Azərbaycan, Bakı, 30 dekabr /Trend/
Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbi 1945-ci ildən fəaliyyət göstərərək Azərbaycan təhsilinin inkişafına öz töhfələrini vermiş, Dağlıq Qarabağda azərbaycançılıq ideyalarının, ədəbiyyatımızın, mədəniyyətimizin, adət-ənənələrimizin qorunub saxlanılması və təbliğində, gənc nəsildə yüksək mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynamışdır.
Azərbaycan Prezidenti İlham Əliyev bazar günü məktəbin gələcəkdə də səmərəli fəaliyyətinin təmin edilməsinin zəruriliyini nəzərə alaraq Xankəndi sakinlərinin böyük bir qisminin müvəqqəti məskunlaşdığı Bakı şəhərinin Sabunçu rayonunun Ramana qəsəbəsində Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbi üçün yeni binanın tikintisi haqqında sərəncam imzalayıb.
Sənədə əsasən, Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbi üçün Bakı şəhərinin Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində 300 şagird yerlik yeni binanın tikintisi məqsədi ilə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,2 milyon (iki milyon iki yüz min) manat ayrılır.
Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin edilməsi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələlərin həll edilməsi tapşırılıb.
Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin yeni binası tikiləcək
Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin yeni binası tikiləcək.