...

Bakıda türkdilli ölkələrin diаspоr qurumlаrı rəhbərlərinin ilk görüşündə yekun sənəd layihəsi qəbul olunub (FOTO)

Siyasət Materials 24 Yanvar 2013 19:46 (UTC +04:00)
Bakıda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının diaspor məsələrinə cavabdeh dövlət qurumları rəhbərlərinin I toplantısı başa çatıb.
Bakıda türkdilli ölkələrin diаspоr qurumlаrı rəhbərlərinin ilk görüşündə yekun sənəd layihəsi qəbul olunub (FOTO)

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

Bakıda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının diaspor məsələrinə cavabdeh dövlət qurumları rəhbərlərinin I toplantısı başa çatıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, toplantı iştirakçıları yekun sənəd layihəsi ətrafında fikir mübadiləsi aparıblar. Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan nümayəndələr sənəd layihəsinə dair rəy və təkliflərini səsləndiriblər. Müzakirələrdən sonra yekun sənəd layihəsi qəbul olunub. Layihə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasınının baş katibi tərəfindən təsdiq edilib.

Qeyd edək ki, yekun sənəd layihəsində Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv dövlətlərin diaspor məsələlərinə cavabdeh dövlət qurumlarının gələcək əməkdaşlığının əsas istiqamətləri öz əksini tapıb. Sənəd layihəsində türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq strategiyasının müəyyən edilməsi üçün Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının diaspor məsələrinə cavabdeh dövlət qurumlarının mütəxəssislərindən ibarət Təmas Qrupunun yaradılmasına dair müddəa öz əksini tapıb.

Bundan başqa, sənəddə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv dövlətlərin diaspor təşkilatlarının rəhbərlərinin forumunun təşkil edilməsi də nəzərdə tutulub. Forumun Azərbaycanda keçirilməsinə dair təklif də sənəddə öz əksini tapıb. Təmas Qrupunun fəaliyyəti Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Katibliyi tərəfindən koordinasiya olunacaq.

Toplantıda Təmas Qrupunun ilk görüşünün 2013-cü ilin aprel ayında İstanbul şəhərində keçirilməsi qərara alınıb.

Həmçinin, toplantıda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının III sammiti ilə əlaqədar Şuraya üzv dövlətlərin diaspor təşkilatlarının rəhbərlərinin I Forumunun 2013-cü ildə Azərbaycanda keçirilməsi qərara alınıb.

Şuraya üzv dövlətlərin diaspor təşkilatları rəhbərlərinin görüşünün Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv dövlətlərin 3-cü sammitindən öncə müəyyən edilmiş yerdə - 2013-cü ilin may ayında keçirilməsi tövsiyə edilib, Təmas Qrupu tərəfindən hazırlanan hesabat və birgə fəaliyyət planının təsdiqlənməsi üçün Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına təqdim olunması haqqında razılıq əldə olunub.

Tədbirin sonunda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı toplantıya yekun vuraraq bütün iştirakçılara təşəkkürünü bildirib. O, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinə ilk görüşün keçirilməsini təşkil etdiyi və tədbirə ev sahibliyi etdiyi üçün minnətdarlığını ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti