...

Serbiyada Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 95-ci ildönümü qeyd edilib (FOTO)

Siyasət Materials 29 May 2013 16:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may /Trend/

Serbiyanın paytaxtı Belqrad şəhərində Azərbaycanın Milli bayramı - Respublika Gününə həsr olunmuş rəsmi qəbul keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Serbiya Respublikasının Prezidenti cənab Tomislav Nikoliç və xanımı Draqitsa Nikoliç, Baş nazirin müavini, Daxili və Xarici Ticarət və Telekommunikasiya Naziri Rasim Lyayiç, Tikinti və Urbanizasiya naziri Velimir İliç, digər yüksək rütbəli dövlət və hökumət rəsmiləri, millət vəkilləri, siyasi partiyaların rəhbərləri, xristian və müsəlman din xadimləri, ictimai və qeyri-hökumət təşkilatlarının, Belqrad şəhərində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Belqradda fəaliyyət göstərən Serbiya-Azərbaycan ticarət-iqtisadi Palatasının və Balkan ölkələri üzrə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi və üzvləri, Serbiyada yaşayan, çalışan və təhsil alan azərbaycanlılar iştirak etmişlər.

Təntənəli tədbirdə Serbiya və Azərbaycan dövlət himnləri səsləndirildikdən sonra çıxış edən Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Eldar Həsənov 95 il bundan əvvəl, 28 may 1918-ci ildə tarixi "istiqlal bəyannamə"sinin qəbul edilməsi ilə Şərqdə, bütün müsəlman dünyasında ilk parlamentli demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından və onun tarixindən bəhs edərək, tədbir iştirakçılarına Azərbaycan xalqının uzun illər apardığı milli azadlıq mübarizəsi və SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində 1991-ci il oktyabrın 18-də "Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı"nın qəbul edilməsi ilə Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpa edildiyi barədə məlumat vermiş, bu günün Azərbaycanın dövlətçilik tarixində ən parlaq və unudulmaz tarixi günlərindən biri olduğunu və müstəqil Azərbaycanın 1918-1920-ci illərdə müsəlman Şərqində ilk dünyəvi, hüquqi və demokratik dövlət olan Azərbaycan Demokratik Respublikasının hüquqi varisi olduğunu vurğulamışdır. O, dövlət müstəqilliyinin yenidən bərpasından sonra Azərbaycan Respublikasının əldə etdiyi uğurlardan danışaraq, bu dövr ərzində Azərbaycan xalqının ümummilli lideri, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycanın müasir tarixində, müstəqil dövlətçiliyimizin möhkəmlənməsində misilsiz rolundan, onun milli mənafeyə söykənən siyasi kursu və dövlət strategiyasının bugünkü bəhrələrindən bəhs etmiş, bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu müstəqil siyasətin uğurla davam etdirildiyini vurğulamışdır.

Ölkəmizin iqtisadi sahədə əldə etdiyi uğurlara toxunan Səfir, Azərbaycanda irimiqyaslı enerji və nəqliyyat layihələrin reallaşdırılması barədə məlumat vermiş, hazırda Azərbaycan iqtisadiyyatının Cənubi Qafqaz ölkələri iqtisadiyyatının 2/3 hissəsini təşkil etdiyini, ölkəmizin regionda lider dövlətə çevrildiyini konkret rəqəm və faktlarla xüsusi vurğulamışdır.

Səfir diqqəti ölkəmizin əldə etdiyi uğurlarla yanaşı, tarixi Azərbaycan torpaqları olan ərazilərimizin - Dağlıq Qarabağın və onun ətrafındakı 7 rayonun Ermənistan dövləti tərəfindən işğalı kimi ağrılı probleminə cəlb edərək, münaqişə ilə bağlı BMT TŞ-nın qəbul etdiyi dörd qətnaməyə hələ də məhəl qoyulmadığını xüsusi vurğulamış, Azərbaycan dövlətinin münaqişənin ATƏT-in Minsk Qrupu çərçivəsində sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirdiyini bildirmiş, BMT, ATƏT, Avropa Birliyi, Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatlar və dünya birliyinin təcavüzkarın öz əməllərindən geri çəkilməsi üçün fəaliyyətini intensivləşdirəcəyinə və təsirli tədbirlər görəcəyinə ümidini ifadə etmişdir.

