Azərbaycan, Bakı, 30 may /Trend/
Mayın 31-də Minskdə MDB Hökumət Başçıları Şurasının iclası keçiriləcək. Trend-in cümə axşamı "Qolos Rossiya"ya istinadən verdiyi məlumata görə, MDB dövlətlərinin nümayəndə heyətləri bu gün Minskə gəlməyə başlayacaqlar.
Görüşdə 6 ölkənin - Belarus, Rusiya, Qazaxıstan, Ukrayna, Ermənistan və Tacikistanın Baş nazirləri iştirak edəcəklər.
İclasda Özbəkistan, Qırğızıstan, Azərbaycanın Baş nazir müavini səviyyəsində təmsil olunacağı gözlənilir. Türkmənistan nümayəndə heyətinə Nazirlər Kabinetinin sədr müavini, Moldova nümayəndə heyətinə isə xarici işlər və Avropa inteqrasiyası nazirinin müavini rəhbərlik edəcək.
Şuranın iclasında iştirak edəcək nümayəndə heyətləri rəhbərlərinin Belarus Prezidenti Aleksandr Lukaşenko tərəfindən qəbul ediləcəyi gözlənilir.
Şuranın Özbəkistanın MDB çərçivəsində azad ticarət zonasına daxil olması haqqında müqaviləyə qoşulmasına dair protokolu bəyənəcəyi proqnozlaşdırılır.