Azərbaycan, Bakı, 14 dekabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında 2013-cü il üçün ehtiyac meyarının həddi haqqında" qanunun tətbiqi barədə sərəncam imzalayıb.
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2013-cü il üçün ehtiyac meyarının həddi 93 manat məbləğində təsdiq edilib.
Bu qanun 2013-cü il yanvarın 1-dən qüvvəyə minir.
Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Prezidentinin aktlarının "Azərbaycan Respublikasında 2013-cü il üçün ehtiyac meyarının həddi haqqında" qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlamaq və Azərbaycan Prezidentinə təqdim etmək; üç ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etmək və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; həmin qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasında 2013-cü il üçün ehtiyac meyarının həddi haqqında" qanuna uyğunlaşdırılmasını təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.