...

İsmət Abasov Saatlı rayonundakı ümumtəhsil məktəbinin açılışında iştirak edib

Siyasət Materials 15 Sentyabr 2012 18:28 (UTC +04:00)
Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov 15 sentyabr “Bilik günü” münasibəti ilə Saatlı rayonunun 2 nömrəli ümumtəhsil məktəbinin açılışında iştirak etmişdir.
İsmət Abasov Saatlı rayonundakı ümumtəhsil məktəbinin açılışında iştirak edib

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, E. Əliyev/

Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov 15 sentyabr Bilik günü münasibəti ilə Saatlı rayonunun 2 nömrəli ümumtəhsil məktəbinin açılışında iştirak etmişdir. Bu barədə Trend-ə kənd təsərrüfatı nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İsmət Abasov tədbirdə çıxış edərək yeni tədris ilinin başlanması münasibətilə məktəbli, tələbə və onların valideynlərini təbrik etmiş, onlara uğurlar diləmişdir.

Nazir ölkə rəhbərliyinin elmə və təhsilə göstərdiyi diqqət və qayğını xüsusilə vurğulayaraq qeyd etmişdir ki, Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə "Ən yaxşı ümumtəhsil məktəbi", "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsi və fəxri adların verilməsi, yeni müasir tipli məktəblərin tikilməsi, müasir tədris avadanlıqları ilə komplektləşdirilməsi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bilavasitə rəhbərliyi altında respublikanın bölgələrində müasir tipli məktəblərin, uşaq bağçalarının tikilməsi elmə, biliyə, tədrisə verilən qiymətin təzahürüdür.

Azərbaycan Respublikasının təhsil müəssisələrində təlimin keyfiyyətinin yüksəldilməsinə xidmət edən səmərəli fəaliyyət sisteminin qurulması ilə əlaqədar bu müəssisələrdəki mövcud iş rejiminin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 21 avqust 2004-cü il tarixdə imzaladığı fərmanla 15 sentyabrı "Bilik günü" elan etmişdir. Fərmanın icrası ilə əlaqədar ümumtəhsil məktəblərinin bütövlükdə beşgünlük tədris həftəsinə keçidi təmin olunmuşdur. Ümumi təhsil məktələrinin beşgünlük tədris həftəsinə keçidi əhali arasında rəğbət və ruh yüksəkliyi ilə qarşılanmış, bu proses həm şagirdlərin, həm də valideynlərin sağlam həyat prosesinə öz müsbət təsirini göstərmiş, şagirdlərin dərsləri mənimsəmələrində fəallığını artırmışdır.

Respublikada təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə yeni dərs vəsaitlərinin çap edilərək şagirdlərə çatdırılması, yeni məktəblərin tikilməsi və müasir tələblərə cavab verən məktəblərin təmir edilməsi, onların yeni avadanlıqlarla və tədris vasitələri ilə təmin edilməsi işində böyük iş görülmüşdür.

Azərbaycan Avropanın əksər inkişaf etmiş ölkələrini özündə birləşdirən Boloniya prosesinə 2005-ci ildən qoşulmuş, təhsilin ən müasir beynəlxalq tələblərə uyğun təşkili, milli-ənənəvi və ümumbəşəri dəyərlərin prioritetliyini, dünya təhsil sisteminə inteqrasiyasını təmin etmək məqsədilə 2005-ci ildə "Təhsil haqqında" qanun qəbul edilmişdir.

Tarix boyu elmə, biliyə yiyələnmək və onu tədris etmək şərəfli iş hesab edilmiş və xalqımız bu adət və ənənəyə sadiq qalmışdır.

Nazir İsmət Abasov bir daha "Bilik günü" münasibətilə toplantı iştirakçılarını təbrik etmiş, bu işdə onlara müvəffəqiyyətlər və xoşbəxtlik arzulamışdır.

Çıxış edən müəllim, tələbə və valideynlər təhsilə göstərdiyi diqqət və qayğıya görə cənab prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Xəbər lenti

Xəbər lenti