...

Mübariz Qurbanlı: Müxalifət partiyalarının rəhbərliyində duran şəxslər dialoq sözünü qəsdən istismar edir

Siyasət Materials 28 Noyabr 2012 10:56 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) hesab edir ki, bu gün Azərbaycanda dialoq mühiti movcuddur və kimlərinsə kənardan dialoqa çağırış etməsi qəbuledilməzdir.
Mübariz Qurbanlı: Müxalifət partiyalarının rəhbərliyində duran şəxslər dialoq sözünü qəsdən istismar edir

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir E.Mehdiyev/

Yeni Azərbaycan Partiyası (YAP) hesab edir ki, bu gün Azərbaycanda dialoq mühiti movcuddur və kimlərinsə kənardan dialoqa çağırış etməsi qəbuledilməzdir.

"Fransa, İngiltərə cəmiyyəti üçün dialoq sözü işlənirmi? İşlənmir. Çünki orada dialoq mühiti var. Dialoqa çağırışlar Somali, Eriteriya, Konqo və digər bu kimi ölkələr üçün edilir. Orada vətəndaş qarşıdurması o dərəcədə dərinləşib ki, artıq silahdan istifadə edilir. Azərbaycan isə həm siyasi, həm iqtisadi, həm də sosial mənada azad, demokratik, stabil ölkədir. Belə bir ölkədə kənardan dialoqa çağırış sözü eşidəndə mən onu qəbul etmirəm", - bunu Trend-ə YAP-ın icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib.

Azərbaycanda siyasi partiyalar arasında əlaqələrə gəlincə, Qurbanlı bu əlaqələrin kifayət qədər yüksək olduğunu qeyd edib.

"Milli Məcilisdə təmsil olunan partiyalar bir yerə yığışırlar, məsələlər müzakirə edirlər. Parlamentdən kənarda olan partiyalarla da biz müxtəlif məsələlər barədə həmişə bir araya gəlirik, söhbət edirik. Dialoq nədir? Dialoq odur ki, iki tərəf bir yerdə oturub söhbət edə bilir. Biz həmişə söhbət edirik, ona görə mən deyirəm dialoq mühiti var. Yeni Azərbaycan Partiyası isə bütövlükdə bu mühit içərisində istənilən qüvvə ilə əməkdaşlıq etməyə hazırdır", - YAP icra katibinin müavini bildirib.

O qeyd edib ki, təəsüflər olsun ki, müxalifət partiyalarının rəhbərliyində duran şəxslər dialoq sözünü qəsdən istismar edir.

"Onlara xeyir edir ki, ABŞ-da, İngiltərədə, Fransada - hardasa xaricdə desinlər ki, Azərbaycanda dialoq mühiti yoxdur və bu da Azərbaycana bir təzyiq kimi istifadə olunsun", - Qurbanlı deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti