Azərbaycan, Bakı, 23 mart /Trend/
İsrail ilə münasibətlərin normallaşdırılması istiqamətində irəli sürülmüş tələblər əsasında 3 il müzakirələr aparılıb. Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu "TRT Haber"in suallarını cavablandırarkən deyib.
Davudoğlu bildirib ki, "Mavi Mərmərə" olayından sonra irəli sürülmüş tələblər ən etibarlı şəkildə gerçəkləşdirilib.
O, əlavə edib ki, son vaxtlar ərzində münasibətlərin normallaşdırılması üçün bir sıra kanallar vasitəsilə mesajlar verilib. "Son günlərdə isə ABŞ-ın dövlət katibi Con Kerri bu məsələdə dəfələrlə müzakirələr aparıb" - deyə Davudoğlu bildirib.
Bu tendensiyanın İsrailin beynəlxalq əlaqələrinin normallaşmasına da təsir göstərdiyini deyən nazir vurğulayıb ki, Türkiyədə heç bir zaman antisemit düşüncə olmayıb.
Davudoğlu bildirib ki, Misir, Qətər liderlərilə əlaqə quran baş nazir Rəcəb Tayyip Ərdoğan daha sonra Barak Obama və Binyamin Netanyahu ilə üçlükdə 20-30 dəqiqəlik telefon danışığı aparıb.
"Üzrxahlıq olmasaydı, bu məsələ bir əsr də sürsəydi bağlanmazdı" - deyən Davudoğlu vurğulayıb ki, nəticədə Türkiyənin tələbləri qarşılanıb.