...

Dünyanın "beyin mərkəzləri" Bakıda toplandı (FOTO)

Siyasət Materials 17 May 2013 11:35 (UTC +04:00)
Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərin Starteji Araşdırmalar mərkəzlərinin beynəlxalq forumu keçirilir. Trend xəbər verir ki, iki gün davam edəcək forumun ümumi mövzusu “Şərq-Qərb Strateji Körpüsü: QDİƏT Regionunda Təhlükəsizlik, İnkişaf və İnteqrasiya”dır.
Dünyanın "beyin mərkəzləri" Bakıda toplandı (FOTO)

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir İ.İzzət/

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərin Starteji Araşdırmalar mərkəzlərinin beynəlxalq forumu keçirilir. Trend xəbər verir ki, iki gün davam edəcək forumun ümumi mövzusu "Şərq-Qərb Strateji Körpüsü: QDİƏT Regionunda Təhlükəsizlik, İnkişaf və İnteqrasiya"dır.

Forumun açılışında çıxış edən Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib ki, hazırda Cənubi Qafqazın iqtisadiyyatının 75 faizi, əhalisinin isə 65 faizi Azərbaycanın payına düşür.

Onun sözlərinə görə, Azərbaycan Qərblə Şərqi birləşdirən əsas nəqliyyat dəhlizidir və onsuz regionda böyük layihələrin həyata keçirilməsi çox çətindir. Aslanovun fikrincə, Azərbaycan nəinki siyasi-iqtisadi, eləcə də dini və mədəniyyətlərarası müzakirələrin də mərkəzinə çevrilməkdədir.

Bundan əlavə, Ermənistanın Cənubi Qafqaz və Qara dəniz hövzəsi ölkələrində separatçı meyllərin olduğu bir məkana çevrildiyini deyən PA-nın şöbə müdiri qeyd edib ki, Ermənistan bölgədə heç də müstəqil dövlət təəssüratı bağışlamır:

"Ermənistan Cənubi Qafqazda xərçəng şişi rolunu oynayan dövlətə çevrilib. Burada narkotik və silahların nəqlinə beynəlxalq aləm tərəfindən nəzarət olunmur. Ona görə də Ermənistanın gec-tez çökəcəyi labüddür. BMT-nin 4 qətnaməsi əsasında Ermənistan silahlı birləşmələrinin Azərbaycanın ərazilərindən çıxarılması təmin olunmalıdır. Biz istərdik ki, Ermənistan bölgədə sülh və sabitliyin yaradılmasında səy göstərən bir dövlətə çevrilsin. Lakin bu baxımdan çətinliklər mövcuddur. Buna baxmayaraq, biz münaqişənin sülh yolu ilə həllinə ümid edirik. Bu olmazsa, Azərbaycanın öz torpaqlarını azad etməsi üçün beynəlxalq hüquqla verilmiş çox böyük imkanları var".

SAM-ın direktoru Fərhad Məmmədov isə çıxışında bildirib ki, 2 gün davam edəcək forumda çox mühüm mövzulara toxunulacaq.

O, regionda mövcud olan vəziyyətə toxunaraq qeyd edib ki, Azərbaycan regionda ən böyük münaqişəyə cəlb olunmuş dövlətdir. Azərbaycanın dünyaya inteqrasiya yolunu tutduğunu deyən Məmmədovun sözlərinə görə, SAM Azərbaycanı bır sıra platformalarda təmsil edir, müxtəlif layihələr həyata keçirir.

Məmmədovun sözlərinə görə, son bir neçə ildə baş verən bir sıra hadisələr Qara dəniz regionunu diqqət mərkəzinə çevirib:

"Avropa İttifaqı və NATO-un Qara dəniz istiqamətində genişlənməsi hər iki institutun bu regiona olan diqqətini artırıb. Regionun malik olduğu təbii resurslar, bu resursların daşınması baxımından və ümumilikdə Avrasiya məkanındakı ticarət yollarının üzərindəki geostrateji mövqeyi onun əhəmiyyətini artırır. Regionun sahib olduğu enerji resurslarına artan tələbat, nəqliyyat dəhlizi kimi əhəmiyyətinin artması bu resursların istismarı və nəqli, eləcə də Asiya və Avropa arasında malların və xidmətlərin nəqli üçün regional infrastruktur layihələrin həyata keçirilməsini zəruri edir. Bu layihələrin reallaşması isə, öz növbəsində böyük həcmdə xarici investisiyaların regiona axını deməkdir. Beləliklə, sadalananların hər biri Qara dəniz regionu ölkələri arasında ikitərəfli və çoxtərəfli siyasi və iqtisadi əməkdaşlığın və regional integrasiyanın təşviqi üçün münbit şərait yaradır".

Onun sözlərinə görə, amma qeyd edilən imkanlarla yanaşı Qara dəniz regionunda inkişafa təhdidlər və bu inkişafı ləngidə biləcək problemlər də mövcuddur:

"Qara dəniz regionunda siyasi və iqtisadi əməkdaşlıq və inteqrasiyanın arzuolunan səviyyəyə çatdırılması üçün regiondakı mövcud münaqişələr, iqtisadi və siyasi sabitsizlik kimi məsələlər öz həllini tapmalıdır".

Forumda Qara Dəniz İqtisadi Əməkdaşlıq təşkilatına üzv dövlətlərin "beyin mərkəzləri"ni təmsil edən yüksək səviyyəli ekspertlər, habelə dövlət və özəl sektor təmsilçiləri Qara dəniz regionunda ikitərəfli və çoxtərəfli münasibətlər, nəqliyyat, enerji, regional layihələr, təhlükəsizlik, siyasi və iqtisadi inteqrasiya kimi mövzuları müzakirə etmək imkanı əldə edəcəklər. Program çərçivəsidə təklif edilən mövzular ümumi və xüsusi sessiyalar və panellərdə müzakirə ediləcək.

Qeyd edək ki, tədbirdə Azərbaycanla yanaşı Moldova, Türkiyə, Yunanıstan, Bolqarıstan, Rumıniya, Kolumbiya, Albaniya, Gürcüstan, Ukrayna, Serbiyanın müxtəlif "beyin mərkəzləri"nin nümayəndələri iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti