...

Azərbaycanın daxili işlər naziri Avropa Şurasının insan hüquqları üzrə komissarı ilə görüşüb

Siyasət Materials 23 May 2013 20:48 (UTC +04:00)
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov cümə axşamı ölkəmizdə səfərdə olan Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujnieksi qəbul edib.
Azərbaycanın daxili işlər naziri Avropa Şurasının insan hüquqları üzrə komissarı ilə görüşüb

Azərbaycan, Bakı, 23 may /Trend/

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov cümə axşamı ölkəmizdə səfərdə olan Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujnieksi qəbul edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonağı salamlayan nazir müstəqilliyini əldə etdikdən sonra respublikamızın beynəlxalq birliyin tamhüquqlu üzvü kimi dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu yolunu seçdiyini, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi işinin dövlət siyasətinin prioritet istiqamətinə çevrildiyini xatırladıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" iki sərəncamından irəli gələn vəzifələrin tam yerinə yetirilməsi məqsədilə Daxili İşlər Nazirliyində xüsusi Tədbirlər planlarının hazırlanaraq icraya yönəldiyini vurğulayıb.

Daxili İşlər Nazirliyi ilə Avropa Şurası arasında sıx və işgüzar əməkdaşlıq əlaqələrinin yaradılmasından danışan nazir qeyd edib ki, bu əlaqələr çərçivəsində insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində görülən işlər və həyata keçirilən tədbirlər xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz hələ Avropa Şurasının üzvü olmamışdan əvvəl, ötən əsrin 90-cı illərinin ikinci yarısında Avropanın qabaqcıl ölkələrindən olan ekspertlərin yaxından iştirakı ilə polis fəaliyyətinin hüquqi əsaslarını müəyyən edən, demokratik dəyərlərə söykənən bir sıra normativ aktlar və yeni qanunlar qəbul edilib, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması ön plana çəkilib, Avropa Şurasının ekspertləri tərəfindən "Azərbaycan Respublikasında polis kadrlarının hazırlanmasının qiymətləndirilməsi" mövzusunda hazırlanmış məruzə-hesabata əsasən təqdim edilmiş tövsiyələr nəzərə alınaraq, insan hüquqlarının qorunması ilə bağlı qanunvericiliyin və beynəlxalq hüquqi aktların müddəalarının daha dərindən öyrənilməsi məqsədilə Polis Akademiyasında "İnsan hüquqları" üzrə xüsusi kurs təşkil olunub, eyni məqsədlə ingilis dilinin tədrisi daha da genişləndirilib.

Bununla yanaşı, "Polis etikası haqqında Avropa Məcəlləsi"ndə təsbit olunmuş prinsiplər və Avropa Şurasının ekspertlərinin fəal iştirakı və tövsiyələri əsasında "Daxili işlər orqanları əməkdaşlarının etik-davranış Kodeksi" hazırlanıb. Daxili işlər orqanları əməkdaşlarının peşəkarlığının, dünyagörüşünün artırılması, beynəlxalq təcrübədən bəhrələnməsi istiqamətində görülən işlər məqsədyönlü və sistemli şəkildə həyata keçirilir. Onlar müxtəlif ölkələrə, o cümlədən Amerika Birləşmiş Ştatlarına və Avropa dövlətlərinə təlimlər keçməyə göndərilir, təcrübəli beynəlxalq ekspertlərin iştirakı ilə ölkəmizdə seminarlar, treninqlər, kurslar təşkil olunur. Yalnız insan hüquqları üzrə ölkəmizdə və xarici dövlətlərdə keçirilən tədbirlərdə son 4 ildə DİN-in 1500-ə yaxın əməkdaşı iştirak edib. Avropa Şurası ilə, habelə digər beynəlxalq təşkilatlarla sıx qarşılıqlı əməkdaşlıq əlaqələri qurulub, aparılan birgə işlərin məntiqi nəticəsi olaraq, insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunması üzrə Xüsusi Tədris Proqramı hazırlanıb.

Daxili işlər naziri ictimaiyyətlə əlaqələrin genişləndirilməsi işinin səmərəli təşkili, polis-cəmiyyət, polis-vətəndaş münasibətlərinin etibarlı qurulması və hüquq qaydasının təmin olunmasında vətəndaşların könüllü köməyindən istifadə edilməsi məqsədilə, ATƏT-in Bakı ofisinin təşəbbüsü və dəstəyi ilə 2008-ci ilin yanvar ayından respublikanın bir sıra şəhər və rayon polis orqanlarında "Cəmiyyət dəstəkli polis" layihəsinin həyata keçirildiyini, beynəlxalq təcrübəyə əsaslanaraq ölkə qanunvericiliyində müvafiq dəyişiklik edildiyini və "sahə rəisi" institutunun təsis olunduğunu məmnunluqla vurğulayıb. Qeyd olunub ki, hazırda hər bir inzibati sahədə cəmiyyətin fəal təbəqəsini təmsil edən "İctimai şura"lar fəaliyyət göstərir. Sakinlərlə görüşlərin keçirilməsi, təbliğat-maarifləndirmə işlərinin gücləndirilməsi, vətəndaşların müraciətlərinə vaxtında baxılması onların polisə olan inamını daha da artırıb. Artıq 5 ildir ki, nazirliyin rəhbərliyi və şəxsən nazir tərəfindən Bakı şəhərində və respublikanın ayrı-ayrı şəhər və rayonlarında vətəndaşların qəbulu həyata keçirilir. Polisin fəaliyyətinə aid olan bütün müraciətlər xüsusi nəzarətə götürülərək həll olunur.

Müasir dövrdə kütləvi informasiya vasitələrinin cəmiyyətin həyatında böyük və mühüm rolu olduğunu xatırladan nazir bu məqsədlə rəhbərlik etdiyi qurum tərəfindən ictimai təhlükəsizliyin təmin edilməsində vətəndaş cəmiyyəti ilə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, kütləvi informasiya vasitələrinin nümayəndələri ilə əməkdaşlığın genişləndirilməsi, hüquqi-maarifləndirmə işinin gücləndirilməsi yönümündə də zəruri işlər görüldüyünü bildirib.

İnsan və vətəndaş hüquqlarını ən ciddi şəkildə pozan amillər barədə danışan Ramil Usubov onlardan biri kimi insan alveri, xüsusilə qadın və uşaq alveri cinayətini göstərib, bu növ hüquqazidd əməllərə qarşı mübarizənin gücləndirildiyini, müvafiq beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirildiyini, qurbanların müdafiəsi və onlara yardım göstərilməsi üzrə mexanizmlərin inkişaf etdirildiyini də diqqətə çatdırıb.

Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujnieks ətraflı məlumata görə təşəkkür edərək, Azərbaycan hökuməti, o cümlədən Daxili İşlər Nazirliyi ilə əməkdaşlığı yüksək qiymətləndirdiyini, səfərdə əsas məqsədinin insan və vətəndaş hüquq və azadlıqlarının təmini sahəsində ölkəmizə hərtərəfli yardım göstərmək və bu prosesə dəstək vermək olduğunu xatırladıb, Avropa Şurasının təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən demokratik islahatlar prosesində polis orqanlarının bundan sonra da fəal iştirak edəcəyinə əmin olduğunu bildirib.

Səmimilik şəraitində keçən görüşdə bir sıra digər məsələlər də müzakirə olunub, daxili işlər naziri Avropa Şurasının insan hüquqları üzrə komissarını maraqlandıran sualları ətraflı cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti