Azərbaycan, Bakı, 7 dekabr /Trend/
Xəzər regionunda təhlükəsizlik məsələlərinin həllinin tapılması, davamlı sülhün və sabitliyin təmin olunması bu regionun siyasi mənzərəsini müəyyən edən mühüm amillərdəndir. Bununla bağlı əsas məsuliyyət ilk növbədə region dövlətlərinin üzərinə düşür. Trend-in məlumatına görə, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov İstanbulda keçirilən Beynəlxalq Xəzər Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bölgənin inkişafı, tərəqqisi naminə bütün dövlətlər üzərilərinə düşən beynəlxalq öhdəliklərini tam və vicdanla yerinə yetirməlidirlər. Bu şərtlə iqtisadi, siyasi və sosial tərəqqi təmin edilə bilər.
"Təəssüflə qeyd etməliyəm ki, bu inkişafa mane olan amillər var. Bu amillərdən ən birincisi və ən əsası regionda mövcud münaqişələrdir. Bu münaqişələr, dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dair BMT-nin Nizamnaməsinin əsas prinsip və normaları daxil olmaqla, dinc, yanaşı yaşama prinsiplərinin pozulması nəticəsində yaranıb", - Xələfov deyib.
Nazir müavini qeyd edib ki, Azərbaycan da belə beynəlxalq qanun pozuntusunun qurbanıdır. 20 ildən artıqdır ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkir, Azərbaycanın 20% ərazisi - Dağlıq Qarabağ və 7 ətraf rayon Ermənistanın xarici havadarlarının köməyi ilə işğal edilib, 1 milyona yaxın həmvətənimiz qaçqın və məcburi köçkün vəziyyətində yaşayır, işğal nəticəsində 30 min azərbaycanlı şəhid olub. BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərarlar bu günədək Ermənistan tərəfindən yerinə yetirilməyib.
"Təəssüflə qeyd etməliyəm ki, beynəlxalq birliyin işğalın indiyə kimi davam etməsinə göz yumması və ATƏT-in ikili standartlar siyasətinin nəticəsidir ki, işğalçı Ermənsitana və işğalın qurbanı olan Azərbaycana eyni müstəvidə və eyni üsulla yanaşma nümayiş etdirilir. Beynəlxalq hüquqda məsuliyyət məsələlərinə bu cür ayrı-seçkilik münasibəti dünya nizamını dağıdan ən təhlükəli təhdiddir. Separatçılığı qızışdırmaq yolu ilə suveren dövlətlərin bütövlüyünü hədəfə almağı siyasi alətə çevirənlər gec-tez öz mənfur fəaliyyətlərinin nəticələri ilə üz-üzə qalacaqlar. Əgər biz həqiqətən Avrasiyada təhlükəsizliyin, sabitliyin bərqərar olunmasını və bütün sahələrdə inkişafa nail olmaq istəyiriksə, beynəlxalq hüquqa riayət olunmalı, işğala tezliklə son qoyulmalıdır", - o deyib.
Xələfov bildirib ki, Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri Xəzər regionunu mehriban qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq, dostluq, sülh və təhlükəsizlik məkanına çevirməkdir: "Buna nail olmaq üçün biz bundan sonra da birgə səyləri davam etdirmək əzmindəyik".