Azərbaycan, Bakı, 20 noyabr / Trend müxbir T.Cəfərov/
İslahatçılar düşərgəsindən 18 partiyanın nümayəndələri bu gün səhər İranın İslahatçılar düşərgəsinin liderlərindən olan sabiq prezident Məhəmməd Xatəmi ilə görüşüb. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi məlumat verir.
Gələcək prezident seçkilərinə hazırlıq məqsədi ilə keçirilən bu görüşə İranın Demokrat Partiyasının baş katibi və İslahatçıların Xalq Koalisiyasının sədri Mustafa Kavakibian rəhbərlik edib.
İslahatçı partiyalar Məhəmməd Xatəminin gələcək prezident seçkilərində bu düşərgənin lideri kimi namizədliyini irəli sürməsini istəyiblər. Xatəmi isə deyib ki, ölkədə müsbət dəyişikliklərin olmasını gözləyir və vaxtı çatanda prezident seçkilərində namizədliyi ilə bağlı son qərarını açıqlayacaq.
Məlumata əsasən, İslahatçılar düşərgəsinin görüşdə iştirak edən partiya nümayəndələri qərara alıblar ki, Xatəmi namizdəliyini irəli sürməzsə, onlar gələcək prezident seçkilərində yenə də vahid namizədlə iştirak etsinlər.
Məhəmməd Xatəmi İranın islahatçılar düşərgəsindəndir. O, 1997-2005-ci illər ərzində bu ölkənin prezidenti olub. Xatəmi 2009-cu il prezident seçkilərində prezidentliyə namizəd Mir Hüseyn Musəvini dəstəkləyib. Bundan başqa, o, hələ ötən illərdə Prezident Mahmud Əhmədinejadın iqtisadi, daxili və xarici siyasətini tənqid edib.
Xatəmi 2009-cu ildə keçirilən seçkidən sonra başlamış böhranın hələ də davam etdiyini dəfələrlə demiş və gələcək seçkilərdə iştirak etmək üçün ən azından İslahatçılar düşərgəsindən olan həbs edilmiş şəxslərin azadlığa buraxılmasını istəmişdi.
İranda seçkilərdə əsas rəqiblər İslahatçılar və Mühafizəkarlar (Üsulgəralar) düşərgələridir. Lakin İranın müxalifyönlü KİV-lərinin məlumatına əsasən, İslahatçılar düşərgəsindən bəzi partiyalar, qruplar və şəxslər seçkilərdə iştirak etməyəcəklərini bildiriblər.
İranda prezident seçkiləri 2013-cü ilin iyun ayında keçiriləcək.