...

Trend BİA-da Azərbaycanın beynəlxalq arenada rolu haqqında “dəyirmi masa” keçirilib (FOTO)

Siyasət Materials 22 Oktyabr 2012 12:58 (UTC +04:00)
Trend Beynəlxalq İnformasiya Agentliyində (BİA) Azərbaycanın beynəlxalq arenada roluna, eləcə də aktual qlobal siyasi məsələlərə həsr olunmuş "dəyirmi masa" keçirilib.
Trend BİA-da Azərbaycanın beynəlxalq arenada rolu haqqında “dəyirmi masa” keçirilib (FOTO)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir A.Bədəlova /

Trend Beynəlxalq İnformasiya Agentliyində (BİA) Azərbaycanın beynəlxalq arenada roluna, eləcə də aktual qlobal siyasi məsələlərə həsr olunmuş "dəyirmi masa" keçirilib.

Trend-in məlumatına görə, müzakirələrdə Britaniyanın nüfuzlu "Total Politics" jurnalının baş icraçı redaktoru Şeyn Qrir, Milli Məclisin deputatları Asim Mollazadə və Rasim Musabəyov, Trend BİA-nin İngilis, Ərəb və Fars xəbərlər xidmətlərinin rəhbərləri Aynur Qasımova, Rufiz Hafizoğlu və Dalğa Xatınoğlu, Azernews qəzetinin baş redaktoru Sevil Mikayılova və başqaları iştirak ediblər.

Qririn sözlərinə görə, onun Bakıya hazırki səfəri regionun, eləcə də Azərbaycanın Avropa üçün kəsb etdiyi maraqla bağlıdır.
"Avropanın neftə və qaza böyük həcmdə tələbatı var. Diqqətimizin bərpa olunan enerji mənbələrinə cəmləşməsinə baxmayaraq, bu həcmlərin gələcəkdə yalnız artacağı gözlənilir", - "Total Politics" jurnalının baş icraçı redaktoru bildirib.

Onun sözlərinə görə, Azərbaycan iri neft və qaz istehsalçısıdır və Azərbaycandan Gürcüstana, Türkiyəyə və sonradan Avropaya uzanan qaz kəmərləri də diqqət mərkəzindədir.

"Dəyirmi masa"da müzakirələrin əsas mövzusu Azərbaycanın beynəlxalq arenadakı rolu olub.

Deputat Rasim Musabəyovun sözlərinə görə, bu gün Azərbaycan regionda iri oyunçudur. Bu gün ölkə iqtisadiyyatı bütün Cənubi Qafqaz iqtisadiyyatlarının 75 faizini təşkil edir. 20 il əvvəl bu rəqəm 35-35 faiz olub. Regionun maliyyə aktivlərinin və ixrac potensialının 90 faizi Azərbaycanın payına düşür.

Musabəyovun dediyi kimi, Azərbaycan Qərblə açıq münasibətlərə malik olmaq istəyir.

"Bu gün müasir texnologiya, müasir menecment məhz orada cəmləşib. Bu region Azərbaycan məhsullarının əsas istehlakçısıdır", - millət vəkili deyib.

Deputat Asim Mollazadənin sözlərinə görə, Azərbaycan Şərqlə Qərbin tarixən kəsişdiyi ölkədir. Mollazadə hesab edir ki, Azərbaycanın Avropa üçün vacibliyi təkcə energetika ilə bağlı deyil.

Onun fikrincə, Azərbaycan bu gün Cənubi Qafqaza Qərblə əməkdaşlığın mərkəzinə çevrilmək şansı verən yeni strategiyanın yaranmasında mühüm rol oynayır. Millət vəkili bildirib ki, bu strategiya, həmçinin Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə Avropa arasında birləşdirici halqaya çevrilməsindən ibarətdir.

Mollazadə onu da bildirib ki, indiki zaman bütün tərəflərin maraqlarında olan və uğurlu əməkdaşlıq üçün ən uyğun vaxtdır.

Onun sözlərinə görə, regionun inkişafı yolunda başlıca maneə mövcud münaqişələr, o cümlədən Dağlıq Qarabağ problemidir. Belə şəraitdə Azərbaycan, eləcə də regionun başqa ölkələri öz müstəqilliyinin müdafiəsi, eləcə də Qərbi Avropaya siyasi və iqtisadi inteqrasiya şansı əldə etmək üçün özünün Qərbdəki dostları tərəfdən ciddi siyasi dəstək gözləyir.

Trend BİA-nin İngilis xəbərlər xidmətinin rəhbəri Aynur Qasımova Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolundan danışıb.

"Azərbaycan mühüm enerji və nəqliyyat mərkəzinə çevrilmiş tolerant, dünyaya açıq ölkədir", - o deyib.

Qasımovanın sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması regionun inkişafı üçün maneə törədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti