Azərbaycan, Bakı, 7 dekabr /Trend/
Azərbaycan deputatı Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) komitə iclaslarında iştirak etmək üçün dekabrın 9-da Fransanın paytaxtı Paris şəhərinə səfər edəcək.
Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qurumun Hüquq məsələləri və insan haqları komitəsinin gündəliyinə təşkilatda monitorinq üzrə ekspertlərin seçki prosesinin təkmilləşdirilməsi, qeyri-üzv ölkələrin Avropa Şurasının qəbul etdiyi konvensiyalarda iştirakı, Avropa İnsan Haqları Məhkəməsinin gələcəyi, həbs cəzasına alternativ variantlar, milli təhlükəsizlik və informasiya əldə etmə məsələləri daxil edilib.
Elm, mədəniyyət və təhsil komitəsinin iclasında mətbuat azadlığının durumu, gənc avropalılar üçün yeni təhsil istiqamətləri, televiziya kanallarında zorakılıq hallarının nümayişi və bunun uşaqlara təsiri, idmanda etik qaydalara riayət olunması, Avropanın sənaye irsi mövzularında müzakirələr aparılacaq.
Millət vəkili hər iki tədbirdə müzakirə olunacaq məsələlər barədə fikirlərini açıqlayacaq, təkliflərini verəcək.