Azərbaycan, Bakı, 24 may /Trend/
Türkiyə Avropa İttifaqına çox şey qazandıra bilər. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqının prezidenti Herman van Rompey ilə birgə təşkil etdiyi mətbuat konfransında bildirib.
Rompeyin prezident kimi Türkiyəyə ilk dəfə rəsmi səfər etdiyini deyən Ərdoğan bu səfərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb: "Avropa İttifaqında mövcud vəziyyəti, ikitərəfli münasibətləri müzakirə etdik. Həmçinin viza məsələsi və "Nabukko" layihəsi ilə bağlı fikir mübadiləsi apardıq".
Baş nazirin sözlərinə görə, Türkiyə Aİ-yə hər nə qədər öz mənfəəti üçün üzv olmağı düşünürsə, eyni şəkildə də bunu Avropa İttifaqına verəcəyi fayda baxımından düşünür: "Yəni Türkiyə yük olmağa deyil, eyni zamanda, yükü azaltmağa gəlir".
Ərdoğan qeyd edib ki, 76 milyon əhalisi və hazırkı iqtisadi vəziyyəti ilə çox fərqli həll yolları təqdim edə bilən Türkiyə Avropa İttifaqına çox şey qazandıra bilər.
Herman van Rompey bildirib: "Türkiyə 2004-cü ildən etibarən Aİ-nin zirvə görüşlərinə dəvət edilmir. 2004-cü ildən bəri davam edən bu münasibəti dəyişdirməliyik".
Rompey Baş nazirin yaxın zamanlarda Brüsselə səfər edəcəyinə ümid etdiyini söyləyib.