Daha sonra Azərbaycan və Serbiya arasında təşəkkül tapmış hərtərəfli əlaqələrə toxunan Səfir, Azərbaycan-Serbiya münasibətlərinin dinamik şəkildə, yüksələn xətlə inkişaf edərək, qısa müddət ərzində, strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulamış, əlaqələrin bu səviyyəyə yüksəlməsində iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərinin böyük rol oynadığını qeyd etmiş, Serbiya Respublikasının Prezidenti cənab Tomislav Nikoliçin 2013-cü ilin 7-9 fevral tarixlərində Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə iki ölkə arasında "Dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə"ni imzaladığını diqqətə çatdırmışdır. Səfir ölkələrimizin beynəlxalq miqyasda bir-birilərinin ərazi bütövlüklərini tanıdıqlarını, sərhədlərinin toxunulmazlığını və suveren hüquqlarını qarşılıqlı olaraq tam dəstəklədiklərini bildirmiş, Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyinin hərtərəfli fəaliyyətinə göstərdiyi qayğı və hər cür dəstəyə görə Serbiya dövlətinə, hökumətinə, onun qurumlarına və nümayəndələrinə minnətdarlığını bildirmişdir.

Tədbir çərçivəsində həmçinin Azərbaycan Respublikasının Serbiyadakı Səfirliyinin və Balkanlarda yaşayan həmvətənlərimizin təşəbbüsü ilə bu günlərdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan xalqının həmişə qürur duyduğu tanınmış yazıçı Elçin Əfəndiyevin serb dilinə tərcümə olunaraq Belqrad şəhərində nəşr etdirilmiş "Ölüm hökmü" kitabının təqdimat mərasimi keçirilmişdir.

Azərbaycan Respublikası Baş nazirinin müavini, yazıçı Elçin Əfəndiyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını Serbiya Respublikasının Prezidenti cənab Tomislav Nikoliçə və serb xalqına çatdırmış, ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin təşəkkül tapmasından məmnunluğunu ifadə edərək, ölkəmizin Serbiya ilə əlaqələrə xüsusi önəm verdiyini vurğulamışdır. O, Azərbaycan Xalq Cumhuriyyətinin tarixindən, xalqımızın azadlıq mübarizəsindən və müstəqil dövlətimizin əldə etdiyi uğurlardan bəhs etmiş, bu uğurların əldə edilməsində ümummilli lider Heydər Əliyev strategiyasının uzaqgörənliyindən və Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu siyasətdən danışmıdır. Elçin Əfəndiyev bu bayram gününün şəxsən ozünə ikiqat sevinc bəxş etdiyini söyləyərək, müəllifi olduğu "Ölüm hökmü" kitabının serb dilində nəşrinin ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına töhfə verəcəyini bildirmişdir.

Tədbirdə Serbiya Respublikasının Prezidenti cənab Tomislav Nikoliç çıxış edərək, Azərbaycan xalqını və dövlətini 28 May - Respublikas Günü münasibəti ilə təbrik edərək, Serbiya dövləti və rəhbərliyinin Azərbaycanla münasibətlərə müstəsna önəm verdiyini, dövlət başçılarının qarşılıqlı səfərlərinin ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsinə zəmin yaratdığını, Azərbaycanla Serbiya arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi və mümkün olduqca daha geniş sahələri əhatə etmək üçün qarşılıqlı istəyin mövcudluğunu vurğulamış və ölkələrimiz arasında əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əmin olduğunu bildirmişdir. O, Azərbaycana rəsmi səfəri zamanı ölkərimiz arasında "Dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə"ni şəxsən imzaladığından qürur duyduğunu vurğulamışdır.

Tədbir çərçivəsində keçirilmiş Azərbaycan Respublikası Baş nazirinin müavini, yazıçı Elçin Əfəndiyevin "Ölüm hökmü" kitabının təqdimatı ilə əlaqədar Serbiyanın tanınmış yazıçısı, ədəbiyyat tənqidçisi Yasmina Mixayloviç və Belqrad Universitetinin professoru, ədəbiyyatşünas Predraq Petroviç əsər haqqında öz təəssüratlarını iştirakşılarla bölüşmüşlər.

Tədbir Azərbaycanın tarixi, mədəniyyəti, ölkəmizin gündəlik həyatını, müstəqilliyin bərpasından sonra əldə edilmiş uğurları əks etdirən film və serb musiqiçilərinin ifasında milli musiqimizin müşayiəti ilə davam etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti