...

Ukraynalı deputat azərbaycanlılardan üzr istədi

Siyasət Materials 13 Dekabr 2012 11:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir M.Əliyev/

Ukrayna Ali Radasının deputatı Fyodor Neqoy ötən həftə səsləndirdiyi fikirlərə görə azərbaycanlılardan üzr istəyib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Ukrayna Azərbaycanlıları Konqresindən bildirilib.

Qeyd edək ki, Ukraynanın Xerson vilayətindən deputat seçilən Fyodor Neqoy ötən həftə çıxışlarının birində bəyan edib ki, "Ukrayna bazarlarında çalışan azərbaycanlılar və gürcülər Ukrayna dövləti üçün xərçəng yarasıdır".

Məsələ ilə bağlı Neqoy UAK-a telefonla müraciət edərək yerli mətbuatın onun sözlərini təhrif etdiyini bildirib. O qeyd edib ki, öz sözünü bir sıra dələduzlara aid edib.

Deputat vurğulayıb ki, azərbaycanlılar dürüst, zəhmətsevər, məsuliyyətli insanlardır. "Mən heç bir halda bu sözləri bütövlükdə azərbaycanlılara ünvanlamamışam. Mənim gözəl dostluq münasibətlərimiz olan azərbaycanlı dostlarım var. Sadəcə bir sıra jurnalistlər səsləndirdiyim sözləri təhrif ediblər", - o deyib.

Neqoy Kiyevdən Xersona qayıdan zaman mətbuat konfransı təşkil edərək bu məsələyə aydınlıq gətirəcəyinə söz verib.

UAK sədri Rövşən Tağıyev bildirib ki, deputat bu məsələ ilə bağlı mətbuat konfransı keçirərək rəsmi üzr istədiyi təqdirdə xoşagəlməz münaqişəyə son qoyulacaq.

Xatırladaq ki, Neqoyun səsləndirdiyi fikirlərlə bağlı UAK ən yüksək səviyyələrdə məsələ qaldırıb, Ukrayna Diplomatik Akademiyasında keçirilmiş konfransda deputatın bəyanatlarına görə onun barəsində parlamentdə ciddi tədbirlərin görülməsini tələb etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti