...

Daxili İşlər Nazirliyi il ərzində Azərbaycanda insan alverinə dair vəziyyəti dəyərləndirib

Siyasət Materials 2 Noyabr 2012 12:26 (UTC +04:00)
Bu il Azərbaycanda 85 insan alveri faktı aşkar edilib, 2 mütəşəkkil dəstə və 6 cinayətkar qrup zərərsizləşdirilib.
Daxili İşlər Nazirliyi il ərzində Azərbaycanda insan alverinə dair vəziyyəti dəyərləndirib

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bu il Azərbaycanda 85 insan alveri faktı aşkar edilib, 2 mütəşəkkil dəstə və 6 cinayətkar qrup zərərsizləşdirilib.

Trend-in məlumatına görə, bu barədə İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin müavini Vilayət Eyvazovun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2012-ci il üzrə hesabatında məlumat verilir.

İnsan alveri ilə məşğul olan 20 nəfər tutulub, onlardan 10-u məhkəmələr tərəfindən 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum olunub.

Beynəlxalq axtarışa verilmiş təqsirləndirilən şəxslərdən 3-nün yeri İnterpol xətti ilə müəyyən olunaraq istintaq orqanlarına təhvil verilib və hazırda 22 nəfərin axtarışı davam etdirilir.

Müəyyən edilmiş 53 qurbandan 19-u Türkiyəyə, 12-si İrana, 2-si Birləşmiş Ərəb Əmirliklərinə, 14-ü Rusiya Federasiyasına aparılıb, 6-sı ölkə daxilində istismara cəlb olunub.

Sığınacağa yerləşdirilmiş 43 qurbanın hər birinə zəruri yardımlar göstərilib. Cinayətlərdən zərər çəkmiş 35 nəfərə birdəfəlik, 18-nə isə Kömək Fondundan müvafiq müavinətlər verilib.

Hesabatda qeyd olunur ki, insan alveri cinayətlərinin profilaktikası çərçivəsində ictimai mənəviyyat əleyhinə olan 115 cinayət aşkarlanaraq 85 nəfər məsuliyyətə cəlb edilib.

Bu hüquqpozmalarla bağlı, barəsində inzibati tənbeh tədbiri görülmüş 450-dək qadının hər biri müvafiq indikatorlar əsasında sorğulara cəlb edilib, lakin onların insan alverinin qurbanı olması təsdiqlənməyib.

Keçirilmiş reydlər zamanı risk qrupuna aid 267 nəfər müəyyən edilərək 89-u insan alverinin qurbanları üçün Yardım Mərkəzinə, Təhsil, Səhiyyə və Ədliyyə nazirliklərinə, digərləri qeyri-hökumət təşkilatlarına istiqamətləndirilib. Potensial qurbanlardan 67-nə tibbi, 151-nə hüquqi, 112-nə psixoloji yardımlar göstərilmiş, 50-si işlə təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti