Azərbaycan, Bakı, 1 may /Trend/
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Qobustan Bağ-Bağat Mərkəzində yaradılmış şəraitlə tanış olmuşdur.
Dövlətimizin başçısı elektromobillə mərkəzin ərazisini gəzdi.
Məlumat verildi ki, paytaxt Bakı ilə yanaşı, ölkəmizin bütün regionlarında beynəlxalq standartlara cavab verən istirahət mərkəzləri və otellər tikilib istifadəyə verilir. Onlardan biri də Qobustan Bağ-Bağat Mərkəzidir. Burada Qobustan sakinlərinin və qonaqların istirahətinin səmərəli təşkili üçün gözəl şərait yaradılmışdır.
Bildirildi ki, iki il əvvəl istifadəyə verilmiş bu mərkəz rayon sakinlərinin və qonaqların mənalı istirahət yerinə çevrilmişdir. Ərazidə üç istirahət meydançası yaradılmış, müxtəlif attraksionlar quraşdırılmışdır. Buradakı iki süni göl istirahətin maraqlı keçməsinə xidmət edir. Zövqlə əkilmiş göz oxşayan ağac və gül kolları mərkəzdə istirahət edənlərdə xoş təəssürat yaradır. Mərkəzdə gecələmək və yaxud istirahət etmək istəyənlər üçün dördmərtəbəli otel tikilir. İnşası başa çatmaqda olan bu otel ən müasir standartlara cavab verəcəkdir.
Qobustan Bağ-Bağat Mərkəzində yaradılmış şəraitdən məmnunluğunu bildirən dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verdi.