...

Azərbaycanın ictimai-siyasi təşkilatları "Freedom House"un hesabatına qarşı çıxıblar

Siyasət Materials 13 Dekabr 2012 18:18 (UTC +04:00)
Azərbaycanın ictimai-siyasi təşkilatları "Freedom House" təşkilatının dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatını qərəzli hesab edir.
Azərbaycanın ictimai-siyasi təşkilatları "Freedom House"un hesabatına qarşı çıxıblar

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın ictimai-siyasi təşkilatları "Freedom House" təşkilatının dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatını qərəzli hesab edir.

Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Trend-ə bildirib ki, açıq-aşkar hiss olunur ki, "Freedom House"un hesabatında hədəf Azərbaycandakı vəziyyət, demokratiya, insan hüquqları deyil, Azərbaycanın inkişafıdır.

"Yəni bu adamlar nigarandırlar ki, niyə Azərbaycan inkişaf edir, niyə Azərbaycan müəyyən məsələlər üzrə liderlik əldə edir. Burada ikinci çox vacib bir məqam erməni üslubudur. Yəni çox aydın hiss olunur ki, onların Azərbaycanın inkişafından narahatlığı, bütün sahələrə neqativ münasibət bildirmələri ancaq ermənilərdə olan üslubdur. Ona görə də onlar bu üslubu əsas götürüblər. Həm də mən bu günə qədər görməmişəm ki, "Freedom House" Dağlıq Qarabağın Azərbaycana aid olması barədə fikir bildirsin. Onlar həmişə çalışıblar ki, Dağlıq Qarabağı Azərbaycandan kənarda göstərsinlər", - Əhmədoğlu deyib.

Politoloq bildirib ki, ona görə də "Freedom House" təşkilatı ümumilikdə mahiyyətinə görə Azərbaycanın maraqlarına cavab verməyən, Azərbaycanı sevməyən, Azərbaycana qarşı qərəzli münasibət aparan bir təşkilatdır.

"Təbii ki, Azərbaycanı sevməyənlər var, amma eyni zamanda onlar ermənilərin maraqlarına uyğun, Azərbaycanı sevməyən, Azərbaycana qarşı iş görən təşkilatlardır", - politoloq deyib.

O qeyd edib ki, hazırda Azərbaycanda demokratiyanın, insan hüquqlarının vəziyyəti ilə Avropa dövlətlərindəki demokratiya və insan hüquqlarının vəziyyəti arasında bir o qədər böyük fərq yoxdur.

"Belə olduğu halda "Freedom House" yenə köhnə ab-havada qalırsa, Azərbaycan ilə bağlı fəaliyyətinə gətirdiyi yenilik Azərbaycanın inkişafına qısqanclıqdırsa, buna yalnız ermənipərəst təşkilat demək olar. Yəni "Freedom House"un Azərbaycana baxışı düz deyil, erməniləri qane edən baxışdır", - Əhmədoğlu deyib.

İnsan Hüquqları-XXI əsr Azərbaycan Fondunun rəhbəri Şahin Camalov da "Freedom House"un qeyri-ciddi və qərəzli bir təşkilat olduğunu diqqətə çatdırıb.

Camalov Trend-ə bildirib ki, "Freedom House" və bu kimi digər beynəlxalq qeyri-hökumət təşkilatları tamamilə siyasiləşmiş QHT-lərdir.

"Bunların Azərbaycanla bağlı, ümumiyyətlə, dünyada müxtəlif ölkələrlə bağlı hazırladıqları hesabatların dəfələrlə müxtəlif müstəqil ekspertlər tərəfindən nə dərəcədə qeyri-səmimi, qeyri-ciddi və qərəzli olduğu sübut edilib", - Camalov deyib.

O qeyd edib ki, "Freedom House"un bu tipli, qərəzli və mənbəyi məlum olmayan hesabatları dünyada ekspertlər tərəfindən qiymətli hesabat kimi qəbul olunmur.

Camalov vurğulayıb ki, "Freedom House"un Azərbaycan ilə bağlı göstərdiyi məqamların hər birində hər bir şeyi qara rəngdə təqdim etməsi özü ciddi narazılıq doğuran arqumentdir.

"Hər şeyi qara göstərmək, narazılıq predmetinə çevirmək, Azərbaycanda demokratiyanın olmadığını göstərmək başdan ayağa qərəzli mövqenin olmasını sübut edir və dünya ictimaiyyətini çaşdırmaq niyyəti güdür", - Camalov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti