Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir M.Əliyev/
Azərbaycanın hakim partiyası Türkiyədən Ermənistanla aviareysinin açılması ilə bağlı izahatın verilməsini istəyir.
Trend-in məlumatına görə, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini, icracı katib Əli Əhmədov şənbə günü jurnalistlərə bildirib ki, Van-Yerevan aviareysinin açılması Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması ilə əlaqədar Türkiyənin tutduğu mövqeyə uyğun gəlmir.
"Belə aviresylərin açılması müəyyən narahatlıqlar yaradır. Güman edirik ki, Türkiyə tərəfi bu məsələ ilə bağlı izahat verəcək",-Əhmədov qeyd edib.
O bildirib ki, Azərbaycan torpaqları işğaldan azad olmamış Ermənistanla Türkiyə arasındakı münasibətlərdə yumşalmanın baş verməsini istəmirlər.
"Biz istəməzdik ki, Azərbaycan torpaqları işğaldan azad olmamış Ermənistanla Türkiyə arasındakı münasibətlərdə yumşalma baş versin. Dəfələrlə Türkiyə rəhbərliyi ən yüksək səviyyədə torpaqları işğaldan azad olunmayana qədər Ermənistanla Türkiyə arasındakı münasibətlərdə yumşalma baş verməyəcəyi barədə bəyanatlarla çıxış edib"-Əhmədov əlavə edib.
O, bəyanatlarda səslənən fikirlərin ədalətli mövqe olduğunu vurğulayıb.