...

Əli Həsənov: Xəzər ölkələrinin resursları dünyanın enerji ehtiyaclarını təmin etmək gücündədir

Siyasət Materials 6 Dekabr 2012 19:12 (UTC +04:00)
Keçən əsrin sonu və III minilliyin əvvəlində Xəzər dənizi və bu dənizin hövzəsi dünyanın ən önəmli geopolitik, geostrateji və geoiqtisadi bölgələrindən birinə çevrilib.
Əli Həsənov: Xəzər ölkələrinin resursları dünyanın enerji ehtiyaclarını təmin etmək gücündədir

Türkiyə, İstanbul, 6 dekabr /Trend, xüsusi müxbir A.Bədəlova/

Keçən əsrin sonu və III minilliyin əvvəlində Xəzər dənizi və bu dənizin hövzəsi dünyanın ən önəmli geopolitik, geostrateji və geoiqtisadi bölgələrindən birinə çevrilib. Trend-in xüsusi müxbirinin məlumatına görə, bunu cümə axşamı İstanbulda keçirilən Xəzər Forumunda çıxışı zamanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"Xəzər dənizi və bu dənizin hövzəsi dünyanın alternativ enerji mənbələri ilə zəngin və dünyanın yenidən enerji sorağında ayaq açmaq istədiyi bölgələrdən birinə çevrilib. Bilirsiniz ki, 1921-ci ildən başlayaraq Xəzər dənizinə İran və Sovetlər Birliyi istisna olunmaqla, heç bir xarici dövlətin və transmilli şirkətin ayağı dəyməmişdi. Bu bölgənin 86 faizi SSRİ-yə, 14 faizi İrana məxsus idi. İran daha çox bu ərazidə balıqçılıqla məşğul idi. SSRİ ərazisində dənizdə neft və təbii qaz tədarükü ilə yalnız Azərbaycan məşğul idi və digər ölkələr yalnız Xəzər ətrafında yerləşərək öz coğrafiyasında bəlli mədəniyyətləri sürdürməkdə idi", - Həsənov bildirib.

PA rəsmisi deyib ki, Xəzərin yeni dövrü 1994-cü ildən, Heydər Əliyevin ortaya qoyduğu və iradə ilə reallaşdırdığı Azərbaycanın yeni neft strategiyasından başlayır.

Onun sözlərinə görə, coğrafi anlamda Xəzər Avrasiyanın mərkəzidir, dənizin ətrafında yerləşən 5 ölkənin xalqları burada tarix boyu məskunlaşıblar, özlərinin iqtisadi, mədəni yaşamını sürdürürlər və bu ərazi vaxtilə müharibələrin, etnik münaqişələrin mərkəzi olub.

"Birinci dünya müharibəsi zamanı Xəzər bölgəsində Osmanlı imperiyası, Almaniya, Avstriya-Macarıstan imperiyası və Rusiya, digər tərəfdən böyük güclər Xəzər nefti uğrunda, Bakı-Batumi dəmir yolu və Batumidən dünyaya açılan Xəzərin enerjiləri uğrunda ciddi savaş yaşayıblar. Bundan sonrakı dövrdə Sovetlər Birliyi qurulub, möhkəmlənib və əsrin sonuna qədər bu əraziyə sahiblənib. Coğrafi anlamda Xəzər 5 ölkənin məskunlaşdığı və onların xalqlarının məskunlaşdığı, yaşadığı, iqtisadi, siyasi, sosial, mədəni ehtiyaclarını ödədiyi ərazidir. Geosiyasi anlamda Xəzərin ətrafındakı 5 ölkədən dördünün dövlət idarəçilik sistemi təxminən biri-birinə yaxındır - bunlar Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistandır. İran fərqli teotik idarəçilik sisteminə malikdir", - Həsənov deyib.

PA rəsmisi bildirib ki, Xəzər mədəniyyətlərin, sivilizasiyaların kəsişdiyi yerdir. İslamın sərhədləri bitir, xristianlığın sərhədləri başlayır. Buna görə də mədəniyyət anlamında Xəzər ətrafında yaşayan xalqlar dünyəvi, Avropa dəyərlərinə, xristian dünyasının dəyərlərinə sahibdirlər, həm də müsəlmanlıqdan gələn dəyərləri bölüşürlər.

"Xəzər keçən əsrin sonu - bu əsrin əvvəllərindən dünyanın ən önəmli geoiqtisadi bölgələrindən birinə çevrilib. Çünki Xəzər hövzəsi ölkələrinin malik olduğu enerji resursları bugünkü dünyanın ehtiyaclarını dünyanın enerji qaynaqları ilə təmin etmək gücündədir", - Həsənov deyib.

O, bildirib ki, yəni iqtisadi anlamda hazırda bütün dünya Xəzərə göz qoyur.

"SSRİ dağılandan sonra, əlbəttə, əskidən orada bəlli geoiqtisadi üstünlüklərə malik olan dövlət kimsəni ora buraxmaq istəmir. Amma bütün dünya da ora girmək istəyir. Bu qarşıdurmada Xəzərin geoiqtisadi dönəminin ortamı yarandı ki, bu ortamın əsasında Azərbaycan dayandı. Xəzər hərbisiz bölgədir. Baxmayaraq ki, orada Rusiya, Azərbaycan, Türkmənistan, İran bəlli sərhəd sahil güvənlik quruluşları saxlamaqdadır. Amma bütövlükdə Xəzər hərbisiz bir bölgə sayılır", - Həsənov deyib.

Onun sözlərinə görə, geostrateji anlamda da Xəzər bəşəriyyəti təhdid edən və bəşəriyyətin təhlükəsizliyini təmin edən fərqli-fərqli güc mərkəzləri üçün qarşıdurma yeridir.

"Və nəhayət Xəzərdə yeni dönəmin yaranmasının əsası və Azərbaycanın yeni neft siyasətinə toxunmaq istəyirəm. Bildiyiniz kimi, 1994-cü ildə Xəzər dənizinə transmilli şirkətlərin gətirilməsi istəyini ilk olaraq Azərbaycan ortaya qoyub. Azərbaycanın ümummilli lideri Heydər Əliyev 1994-cü ildə bir çox Qərb şirkətləri ilə - bu gün Azərbaycan onların hər biri ilə çalışır - BP, "Ekson" və digər aparıcı dünya şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorunda mövcud olan enerji qaynaqlarının birgə işlənməsi və alternativ yollarla dünya bazarına cıxarılması haqqında bəyanat verdi. Bu bəyanat üzərində Azərbaycan yeni bir siyasətini formalaşdırdı. Xəzər hövzəsində Rusiya və İrandan başqa digər 3 ölkə sərbəst olaraq öz enerji qaynaqlarına sahiblənmək haqqından istifadə edir. Bunun əsasını da Azərbaycan qoydu, iradə ilə bu işdə axıra qədər də gedəcəkdir", - PA rəsmisi əlavə edib.

Onun sözlərinə görə, 1994-1998-ci illərdə bu məsələ ilə bağlı Azərbaycana çox təzyiqlər oldu.

"Tək bu barədə bu gün saatlarla danışmaq olar. Azərbaycana hərbi, siyası, sosial və digər münaqişələr yaşatmağa çalışdılar. Azərbaycanı içəridən parçalamağa çalışdılar. Bizim başımıza elə oyunlar açdılar ki, indiki Azərbaycana baxanda heç təsəvvürünüzə gətirməzsiniz ki, bu dövlət nələr yaşayıb? Biz haqqımıza, enerji ehtiyatlarına sahib çıxdıq. Yaxşı ki, o zaman dünya birliyi - BMT, ABŞ, Avropa İttifaqı və digər böyük dünya gücləri Azərbaycanın haqlı olduğunu birmənalı şəkildə bəyan etdilər, dəstəklədilər. O dövrdə mövcud olan kəmərlər nəinki Azərbaycanın bu gün xaricə çıxardığı neft və təbii qaz ehtiyatlarını, heç onun 1/20-ni nəql etmək gücünə malik deyildi. Azərbaycan o zaman iki neft kəmərinə - Bakı-Novorossiysk (kəmərin ixrac gücü cəmi 5 milyon ton) və Bakı-Supsa kəmərinə malik idi", - Həsənov bildirib.

Onun sözlərinə görə, o zaman yalnız Rusiya ərazisi vasitəsilə Türkmənistandan Azərbaycana qaz gətirən kəmər var idi. Sonra Bakı-Tbilisi-Ceyhan layihəsi ortaya çıxdı. Bu, yeganə layihə deyildi.

"O zaman bu layihə ilə paralel üç-beş layihə müzakirə edilirdi. Layihələrdən biri Bakı-İran-Fars Körfəzi, digəri Bakı-Ermənistan-Ərzurum-Avropa idisə, başqa birisi Bakı-Novorossiysk kəmərinin genişləndirilməsi, o cümlədən digər layihələr - Bakı-Supsa və oradan Qara Dəniz bölgəsi ilə Odessa-Brodıya çıxıb Avropaya getmək idi. Azərbaycan onların içərisindən Bakı-Ceyhanı seçdi. Niyə seçdi, bunu gözəl bilirsiniz. O zaman Azərbaycanın enerji mənbələrinin açarlarını Türkiyə təmsil etdi. Heydər Əliyev o zaman deyirdi ki, biz "bir millət, iki dövlətik" və etibar edə biləcəyimiz ən böyük sərvətimizi Türkiyəyə etibar etdik", - Həsənov deyib.

PA rəsmisi bildirib ki, Azərbaycan faktiki olaraq nəiki öz neftini dünyaya çıxartmaqla dövlətin inkişaf resurslarını qurdu, hətta bölgədə alternativ kəmərlər yaratdı və bu kəmərlərdən bu gün başqa ölkələr də istifadə edir.

"Biz nəinki Azərbaycanın o zaman ehtiyaclarını ödəmək üçün resurslar topladıq, eyni zamanda Türkiyəni dünyanın önəmli enerji mərkəzlərindən birinə çevirdik. Bu gün, təsəvvür edin ki, Türkiyə dünyanın ən önəmli enerji paylayıcı mərkəzlərindən biridir. Təsəvvürünüzə gətirin ki, 40 milyon ton Azərbaycan nefti, 40 milyon ton Qazaxıstan nefti, təqribən 20 milyon ton Türkmənistan nefti, 60-100 milyon ton Rusiya nefti gəlib tankerlərlə İstanbul boğazlarından keçirdi. Allah o günlərdən qorusun ki, o tankerlərdən biri qəza törədərdi. Bakı-Tbilisi-Ceyhan kəmərinin çəkilməsi, həm də Türkiyəni bu bəladan qurtardı. Ona görə də bir dəfə İstanbulda ümummilli liderimizin heykəli önündə dedim ki, "burada dayanmağa tam haqqın var, sən bu İstanbulu böyük qəzalardan qurtarmısan. Atatürk bu İstanbulu türk milləti üçün aldı, qorudu və mühafizə etdi, sən də XXI əsrin neft qəzasından qorudun və bu gün dünyanın gözəl şəhərlərindən biri olaraq yaşamaqda davam etməsinə töhvə verdin". İndi bu anlamda Xəzər sözün həqiqi mənasında Avrasiyanın və bütövlükdə dünyanın ən önəmli regionlarından biridir. Əlbəttə, Xəzər ilk olaraq bizim vətənimizdir, Xəzər ətrafında olan 5 ölkənin xalqlarının vətənidir", - Həsənov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti