...

Pakistanda Heydər Əliyev ongünlüyü çərçivəsində dəyirmi masa keçirilib

Siyasət Materials 3 May 2013 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /Trend/

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı Pakistanda keçirilən Heydər Əliyev ongünlüyü çərçivəsində Regional Tədqiqatlar İnstitutunda "Heydər Əliyev Azərbaycan-Pakistan dostluğunun memarı" mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Regional Tədqiqatlar İnstitutunun (İRS) prezidenti Əşrəf Əzim, institutun aparıcı elmi işçiləri, Azərbaycanın səfiri Daşqın Şikarov, səfirliyin əməkdaşları iştirak etdiblər.

Dəyirmi masada çıxış edən İRS-in prezidenti Əşrəf Əzim qədim tarixə söykənən Pakistan-Azərbaycan münasibətlərindən danışmış, Azərbaycanın 1991-ci ildə dövlət müstəqilliyini qazanmasından dərhal sonra bu əlaqələrin yarandığını və sürətlə inkişaf etdiyini bildirmişdir. Natiq məhz Heydər Əliyevin 1995-ci ildə Pakistanın Prezidenti F.Ə Xan Leqari ilə Bakıda və 1996-ci ildə Pakistan xalqının böyük qızı Benazir Bhutto ilə İslamabadda keçirdiyi görüşlər nəticəsində bu iki dövlət arasında münasibətlərin intensivləşdiyini vurğulamışdır. O qeyd etmişdir ki, həmin görüşlər zamanı imzalanan və həyatın demək olar ki bütün sahələrini əhatə edən mühüm sazişlər hal hazırda əlaqələrimizin hüquqi-normativ bazasını təşkil edir.

Azərbaycanın səfiri Daşqın Şikarov Azərbaycanın ümummilli lideri Heydər Əliyevin keçdiyi çətin, lakin şərəfli həyat yolundan danışmışdır. Bildirmişdir ki, 1993-ci ildə xalqın israrlı tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev qısa bir zamanda ölkədə köklü islahatlar aparmış, dövlət müstəqilliyini qorunub saxlanması və gücləndirilməsi yolunda mühüm addımlar atmışdır. Ulu öndərin Azərbaycan-Pakistan əlaqələrinə verdiyi töhfələrindən danışan səfir diqqətə çatdırmışdır ki, Heydər Əliyevin səyləri nəticəsində ikitərəfli siyasi, diplomatik, iqtisadi, hərbi, təhsil, mədəni, humanitar və digər sahələrdə əməkdaşlıq qurulmuş və genişlənmişdir. Səfir məhz ulu öndərin uzaqgörən siyasəti və xalqlarımızın qarşılıqlı səmimi dostluq münasibəti nəticəsində ölkələrarası əlaqələr ardıcıl olaraq inkişaf edərək strateji səviyyəyə çatdığını qeyd etmişdir.

Tədbirdə çıxış edən ABŞ-ın Pitsburq Universitetinin professoru Aftab Kazi əsasən Pakistan və Azərbaycan arasında mövcud olan qanunvericilik, münasibətlərin genişlənməsi perspektivlərindən danışıb. O, iki ölkə arasında ticarət, hökumətlərarası birgə iqtisadi komissiyasının təşkili, investisiyaların qorunması, hərbi, terrorla birgə mübarizə, maliyyə, təhsil, konsulluq, turizm, humanitar və bir sıra digər sahələrdə dövlətlərarası sazişlərə nəzər salaraq tərəflərin iqtisadi əlaqələrə daha çox önəm verməsinin məqsədəuyğunluğunu ifadə edib. Öz çıxışında Professor Azərbaycanın ümummilli liderinin adını daşıyan və ölkənin birinci xanımı Mehriban Əliyevin rəhbərlik etdiyi fondun fəaliyyətinə də toxunmuş, Heydər Əliyev fondunun Pakistanın bütün əyalətlərində təhsil, səhiyyə və humanitar sahələrində genişmiqyaslı layihələrin həyata keçirtdiyini bildirib.

Daha sonra dəyirmi masanın mövzusu ətrafında tədbir iştirakçıları arasında diskussiyalar başlayıb.

Tədbirin sonunda səfirlik tərəfindən yenidən urdu dilində nəşr edilmiş "Heydər Əliyev-Azərbaycanın Ümummilli Lideri" kitabı tədbir iştirakçısına paylanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti