...

Azərbaycan deputatları AŞ PA-da Kristofer Ştrasserin hesabatına kəskin etiraz bildirmək niyyətindədirlər

Siyasət Materials 16 Yanvar 2013 16:33 (UTC +04:00)
Azərbaycan deputatları Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında Kristofer Ştrasserin "Azərbaycanda siyasi məhbuslar məsələsində atılmalı olan addımlar" adlı hesabatına kəskin etirazlarını bildirəcəklər.
Azərbaycan deputatları AŞ PA-da Kristofer Ştrasserin hesabatına kəskin etiraz bildirmək niyyətindədirlər

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycan deputatları Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında Kristofer Ştrasserin "Azərbaycanda siyasi məhbuslar məsələsində atılmalı olan addımlar" adlı hesabatına kəskin etirazlarını bildirəcəklər. Bu barədə Trend-ə çərşənbə günü Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva bildirib.

O qeyd edib ki, Azərbaycanda heç vaxt olmayan Ştrasserin hesabatı Azərbaycana qarşı şəxsi və qərəzli münasibətin göstəricisidir və onun Avropa Şurasında Azərbaycana qarşı tutduğu mövqe, göstərdiyi münasibət xoşagəlməzdir.

"Avropa Şurasındakı deputatların əksəriyyəti hər şeyi yaxşı başa düşür və bu cür hesabatların arxasında hansısa qüvvə və maraqların dayandığını bilirlər. Azərbaycana gələn hər bir deputat, siyasi xadim buradakı məsələləri dərindən öyrənsə görər ki, cənab Ştrasserin hazırladığı hesabatlar reallığı əks etdirmir", - Fətəliyeva vurğulayıb.

Qeyd edək ki, Kristofer Ştrasserin hesabatı AŞ PA qış sessiyasının 23 yanvar tarixli iclasında müzakirə olunacaq.

AŞ PA-nın yanvarın 21-25-də Strasburqda keçiriləcək qış sessiyasında, həmçinin Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə həsr olunmuş hesabat müzakirə olunacaq.

Fətəliyeva bildirib ki, həmməruzəçilər Pedro Aqramunt və Cozef Debono Qrexin hazırladığı hesabatın həm müsbət, həm də mənfi tərəfləri var: "Azərbaycan deputatları bu məsələdə öz mövqeyini ortaya qoyacaq, rəyini bildirəcək".

Bundan başqa, qurumun qış sessiyasının gündəliyinə AŞ PA-nın prezident və vitse-prezidentlərinin seçilməsi, Kosovoda vəziyyət, Avropa Yenidənqurma və İnkişaf Bankının fəaliyyəti, Avropada azad media ilə bağlı vəziyyət, gender bərabərliyi, əmək miqrantlarının traffikinqi kimi məsələlərin müzakirəsi daxil edilib.

Sessiyada "Gürcüstan və Rusiya: münaqişə zonalarında humanitar vəziyyət" adlı hesabat da dinləniləcək və Gürcüstan Prezidenti Mixail Saakaşvilinin Strasburdakı iclasda iştirak edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti