...

Şərqi Avropa və Ukraynada təhsil alan azərbaycanlı gənclər İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyən bəyanat qəbul ediblər (FOTO)

Siyasət Materials 21 May 2013 16:41 (UTC +04:00)
Şərqi Avropa və Ukraynada təhsil alan azərbaycanlı gənclər qarşıdan gələn prezident seçkilərində İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyən bəyanat qəbul ediblər.
Şərqi Avropa və Ukraynada təhsil alan azərbaycanlı gənclər İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyən bəyanat qəbul ediblər (FOTO)

Ukrayna, Odessa, 21 may /Trend, müxbir E.Hüseynli/

Şərqi Avropa və Ukraynada təhsil alan azərbaycanlı gənclər qarşıdan gələn prezident seçkilərində İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyən bəyanat qəbul ediblər. Trend-in məlumatına görə, bu barədə bəyanat mayın 21-də Odessa şəhərində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) Ukraynada yaşayan və təhsil alan azərbaycanlı gənclərin 3-cü forumunun sonunda qəbul edilib.

Bəyanatı səsləndirən UAGB-nin sədri Anar Tahirov bildirib ki, Şərqi Avropa və Ukraynada təhsil alan 350-dən çox azərbaycanlı gəncin qatıldığı forum iştirakçıları bütün bunları nəzərə alaraq dövlət başçısının apardığı daxili və xarici siyasəti alqışlayır, qarşıdan gələn prezident seçkilərində birmənalı olaraq İlham Əliyevin namizədliyini dəstəklədiyini bəyan edirlər: "Əminik ki, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövləti növbəti beş ildə də böyük inkişaf yolu keçərək dünyanın ən qüdrətli ölkələri sırasında mövqeyini mökəmləndirəcək, xalqımızın rifah halının yüksəldilməsi istiqamətində mühüm uğurlara imza atacaq".

Bəyanatda daha sonra qeyd olunub ki, Ukraynada yaşayan və təhsil alan azərbaycanlı gənclər müstəqil Azərbaycan dövlətinə xidmət etməyi özlərinə ən ümdə vətəndaş borcu hesab edirlər: "Vətənimizin sıravi əsgərləri tək cənab Prezident İlham Əliyevin əmrinə müntəzir olaraq istənilən zaman silaha sarılıb işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etməyə hazır olduqlarını bildirirlər. Minlərlə azərbaycanlı gənci ətrafında birləşdirən UAGB-nin hər bir üzvü cənab Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın inkişaf edərək beynəlxalq arenada böyük nüfuz sahibinə çevrilməsindən qürur duyur. Son 10 ildə ölkəmizdə həyata keçirilən qlobal iqtisadi layihələr, regionların uğurlu inkişaf proqramı, xalqımızın sosial rifah halının bir neçə dəfə yaxşılaşdırılması, yaşadığımız və təhsil aldığımız Ukrayna ilə Azərbaycan arasındakı iqtisadi-siyasi, elmi-mədəni əlaqələrin dinamik inkişafı hər birimizdə böyük ruh yüksəkliyi yaradıb".

Qeyd edək ki, ASAİF-in təşkilatçılığı ilə iki gün davam edən "Reallaşan ideyalar" devizli forumda müxtəlif mövzularda panel çıxışlar olub.

Xatırladaq ki, Ukrayna Azərbaycanlı Gənclər Birliyi 2010-ci il aprelin 24-də Ukraynanın Dnepropetrovsk şəhərində keçirilən Ukraynada yaşayan və təhsil alan azərbaycanlı gənclərin 1-ci forumunda təsis olunub. UAGB ötən dövr ərzində təşkilatlanaraq bu ölkədə yaşayan və təhsil alan azərbaycanlı gəncləri vahid mərkəz ətrafında birləşdirməyə nail olub. Hazırda sözügedən qurumun Ukraynanın 20 vilayətində regional təşkilatı fəaliyyət göstərir. Hazırda Ukraynanın müxtəlif ali təhsil ocaqlarında 6 mindən çox azərbaycanlı gənc təhsil alır.

ARDNŞ-nin Ukraynadakı nümayəndəliyinin maliyyə dəstəyi ilə keçirilən forumda Avropanın 15 ölkəsindən 350-dən çox gənc iştirak edib.

UAGB-nin Odessa forumunda Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Təşkilat Komitəsinin, Azərbaycanın Ukraynadakı səfirliyinin, ARDNŞ-nin Ukrayna nümayəndəliyinin birgə qərarına əsasən, UAGB-nin 4-cü forumu Ukraynanın tarixi Lvov şəhərində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti