...

Nyu Meksiko ştatının Nümayəndələr Palatası Azərbaycan-ABŞ strateji tərəfdaşlığına dair qətnamə qəbul edib

Siyasət Materials 29 Yanvar 2013 11:26 (UTC +04:00)
ABŞ-ın Nyu Meksiko ştatının Nümayəndələr Palatası plenar iclasında Azərbaycan-ABŞ strateji tərəfdaşlığının önəminə dair qətnamə qəbul edib.
Nyu Meksiko ştatının Nümayəndələr Palatası Azərbaycan-ABŞ strateji tərəfdaşlığına dair qətnamə qəbul edib

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir E.Mehdiyev/

ABŞ-ın Nyu Meksiko ştatının Nümayəndələr Palatası plenar iclasında Azərbaycan-ABŞ strateji tərəfdaşlığının önəminə dair qətnamə qəbul edib.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan Trend-ə daxil olan məlumata görə, millət vəkilləri tərəfindən yekdilliklə qəbul edilən qətnamədə 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycanın son 20 il ərzində öz suverenliyini və müstəqilliyini gücləndirdiyi və bölgənin ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrildiyi bildirilir.

Qeyd olunur ki, 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına seçilməsi ölkənin böyük Yaxın Şərqdə sülhün və təhlükəsizliyin qorunmasında artan rolunun və genişlənən imkanlarının bariz göstəricisidir. Həmçinin Qarabağ və Naxçıvan da daxil olmaqla 33440 kv. mil əraziyə malik Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün ABŞ və BMT tərəfindən tanındığı vurğulanır.

Qətnamədə ABŞ ilə Azərbaycanın vahid dəyərlərə, ümumi maraqlara və baxışlara əsaslanan güclü strateji tərəfdaşlıq münasibətləri qurduqları qeyd olunur. Bildirilir ki, Azərbaycan ABŞ-ın Xəzər dənizi kimi çox önəmli bir bölgədə güclü müttəfiqi və strateji tərəfdaşıdır. Bundan əlavə, 11 sentyabr terror hücumlarından sonra Azərbaycanın ABŞ-a hərtərəfli dəstək verdiyi, Əfqanıstana sülhməramlı qüvvələr göndərdiyi, hər iki ölkənin kütləvi qırğın silahlarının yayılmaması və terrorçuluğa qarşı mübarizə sahəsində uğurla əməkdaşlıq etdiyi bildirilir.

Qətnamədə Azərbaycanın ABŞ-ın və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndirilir. Azərbaycanın qədim etnik və dini tolerantlıq ənənələrinə malik olan dünyəvi ölkə olması xüsusilə vurğulanır. Daha sonra Azərbaycanın Nyu Meksiko ştatı ilə münasibətlərin inkişafına böyük önəm verməsi və ştat paytaxtı Santa Fe şəhərində Azərbaycanın fəxri konsulunun fəaliyyət göstərməsi qeyd olunur. Sonda ABŞ-ın Azərbaycan kimi müttəfiq dövlətlərlə münasibətləri bundan sonra da inkişaf etdirməsinin zəruriliyi vurğulanır.

Qətnamə qəbul edildikdən sonra onun nüsxəsi plenar iclasda iştirak edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim edilib.

Qeyd edək ki, bu, Nyu Meksiko ştatının parlamenti tərəfindən Azərbaycan barədə qəbul edilən ilk qətnamədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti