...

Prezident İlham Əliyev: Azərbaycanda səhiyyənin inkişafı dövlətimizin sosial yönümlü siyasətinin prioritet istiqamətlərindəndir

Siyasət Materials 17 May 2013 12:54 (UTC +04:00)
Bu gün Bakıda Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş "Bakı Ürək Günləri" III Beynəlxalq Konqres öz işinə başlayıb. Trend-in məlumatına görə, tədbirdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təbrik məktubu oxunub.
Prezident İlham Əliyev: Azərbaycanda səhiyyənin inkişafı dövlətimizin sosial yönümlü siyasətinin prioritet istiqamətlərindəndir

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir İ.İsabalayeva/

Bu gün Bakıda ümumilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş "Bakı Ürək Günləri" III Beynəlxalq Konqres öz işinə başlayıb. Trend-in məlumatına görə, tədbirdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təbrik məktubu oxunub.

Məktubda kardiologiya və ürək-damar cərrahiyyəsinin aktual problemlərinin müzakirəsinin ölkəmizdə təbabətin inkişafına öz töhfəsini verəcəyi xüsusilə qeyd edilib:

"Sizi, Bakı Ürək Günləri 3-cü Beynəlxalq Konqresinin iştirakçılarını Bakı şəhərində salamlayıram. Əminəm ki, kardiologiya və ürək-damar cərrahiyyəsinin aktual problemlərinin müzakirəsi ölkəmizdə təbabətin inkişafına öz töhfəsini verəcək. Bu beynəlxalq konqres artıq ənənəvi şəkil alıb. Builki konqresin ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunması dərin rəmzi məna daşıyır. Heydər Əliyev ölkəmizin səhiyyə sisteminin daim təkmilləşməsi və ən yeni standartlara uyğun qurulması sahəsində müstəsna xidmətlər göstərib. Bu istiqamətdə aparılmış işlərin davamı olaraq respublikamızda səhiyyənin inkişafı bu gün də dövlətimizin sosial yönümlü siyasətinin prioritet istiqamətlərindəndir".

Məktubda daha sonra qeyd edilib ki, Azərbaycanın müxtəlif regionlarında müasir diaqnostika mərkəzləri və müxtəlif şəfa ocaqları istifadəyə verilib, mövcud klinikalar əsaslı təmir olunaraq qabaqcıl texnologiyalara əsaslanan tibbi avadanlıqlarla təchiz edilib:

"Gerçəkləşdirilən proqramlarda ürək-damar xəstəliklərinin müalicəsi və bu sahədə yüksəkixtisaslı gənc kadrların hazırlanması xüsusi yer tutur. Ümidvaram ki, böyük elmi və elmi-praktiki əhəmiyyətə malik bu konqres azərbaycanlı mütəxəssislərin öz xarici həmkarları ilə əlaqələrini daha da möhkəmləndirəcək və ümumilikdə tibb elminin inkişafına xidmət edəcək".

Qeyd edək ki, konqresdə 38 ölkədən 100-ə yaxın kardioloq və kardiocərrah iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti