər. Biz bunu alqışlayırıq. Türkiyəni Azərbaycan və Gürcüstanla, həmçinin Gürcüstanı Azərbaycanla birləşdirən bu layihə artıq beynəlxalq müstəviyə çıxmışdır.
Hərbi-texniki əməkdaşlıq məsələləri də müzakirə edildi. Bu sahədəki əməkdaşlıq qardaşlıq, dostluq prinsiplərinə əsaslanır və birgə təşəbbüslər irəli sürülmüşdür. Deyə bilərəm ki, bu sahədə son illər ərzində böyük tərəqqi müşahidə olunur.
Rabitə, informasiya texnologiyaları məsələləri müzakirə edildi, yəni, bu gün elə bil ki, iki ölkənin Nazirlər kabinetləri bir araya gəlmişdir. Hər halda Azərbaycana gəldikdə, Nazirlər Kabinetinin üçdəbir hissəsi bu gün bu toplantıda iştirak edir və bu, özlüyündə bir göstəricidir. Onu göstərir ki, doğrudan da ikitərəfli gündəlik kifayət qədər genişdir, mənalıdır, səmimidir və müsbətdir.
Mən çox şadam ki, biz bütün məsələləri dostluq, qardaşlıq şəraitində müzakirə edirik. Bir daha demək istəyirəm ki, münasibətlərimizin təməlində iki xalqın bir-birinə olan duyğularıdır, iki dövlətin bir-birinə olan dəstəyidir. Bu dəstək vardır. Bir daha demək istəyirəm ki, bu dəstək regional məsələlərdə də müsbət rol oynayır" İlham Əliyev bəyanatının sonunda deyib.
Türkiyənin Anadolu Agentliyinin müxbirinin "İki ölkə arasındakı əməkdaşlığın getdikcə sürətləndiyi bir mərhələdəyik. Bu əməkdaşlığı Türkiyə Respublikası vətəndaşlarına sərhəddə viza tətbiq olunmasının tamamilə aradan qaldırılması şəklində zirvəyə çatdırılması istiqamətində bir fəaliyyətiniz varmı? Sizdən bir müjdə ala bilərikmi? Bir də TANAP layihəsinin planlaşdırılan tarixdən daha əvvələ çəkilməsi mövzusunda bir addımdan söhbət gedirmi? Türkiyədən çıxış, Avropaya giriş nöqtəsi olaraq iki müxtəlif alternativ üzərində iş gedirdi. Bu alternativdə də bir konkretlik varmı?" sualına cavabında İlham Əliyev bildirib:
"Qeyd etdiyiniz kimi, əlaqələrimiz çoxşaxəlidir. Bütün sahələri əhatə edir. Biz çalışırıq ki, bütün sahələrdə bütün məsələləri həll edək və zamanında həll edək.
Viza məsələlərinə gəldikdə, siz yaxşı bilirsiniz ki, bir müddət bundan əvvəl Türkiyə dövləti bütün türkdilli dövlətlərin vətəndaşlarına qarşı viza rejimini ləğv etdi. Beləliklə, bütün türkdilli dövlətlərin vətəndaşları Türkiyəyə sərbəst gedə bilərlər və bu qərara görə biz çox minnətdarıq. O ki qaldı Azərbaycana, bu məsələ bu gün müzakirə edildi. Qərar qəbul edildi ki, bu məsələyə biz tədricən nail olaq. Müəyyən kateqoriya insanlar - iş adamları, elm adamları, tanınmış şəxslər vardır ki, onların gəliş-gedişi üçün daha da asan rejim tətbiq oluna bilər. Bütövlükdə isə bizim müəyyən mexanizmlərimiz, daxili prosedurlarımız hələ tamamlanmayıb. Bu prosedurlar tamamlanandan sonra əlbəttə ki, Türkiyə vətəndaşları da Azərbaycana vizasız gələ bilərlər. Biz bu məsələ üzərində işləyirik. Bu məsələ müzakirə edildi. Türkiyə tərəfi bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini anlayır. Biz birgə səylərlə məsələnin həlli yolunda önəmli addımları atacağıq".
TANAP layihəsinə gəldikdə, Prezident qeyd edib ki, bu, sırf Türkiyə-Azərbaycan layihəsidir.
"Uzun illər Azərbaycan qazını Avropaya çıxarmaq üçün müxtəlif variantlar, müxtəlif layihələr müzakirə edilmişdir. Təəssüf ki, onların heç biri reallaşmadı. Belə olan vəziyyətdə iki qardaş ölkə bütün məsuliyyəti, o cümlədən maliyyə məsuliyyətini öz üzərinə götürmüşdür. TANAP-ın üstünlüyü ondan ibarətdir ki, bu layihəni biz ikimiz icra edəcəyik. Üçüncü tərəflər üçün də bu layihə açıqdır. Yerdə qalan müəyyən faizlər bizim tərəfdaş olan şirkətlərə verilə bilər. Beləliklə, TANAP layihəsinə beynəlxalq status da verilə bilər.
Əsas məsələ Azərbaycan qazını daha da böyük həcmdə Türkiyəyə və Türkiyə ərazisindən Avropa məkanına çatdırmaqdır. Avropa məkanına çatdıqda bu qazın həmin məkana hansı yollarla daxil ediləcəyi artıq texniki və iqtisadi məsələdir. Coğrafiya belə diktə edir ki, bizim qazımız ya Bolqarıstan, ya Yunanıstan ərazisindən Avropaya gedəcəkdir. Hazırda SOCAR və tərəfdaş şirkətlər bütün variantları nəzərdən keçirirlər. Ən məqbul, ən təhlükəsiz və iqtisadi cəhətdən səmərəli varianta üstünlük veriləcəkdir. Amma onu da qeyd etmək istəyirəm ki, hazırda Avropa İttifaqında olan ölkələr bir-biri ilə qaz xətlərini qururlar, yaradırlar. İstənilən nöqtədən Avropaya Azərbaycan qazı daxil olduqda geniş Avropa məkanını əhatə edə bilər. Ümid edirəm ki, 2017-ci ildə bu layihə tamamlana bilər" İlham Əliyev qeyd edib.