...

Azərbaycan ilə İspaniya arasında əməkdaşlıq haqqında ikitərəfli saziş imzalanıb

Siyasət Materials 29 Noyabr 2012 19:16 (UTC +04:00)
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti İspaniya Krallığına səfər edib.
Azərbaycan ilə İspaniya arasında əməkdaşlıq haqqında ikitərəfli saziş imzalanıb

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti İspaniya Krallığına səfər edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində İspaniyanın Xarici İşlər və Əməkdaşlıq Nazirliyində xarici məsələlər üzrə dövlət katibi Qonsalo de Benito Sekades ilə siyasi məsləhətləşmələr aparılıb.

Xələf Xələfov iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların və potensialın mövcud olduğunu bildirib. Bu müstəvidə mədəniyyət, təhsil, elm və idman sahələrində əməkdaşlıq, energetika və iqtisadi sahədə münasibətlərin intensivləşdirilməsinin vacibliyi qeyd edilib.

Səfər çərçivəsində tərəflər arasında razılaşdırılmış "Azərbaycan Respublikası ilə İspaniya Krallığı arasında mədəniyyət, təhsil və elm sahəsində əməkdaşlıq haqqında" ikitərəfli sazişin imzalanma mərasimi keçirilib. Xələfov həmin sazişin müvafiq sahələrdə ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə təkan verəcəyinə əminliyini bildirib.

Görüş zamanı, həmçinin qarşıdan gələn ildə həyata keçiriləcək qarşılıqlı rəsmi səfərlərin çərçivəsi müəyyən edilib və imzalanması mümkün olan digər ikitərəfli saziş layihələri müzakirə olunub.

Azərbaycanda həyata keçirilən iri layihələr və həmin layihələrdə İspaniya biznes dairələrinin iştirak etməsi imkanı barədə danışan nazir müavini, bunun ikitərəfli əlaqələrin inkişafı baxımından önəmli olacağını vurğulayıb.

Görüş zamanı, iki ölkənin birgə beynəlxalq və regional maraqları, xüsusilə Cənubi Qafqazdakı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. Bununla əlaqədar, dövlət katibi Qonsalo de Benito Sekades Azərbaycan ilə Avropa İttifaqı arasına əlaqələrin möhkəmləndirilməsində İspaniyanın dəstəyini Xələf Xələfovun diqqətinə çatdırıb.

Səfər çərçivəsində İspaniya Senatında Xarici əlaqələr üzrə komissiyanın prezidenti Alexandro Munyoz-Alonso Ledo ilə Xələf Xələfov arasında görüş keçirilib. Azərbaycan-İspaniya parlamentlərarası münasibətlərinin son vaxtlar inkişafının təqdirəlayiq olması və sadəcə ikitərəfli müstəvidə deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində daha da intensivləşdirilməsi barədə fikir mübadiləsi aparılıb.

İspaniya tərəfi Azərbaycanın onlar üçün böyük maraq kəsb edən ölkə olduğunu qeyd edib, xüsusilə iqtisadi sahədə əməkdaşlıqda maraqlı olduqları bildirilib. İspaniya tərəfi özlərinin də regionda strateji ölkə olan Azərbaycanda səfirliyin açılmasını məqsədəuyğun hesab etdiklərini qeyd ediblər.

Keçirilmiş bütün görüşlər zamanı Xələf Xələfov Azərbaycanın geosiyasi vəziyyəti, Cənubi Qafqaz və Xəzər regionunda yüksələn rolu barədə məlumat verib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin reallıqlarını tərəf müqabillərinin diqqətinə bir daha çatdırıb, münaqişənin həll olunmamasının ümumillikdə regionda sülhə və təhlükəsizliyə təhdid yaratdığını, münaqişənin regionun inkişafına mane olan başlıca amil olduğunu vurğulayıb. İspaniya tərəfi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, münaqişənin həllinə dair ölkəmizin ədalətli mövqeyini dəstəklədiyini təsdiq edib.

Səfər çərçivəsində, həmçinin İspaniyanın Diplomatik Məktəbinin rektoru səfir Xose Luis de la Penya Vela və İspaniya hökumətinin Rəyasət heyətinin Xarici əlaqələr və təhlükəsizlik idarəsinin direktoru İldefonso Kastro ilə də görüşlər keçirilib.

İldefonso Kastro İspaniya hökumətinin regiona olan yüksək marağını və Azərbaycanın aparıcı rolunun Avropa üçün əhəmiyyətini vurğulayıb və ölkəsinin Azərbaycanla hərtərəfli iqtisadi əməkdaşlığın möhkəmlənməsində maraqlı olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti