...

Azərbaycan miqrasiya orqanlarında kiçik xüsusi rütbələr təsis ediləcək

Siyasət Materials 25 Sentyabr 2012 12:12 (UTC +04:00)
Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu, "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"yə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsində nəzərdə tutulub.
Azərbaycan miqrasiya orqanlarında kiçik xüsusi rütbələr təsis ediləcək

Azərbaycan, Bakı, 25 sentyabr /Trend müxbir K.Zərbalıyeva/

Azərbaycan miqrasiya orqanlarında kiçik xüsusi rütbələr təsis ediləcək. Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu, "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"yə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsində nəzərdə tutulub.

Layihədə qeyd olunur ki, miqrasiya orqanlarında işləyən şəxslər arasında qulluq münasibətlərinin tənzimlənməsi və ixtisas keyfiyyətlərinin müəyyən edilməsi məqsədi ilə bu orqanlarda kiçik, orta, böyük və ali xüsusi rütbələr nəzərdə tutulan vəzifələr və xüsusi rütbələr müəyyən olunur.

Orta və böyük xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə qulluğa yalnız ali təhsilli şəxslər, kiçik xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə qulluğa ən azı tam orta və orta ixtisas təhsilli şəxslər qəbul edilir.

Kiçik xüsusi rütbələr nəzərdə tutulan vəzifələrə şəxslər müsahibə əsasında qəbul edilirlər.

İlk dəfə kiçik xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə qulluğa qəbul edilən şəxslər üçün yalnız 3 aylıq sınaq müddəti müəyyən edilir.

Kiçik xüsusi rütbələrə baş miqrasiya xidməti çavuşu, miqrasiya xidməti çavuşu və kiçik miqrasiya xidməti çavuşu aid edilir.

Kiçik xüsusi rütbələrdə olan miqrasiya orqanı işçiləri orta və böyük xüsusi rütbələr nəzərdə tutulan vəzifələrə təyin olunduqda, onlar mövcud rütbədə qulluq müddətindən asılı olmayaraq, həmin vəzifənin ilk rütbəsinə təqdim edilirlər.

Digər bir dəyişikliyə görə, miqrasiya xidməti çavuşu rütbəsində olma müddəti 2 il, kiçik miqrasiya xidməti çavuşu rütbəsində olma müddəti 1 il müəyyən edilir.

Baş miqrasiya xidməti çavuşu xüsusi rütbəsində olma müddəti müəyyən edilmir.

Böyük və orta xüsusi rütbələr müvafiq təqdimatlar əsasında aşağıdakı vəzifəli şəxslər tərəfindən verilir:

Azərbaycan respublikasının müvafiq icra hakimiyyəti orqanının aparatının və tabeliyində olan qurumların işçilərinə müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən, Naxçıvan MR-in müvafiq icra hakimiyyəti orqanının işçilərinə Naxçıvan MR-in müvafiq icra hakimiyyəti orqanı rəhbəri tərəfindən.

Kiçik xüsusi rütbələr Azərbaycan Respublikasının və Naxçıvan MR-in müvafiq icra hakimiyyəti orqanlarının rəhbərləri və ya onların müvafiq səlahiyyətlər verdiyi vəzifəli şəxslər tərəfindən verilir.

Xəbər lenti

Xəbər lenti