...

Prezident İlham Əliyev Hulusi Kılıça "Dostluq" ordenini təqdim edib (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 13 Sentyabr 2012 19:11 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıçı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Prezident İlham Əliyev Hulusi Kılıça "Dostluq" ordenini təqdim edib (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıçı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Səfir Hulusi Kılıç dedi: Həyatımın bundan sonrakı hissəsində də Azərbaycanın bir nümayəndəsi, vətəndaşı kimi işləməyə davam edəcəyəm. Bunu bilməyinizi istəyirəm. Mən buraya, bu Vətənə xidmət üçün gəlmişdim. Bu müddətdə də çox dəstək, kömək gördüm. Dünənki səfər də tarixi bir səfər idi, hörmətli Prezidentim!

Prezident İlham Əliyev: Doğrudan da belədir.

Hulusi Kılıç: Biz Sizə, Mehriban xanıma minnətdarıq.

Prezident İlham Əliyev: Sağ olun. Mən də çox şadam ki, səfər çox gözəl keçdi. Hörmətli Baş nazir Azərbaycanın başqa yerləri ilə də tanış oldu. Bu səfərin təşkilində sizin də böyük səyləriniz olubdur. Ümumiyyətlə, Azərbaycanda çalışdığınız dövrdə iki ölkəni bir-birinə daha da yaxın etmək üçün böyük səylər göstərmisiniz. Biz bunu yüksək qiymətləndiririk. Doğrudan da siz Azərbaycan xalqının dostusunuz. Bura sizin öz vətəninizdir. Əminəm ki, başqa işdə də daim bizimlə əlaqədə olacaqsınız.

Dövlətimizin başçısı Azərbaycan Respublikasının Türkiyə Respublikası ilə dövlətlərarası əlaqələrinin inkişafı və möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Hulusi Kılıçın Azərbaycan Respublikasının yüksək dövlət mükafatlarından olan "Dostluq" ordeni ilə təltif olunduğunu dedi və ordeni ona təqdim etdi.

Hulusi Kılıç: Hörmətli Prezident, bu, mənim üçün həyatımda aldığım ən şərəfli mükafatdır. Buna layiq ola bilmək də həqiqətən həyatımın mükafatıdır. Bundan əlavə, Zati-aliləriniz tərəfindən bunun dəyərləndirilməsi həqiqətən həyatımın 4 il yarımının bir xülasəsidir, qiymətləndirilməsidir. Mən bunun üçün şükranlığımı, təşəkkürlərimi bildirmək istəyirəm, hörmətli Prezidentim!

Prezident İlham Əliyev: Sağ olun. Sizin burada fəaliyyətiniz doğrudan da çoxşaxəli olubdur. Cəmiyyətdə də böyük nüfuz qazana bilmisiniz. Mən bilirəm ki, siz Azərbaycanı nə qədər ürəkdən sevirsiniz. Buna görə sizə gələcək fəaliyyətinizdə də uğurlar arzulayıram. Əminəm ki, gələcək illərdə ölkələrimiz bir-biri ilə daha da sürətlə əməkdaşlıq edəcəklər. Dünən və srağagün hörmətli cənab Baş nazirlə keçirdiyimiz görüşlər bir daha münasibətlərimizin nə qədər dərin olmasına dəlalət edir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Hulusi Kılıçın "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının Türkiyə Respublikası ilə dövlətlərarası əlaqələrinin inkişafı və möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Türkiyə Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç "Dostluq" ordeni ilə təltif edilsin.

Xəbər lenti

Xəbər lenti