Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir A.Tağıyeva/
Suriyalı qaçqınların Türkiyə ərazisində yaşaması üçün ölkə hökuməti 360 milyon dollar vəsait sərf edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Anadolu agentliyinə Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan bildirib.
Nazirin sözlərinə görə, bu gün Türkiyə ərazisində 153 min suriyalı qaçqın var. Onlar ölkənin yeddi vilayətindəki 13 çadır düşərgəsində yerləşdiriliblər.
Türkiyədəki suriyalı qaçqınlar əsasən Şanlıurfa, Hatay və Qaziantep əyalətlərində yerləşdirilib.
Türkiyədən başqa, suriyalı qaçqınlar, həmçinin qonşu ölkələrdə - Livan, İraq və İordaniyadadır.